Plastik qutularda olan məhsulları alarkən müəyyən təlimatlara diqqət etmək vacibdir. Əks halda önəmli hesab etmədiyimiz bu xırda nüanslar böyük təhlükələrə yol aça bilər. Sağlamlığımızın keşiyində durmaq öz əlimizdədir. Tutaq ki, hər hansı plastik qutunun üzərindəki rəqəm onun içərisindəkinin keyfiyyətini müəyyən etmək üçün bizə ipucu verir.
KONKRET.az xəbər verir ki, Bursa Uludağ Universitetinin professoru Elif Demirkan vətəndaşları aldıqları məhsulun üzərindəki nömrələrə baxmaq üçün xəbərdarlıq edib:
“Ən etibarlı plastik qutuların üzərində 1, 2, 4 və 5 rəqəmləri qeyd olunmalıdır. Bunlardan da ən təhlükəsiz olanı 5 nömrəsi yazılan qablardır. Belə qutularda olan məhsulları çəkinmədən almaq olar. Lakin 3, 6, və 7 nömrəli plastik qutulardan qaçmaq lazımdır. Tərkibində Bisfenol olan belə məhsullarda kimyəvi maddələrin faizi yüksəkdir. Bu isə gələcəkdə xərçəng, diabet və ürək xəstəliklərinə səbəb ola bilər”.
Son 50 ildə plastikdən istifadənin sürətlə artdığını vurğulayan Demirkan, 2018-ci ildə dünyada 359 milyon ton plastik istehsal edildiyini bildirib. Qeyd edək ki, dünyada ən çox plastik istehsal edən ölkə Çindir.
Hazırladı: Günel MUSEYİB