“Xatırlayırsınızsa, Ermənistanın baş naziri Nikol Paşinyan kapitulyasiyaya qol çəkdiyi vaxt – 10 noyabrda müxalifət İrəvanda mitinq təşkil etdi. Bütün qəzet və televiziyalar (Keçmiş sovet məkanında) “Paşinyanın axırı çatdı” , “Onu erməni müxalifəti süpürüb atacaq” dedilər. Həmin mitinqə baxandan sonra “15 min mitinq iştirakçısı Paşinyanı vəzifəsindən ata bilməz” yazdım. Mitinq iştirakçılarının sayı azalmaqda davam edirdi. Yeni yazımda “Xalq və Ermənistanın silahlı qüvvələri Azərbaycanla müharibə etmək istəmir” qeyd etdim. Bunu görməmək nadanlıq olar. Ermənistanın müxalifəti Paşinyanın təslim müqaviləsinə əməl etməyəcəyinə ümid edirdi. Yəni əməl etməyəcək və Azərbaycan yenidən müharibəyə başlayacaq, Rusiya ilə Azərbaycan arasında münaqişə yaranacaq, ruslar Paşinyanı vəzifədən getməyə məcbur edəcəklər və müxalifət hakimiyyəti öz arasında bölüşdürəcək. Əgər əməl edərsə, xalq ayağa qalxıb onu sürüyüb atacaq. Paşinyan müqaviləyə əməl etdi. Xalq ayağa qalxmadı, əksinə mitinqlərə çıxanların sayı 5 minə qədər aşağı düşdü. Və bu rəqəm yaxın günlərdə 2-3 minə çatacaq. Bu, bir daha ermənilərin müharibə etmək istəmədiklərinə sübutdur”.
KONKRET.az xəbər verir ki, bunu sabiq spikeri Rəsul Quliyev deyib.
R.Quliyev bildirib ki, Paşinyan Ermənistanda vaxtından öncə parlament seçkiləri keçirmək niyyətindədir: “Ermənistanı Azərbaycanla müharibəyə çağıran müxalifət nümayəndələri (Sərkisiyanlar, Köçaryanlar) bu seçkiləri uduzacaq, çünki xalq Azərbaycanla müharibə yox, normal əlaqələr yaratmaq istəyir. Çünki xalq bu müharibə olarsa, ərazisinin ən azı 30 faizinin itirməsindən və 500 min qaçqın ordusunun yaranmasından, minlərlə gəncin həlak olmasından qorxur. Ola bilər, Paşinyan baş nazir olmayacaq, ancaq onun partiyası udacaq, əməkdaşlarından kimsə baş nazir olacaq. Paşinyan o baş nazirin xaç atası olacaq. Yaranmış bu vəziyyətdən istifadə etmək lazımdır. Paşinyana Türkiyə və Azərbaycanla normal əlaqələr yaratmasında kömək etmək lazımdır”.
/Pravda.az