Pezeşkian Bakıya niyə gəlmədi? – “İran Azərbaycanı özünə təhdid hesab edir”backend

Pezeşkian Bakıya niyə gəlmədi? - "İran Azərbaycanı özünə təhdid hesab edir"

Məlum olduğu kimi, İran Prezidenti Məsud Pezeşkian Bakıda keçiriləcək COP29 Sammitində iştirakdan imtina edib. Məlumatı adıçəkilən ölkənin Azərbaycandakı səfirliyi İTV-yə təsdiqləyib. İddia olunur ki, Pezeşkianın tədbirdə iştirakdan imtina etməsinə səbəb İsrail liderinin Sammitdə yüksək səviyyədə təmsil olunmasıdır. Buna görə də İranın radikal hissəsi Pezeşkiandan Azərbaycana səfər etməməyi tələb edib.

Görəsən, prezident seçilərkən özünü islahatçı təqdim edən türk əsilli dövlət başçısının təzyiqlərə dözməyərək bu addımı atmasında pərdəarxası məqamlar nələrdir?

Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Yalçın Hacızadə bildirib ki, İranın Azərbaycana olan münasibətinin dəyişəcəyinə heç zaman inanmayıb:

“İran ideologiya ölkəsidir. Orada daxili və xarici siyasəti əsasən dini lider müəyyən edir. Hətta prezidentlik üçün namizədliyə icazəni belə ölkənin dini lideri verir. Bunun üçün də onun seçilən dövlət başçısı müəyyən edilmiş siyasi xətdən kənara çıxa bilməz. Ümumiyyətlə, İranda guya Pezeşkianın da içində olduğu islahatçılar siyasi xəttinin cəmiyyətdə müəyyən ümidlər doğrultması sadəcə bir uydurmadır. İran totalitar, din və fars şovinizminə əsaslanan ölkədir. Bu siyasi xətdən çıxmaq onun dağılmasına gətirər. Eyni zamanda, Pezeşkianın da ən böyük etnik çoxluq olan türklərdən seçilməsi də ideologiyanın bir siyasi gedişidir”.

Ekspert vurğulayıb ki, İran Prezidenti Pezeşkiyanın COP29-a İsrailin tədbirdə iştirak etməsi səbəbindən gəlməməsi açıqlaması da qeyri-səmimidir:

“COP29 BMT-nin tədbiridir, Azərbaycanın yox, sadəcə olaraq bu dəfə biz təşkil edirik. Elədirsə, İran Prezidenti BMT-nin Sammitlərinə və ya digər tədbirlərinə də qatılmasın. Orda da İsrail iştirak edir. Mən İran İsrail düşmənliyini də qəbul etmirəm. Danışılmış döyüş hesab edirəm. İran özünü İsrailə qarşı savaşan ölkə kimi göstərsə də, əksinə olaraq İsrailin genişlənməsinə, yeni ərazilər işğal etməsinə ən böyük şərait yaradan qüvvədir. İran Azərbaycanın uğurlarını qəbul etmir. Ümumiyyətlə isə İran inkişaf edən, problemlərini həll edə bilən, regionda söz sahibi olan Azərbaycanın varlığını özü üçün böyük təhdid olaraq görür. Fars, dini şovinizmi bilir ki, 40 milyondan çox Azərbaycan türkünün orda yaşamasına görə, bizim onlara təsir etmək imkanımız çoxdur. Hesab edirəm ki, nə qədər ki, İranda əsas dini və fars şovinizmi hökm sürəcək, kimin prezident olmasından aslı olmayaraq bizə qarşı siyasəti dost mövqeyində olmayacaq”.

Məlik Məlikov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*