Türk serial dünyasında yeni bir səs-küyə səbəb olan iddia gündəmdədir! “Kurtlar Vadisi” serialı ilə yaddaşlara həkk olunan Necati Şaşmazın, TRT 1-in sevilən layihəsi olan “Təşkilat” serialına transfer olunacağı barədə yayılan söz-söhbətlər tamaşaçılarda böyük həyəcan yaradıb. Rəsmi açıqlama verilməsə də, pərdəarxası xəbərlər ciddi marağa səbəb olub.
KONKRET.az Milli.Az-a istinadən xəbər verir ki, “Polat Alemdar geri qayıdır?” sualı sosial mediada günlərlə ən çox müzakirə olunan başlıqlardan birinə çevrilib. “Təşkilat” serialının kəşfiyyat, əməliyyat və dövlət içindəki strukturlar kimi mövzuları “Kurtlar Vadisi” atmosferinə bənzədiyindən, bu iddialar daha inandırıcı görünür. Ancaq hələlik nə TRT 1, nə də serialın prodüseri Tims&B Productions bu xəbəri təsdiqləyib.
Dördüncü mövsümü ilə yayıma qayıdan “Təşkilat” serialında aktyor heyətində ciddi dəyişikliklər olub. Tolga Sarıtaş, Aybüke Pusat və Murat Yıldırım heyətdən ayrılıb. Onların yerinə Ushan Çakır, Tuvana Türkay və Murat Han kimi adlar daxil edilib. Hazırda Necati Şaşmazın adı rəsmi siyahıda yer almır.
Pərdəarxası məlumatlara görə, Necati Şaşmaz hazırda “Kurtlar Vadisi Kaos” adlı yeni rəqəmsal layihə üzərində çalışır. Bu layihə, əvvəlki “Kurtlar Vadisi” dünyasının müasir formatda yenidən qurulacağı yeni dövr serialı olacaq. Şaşmazın bu proyektə çox vaxt ayırması, onun “Təşkilat”a qoşulma ehtimalını zəiflədir.
Hər iki serial ölkə daxilində və xaricində aparılan əməliyyatlara, dövlət strukturlarındakı mübarizələrə və kəşfiyyat savaşlarına toxunur. Bu mövzu oxşarlığı, Necati Şaşmazın “Təşkilat”a transferini yalnız nostalji deyil, həm də məntiqli bir strateji addım kimi göstərir.