Polisi döyən deputatla bağlı AÇIQLAMA: “Eldəniz Səlimova qarşı nə qərəz, nə də tərəfkeşlik mövqeyi sərgilənəcək”backend

Polisi döyən deputatla bağlı AÇIQLAMA: “Eldəniz Səlimova qarşı nə qərəz, nə də tərəfkeşlik mövqeyi sərgilənəcək”

Xaçmaz rayonunda deputat Eldəniz Səlimovun sərxoş vəziyyətdə polisi döyməsi ilə bağlı qalmaqal getdikcə böyüyür. Artıq faktla bağlı Daxili İşlər Nazirliyi və Baş Prokurorluq tərəfindən istintaq tədbirləri həyata keçirilir.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Milli Məclisin İntizam Komissiyasının sədr müavini Fəzail Ağamalı deputat Eldəniz Səlimovun səlahiyyətlərindən sui-istifadə etməsindən və xoşagəlməz hərəkətlərə yol verməsindən təəssüfləndiyini deyib: “İlk növbədə o, karantin rejiminin tələblərini pozub, ikincisi öz qanuni vəzifəsini  yerinə yetirən polis əməkdaşına qarşı zorakılıq tətbiq edib, üçüncüsü isə Milli Məclisin deputatı kimi səlahiyyətlərindən sui-istifadəyə yol verib. Bu üç halın pozulması onun haqqında ciddi hüquqi yanaşmalar üçün kifayət qədər əsaslar yaradır. Bu baxımdan Daxili İşlər Nazirliyinin haqlı olaraq Respublika Prokurorluğuna müraciət etməsi və işin birbaşa Baş Prokurorluğun İstintaq İdarəsinə verilməsi tamamilə məntiqlidir”.

Fəzail Ağamalı: “Qarabağ müharibəsi veteranlarına verilən müavinət 196 manata qaldırılsın”

Fəzail Ağamalı əlavə edib ki, Milli Məclisin İntizam Komissiyası olaraq Respublika Prokurorluğu tərəfindən aparılan araşdırmaların nəticələrini gözləyəcəklər: “Avqust ayında araşdırmalar yekunlaşdıqdan sonra Prokurorluq gəlmiş olduğu nəticələrə uyğun şəkildə Milli Məclisin rəhbərliyinə öz rəyini təqdim edəcək. Həmin rəy Milli Məclisin rəhbərliyi tərəfindən 7 gün ərzində İntizam Komissiyasının müzakirəsinə təqdim olunacaq. Bizə təqdim olunan rəyə əsasən müzakirələr Eldəniz Səlimovun iştirakı ilə aparılacaq. İntizam Komissiyasının Prokurorluğun rəyinə əsasən qəbul edəcəyi qərar isə Milli Məclisin rəhbərliyinə təqdim ediləcək və onlar da bunu parlamentin plenar iclasının gündəliyinə salaraq müzakirəyə çıxaracaqlar. Əminəm ki, proses bu cür də davam edəcək və Eldəniz Səlimova qarşı nə qərəz, nə də tərəfkeşlik mövqeyi sərgilənəcək”.

Millət vəkili bir daha vurğulayıb ki, baş verənlər xoşagəlməz haldır: “Millət vəkilinə yaraşan hərəkət deyil. Millət vəkili özünün hər bir addımı ilə ətrafa nümunə olmalıdır. Bir millət vəkili olaraq bu hərəkətləri qınayır və pisləyirəm”.

Müşviq Tofiqoğlu

KONKRET.az  

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*