26 dekabr 2023-cü il tarixində Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənisan Baş naziri Nikol Paşinyan da tədbirdə iştirak edib. Sankt Peterburqdakı görüşün nəticələrini necə səciyyələndirmək olar?
Mövzu ilə bağlı KONKRET.az-ın suallarını siyasi şərhçi Tural Əliyev cavablandırıb. Bildirib ki, MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə Ermənistan Baş nazirinin iştirak edib-etməyəcəyi ilə bağlı dekabr ayında müxtəlif müzakirələr aparılırdı. “Lakin gözlənilirdi ki, Paşinyan bu görüşdə iştirak edəcək. Çünki bu, təkcə MDB ölkə başçılarının görüşü deyil, həmçinin, Avrasiya İqtisadi İttifaqı çərçivəsində də tədbir var idi. Ermənistan hökumət başçısı bu görüşdəki iştirakını belə əsaslandırıb ki, bura siyasi yox, iqtisadi platformadır”.
Tural Əliyevin fikrincə, Paşinyanın sözlərindən belə nəticəyə gəlmək olur ki, ölkəsinin Rusiyadan iqtisadi asılılığı olduğu üçün bu tədbirdə məcburiyyət qarşısında iştirak etməli olub. “Bundan əvvəl Rusiya rəsmiləri tərəfindən dəfələrlə Paşinyana Avrasiya İqtisadi İttifaqının sözügedən tədbirində iştirakının vacibliyi barədə siqnallar verilmişdi. Sankt-Peterburq görüşündə Azərbaycan Prezidenti ilə Ermənistan Baş nazirinin konkret hansı mövzuda müzakirələr apardıqları mətbuata açıqlanmadığından bu barədə dəqiq nəsə demək çox çətindir”.
Siyasi şərhçi onu da vurğulayıb ki, 2024-cü ildə Azərbaycan və Ermənistan arasındakı münasibətlərin necə olacağı həm də rəsmi İrəvandan asılıdır. “Ermənistana Rusiya tərəfindən açıq şəkildə verilən mesajlarda bildirilib ki, Rusiyasız Ermənistan ayaqda qala bilməyəcək. Hətta Belarus dövlət başçısı da sərt şəkildə Nikol Paşinyana deyib ki, Ermənistanda ağıllı adamlar da var. Həmin insanlar Rusiyaya qarşı cəbhə açmaq niyyətində deyillər. Məsələyə kompleks yanaşmaq lazımdır. Çünki burada təkcə Azərbaycan və Ermənistan münasibətləri deyil, ümumilikdə Qafqaz, Qərb, Rusiya və Türkiyə əlaqələri müzakirə mövzusudur. Regionda sabitliyin və inkişafın mövcudluğu bütün qonşu ölkələrin ümumi yanaşmasından asılıdır.
Əgər Ermənistan Avropa, ABŞ və digər ölkələrin vədlərinə arxayın olmasa və birbaşa sülh danışıqlarına gəlsə, o zaman biz tezliklə müsbət nəticələrə şahid ola bilərik. Lakin Paşinyan yenə də öz ampluasında qalacaqsa, o halda heç bir müsbət nəticə əldə olunmayacaq. Beləliklə, Ermənistan hökumət başçısının bu davranışları öz ölkəsini yaranmış vəziyyətdən qalib çıxarmağa hesablanıb”, – deyə Tural Əliyev əlavə edib.
Bünyamin Bünyadzadə,
KONKRET.az