Ermənistan Zəngəzur dəhlizi məsələsində manipulyasiya edir və Nikol Paşinyan hərdən bir bəyanatla erməni cəmiyyətini çaşdırır. Əslində 2020-ci 10 noyabr bəyanatının 9-cu bəndinə uyğun olaraq dəhliz açılmalıdır. Ancaq Ermənistan havadarlarının dəstəyindən istifadə edərək öhdəliyi yerinə yetirmir. Paşinyan hər dəfə kommunikasiyaların açılmasından danışır və müxtəlif yalanlar uydurur. Budəfəki bəyanatında isə bildirib ki, Ermənistan yolu açmağa hazırdır. Ancaq onun təklifləri bir qədər real görünmür. Əslində Paşinyanın təklifləri nədən ibarətdir?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Samir Hümbətovun sözlərinə görə, Paşinyan çalışır ki, bu cür təkliflərlə zaman qazansın:
“Amma məsələ burasındadır ki, Azərbaycanın tələbi də ortadadır və qəti şəkildə bildirir ki, Zəngəzur dəhlizi açılmalıdır. Düzdür, indi Paşinyan və onun komandası iddia edir ki, əgər biz həmin əraziyə dəhliz statusu versək nəticədə buralar əlimizdən çıxa bilər. Amma məsələ burasındadır ki, haqqında söhbət gedən Zəngəzur dəhlizi vaxtilə sovetlər dönəmində fəaliyyət göstərib. Deməli, bura dəhliz statusu verilməsə Ermənistan yolu istədiyi vaxt bağlaya bilər. Necə ki, Birinci Qarabağ Müharibəsi dövründə bu, baş verdi. Paşinyandan sonra hakimiyyətə gələn şəxs yolun bağlanmasına göstəriş verə bilər. Qaldı ki, Ermənistan baş nazirinin digər təklifinə, onları bir qədər inandırıcı hesab etmirəm. O həmişə “maraqlı” təkliflərlə çıxış edib. Amma ortada nəticə yoxdur. Paşinyanın tələbi odur ki, biz sadəcə keçid verək.
Onsuz da bu qədər gözləmişiksə, elə dəhlizi İran üzərindən də həyata keçirmək olar. Hərçənd, məsələnin qarşılıqlı əsaslarla həll edilməsi Ermənistaının xeyrinədir. Dəhliz vasitəsi ilə Ermənistan nəinki Rusiyaya, hətta Xəzər vasitəsi ilə Mərkəzi Asiyaya, Çinə qədər yüklərini çatdıra bilər. Zəngəzurdan keçən yola dəhliz statusu verilməsə, Azərbaycan onunla razılaşmayacaq və təkliflər qəbul edilməyəcək. Daha doğrusu, Azərbaycanın təklifi ilə Ermənistan razılaşmasa, rəsmi Bakı digər addımlar atacaq. SSRİ dövründə Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirən dəmir yolu xətti mövcud olub. Hansı ki, bu yol 35 ildən çoxdur bağlıdır. Təcrübə göstərir ki, Ermənistan istənilən vaxtı bu yolu yenidən bağlaya bilər. Azərbaycan isə bunu yaxşı başa düşür və tələbi qəti şəkildə irəli sürür ki, Naxçıvanla bağlantı dəhliz statusunda olmalıdır. İndi Paşinyanın söylədikləri başdan-başa cəfəngiyyatdır və o, bununla zamana oynayır”.
Vəli Həsənoğlu,
KONKRET.az