İran prezidenti Məsud Pezeşkian “Hökumət həftəsi” çərçivəsində çıxışı zamanı Azərbaycanla bağlı söylədiyi fikirlərə görə ona yönələn ittihamlara münasibət bildirib.
KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, Pezeşkian qətiyyətli mövqe sərgiləyərək deyib: “İndi biri çıxıb bir mediada soruşur: ‘Kim deyib ki, onlar bizim qardaşlarımızdır?” Mən deyirəm ki, onlar bizim qardaşlarımızdır!”
O, çıxışında İran və Azərbaycanın tarixi bağlarına diqqət çəkərək vurğulayıb: “Əslində bizim suyumuz, torpağımız bir olub. İndi arada sərhəd çəkilib. Necə ki, məhəllədəki qonşuların hərəsinin öz evi var, hərə də öz evinin sahibidir. Amma biz bir-birimizlə qardaşıq, qohumuq”.
Xatırladaq ki, iyulun sonunda Zəncana səfəri zamanı Pezeşkianın “Azərbaycan bizim qohumumuz və doğmamızdır” fikri İranda geniş rezonans doğurmuşdu. Həmin vaxt prezident Azərbaycanla münasibətlərin istənilən səviyyədə olmamasına görə məsuliyyətin İran tərəfinin üzərində olduğunu da bildirmişdi.
Pezeşkianın bu açıqlamaları İrandakı anti-Azərbaycan dairələr və paniranist cərəyan tərəfindən narazılıqla qarşılanıb. Onlar son həftələrdə prezidentin əleyhinə çoxsaylı yazılar və çıxışlar yayımlayıblar. Hətta bəziləri Azərbaycanı kinayə ilə “Pezeşkianın qohumları” adlandırıblar.
Qeyd edək ki, bu kampaniyada ötənilki prezident seçkilərində Pezeşkianın rəqibi olmuş Səid Cəliliyə yaxın çevrələr, eləcə də onun tərəfdarı “Sabitlik Cəbhəsi” təşkilatının siyasətçiləri fəallıq göstərib.