Peyvənd olunan deputatlar danışdı – “Axşam yadıma düşdü ki…”backend

Peyvənd olunan deputatlar danışdı - "Axşam yadıma düşdü ki..."

“Axşam anidən yadıma düşdü ki, bu gün peyvənd olmuşam”

Pandemiyanın ilk günündən COVID-19-a qarşı mübarizə üçün dövlət ilkin addımları atıb. Artıq prosesin vaksinasiya dönəmi başlayıb. Azərbaycan dünyada vaksinasiyaya başlayan ilk ölkələrdəndir. Qrafik əsasında insanlar peyvənd edilir. İlk olaraq risk qrupuna daxil olan şəxslərin vaksinasiyası oldu. 65 yaşdan yuxarı vətəndaşlara vaksin vurulandan sonra artıq mərhələli şəkildə digər kateqoriyalı insanlar da vaksinasiyadan keçirilir. Peyvənd olunanlar sırasında Milli Məclisin deputatları da var.

KONKRET.az xəbər verir ki, Milli Məclisin Səhiyyə Komitəsinin üzvü İlham Məmmədov vaksinasiyadan sonra özünü rahat hiss etdiyini deyib: “Həm də bir həkim olaraq bu bəlanın qızıl açarının vaksinləşmə olduğunu dəfələrlə vurğulamışıq. Bununla bağlı çağırışlarımız olub. Vaksinasiya başlayandan insanlarımız könüllü şəkildə bu prosesə qoşulub. Artıq növbəlilik yaranıb. Növbəmiz çatan kimi vaksinasiyadan keçənlərdən bir də mən oldum”.

Deputat vaksin vurulduqdan sonra heç bir əlavə yan təsiri müşahidə etmədiyini söyləyib: “Vaksin vurdurduğum günü işlərim çox oldu, axşam anidən yadıma düşdü ki, bu gün peyvənd olmuşam. Artıq üzərindən 3 gün keçib, ümumiyyətlə, heç bir narahatlığım yoxdur. Vaksinasiyadan keçən bütün dost-tanışlardan da hər hansı əlavə yan təsir olduğu barədə eşitməmişəm. Tövsiyəmiz odur ki, bu bəladan tez yaxa qurtarmaq, normal həyatımıza dönmək üçün insanlarımız könüllü şəkildə, qrafiklə vaksinasiyadan keçsin”.

Komitə üzvü vaksin haqqında mənfi mif yaratmaq istəyənlərə inanmamağı tövsiyə edib: “Boş söhbətlərə görə vaxt itirməyə dəyməz. Zamanı səmərəli şeylərlə dəyərləndirmək lazımdır. Vaksinləşmədən mütləq ki, hər kəsin keçməsinə çağırış edirəm”.

Vaksin vurduran deputatlardan biri də Naqif Həmzəyev olub. Peyvənddən sonra özünü çox yaxşı hiss etdiyini söyləyən millət vəkili hər kəsi könüllü şəkildə bu prosesə qoşulmağa səsləyib: “Dövlətimiz koronavirusla mübarizədə nümunəvi siyasət həyata keçirdi. Vətəndaşların sağlamlığını qorumaq üçün silsilə tədbirlər, proqramlar icra olundu. Bunun nəticəsidir ki, xalqımız bu ümumbəşəri bəladan az itkilərlə çıxmağı bacarır. Sevindirici haldır ki, Cənubi Qafqazda Azərbaycan ilk olaraq əhalinin vaksinasiyasına başlayıb. Mərhələli şəkildə keçirilən vaksinasiyada hələlik xoşgələməz hal yaşanmayıb. Pandemiya ilə mübarizədə vaksinasiya çox vacibdir. Millət vəkili olaraq vaksinasiyadan uğurla keçdim. Heç bir narahatlığım yoxdur. Bütün vətəndaşlarımızı da növbəlilik əsasında vaksinasiyadan keçməyə çağırıram”.

Deputat hesab edir ki, bu yolla normal həyat tərzinə qayıda bilərik. teleqraf.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*