Politoloq: “Ermənilər 20-ci əsrin əvvəllərindəki xəritələrindən daha çox qorxur”backend

Politoloq: "Ermənilər 20-ci əsrin əvvəllərindəki xəritələrindən daha çox qorxur"

Azərbaycan-Ermənistan sərhədinin delimitasiya və demarkasiya prosesi danışıqların əsas predmetidir. Ermənistan isə sərhədlərin müəyyən edilməsində maraqlı deyil və məsələni ləngitməklə siyasi manipulyasiya edir. Sərhəd məsələsində mövqelər fərqlidir və müxtəlif illərdə nəşr edilən xəritələr gündəmə gətirilir. Amma Ermənistanın təkid etdiyi xəritə 1975-ci il xəritəsidir. Bəs həmin ilin xəritəsində Ermənistan üçün məqbul nədir və ermənilər niyə məhz həmin xəritədən istifadə edilməsində maraqlıdırlar?

Mövzunu KONKRET.az-a politoloq Tural İsmayılov şərh edib:

“1975-ci il xəritələrində Azərbaycan anklavları dəqiq göstərilib. Eyni zamanda, həmin xəritələrdə Ermənistanı qane edən məqamlar var. Həm də ermənilərin qorxusu ondan ibarətdir ki, danışıqların gedişində 20-ci əsrin əvvəllərindəki xəritələrə də istinad edilə bilər. Çünki Azərbaycan elan edib ki, biz Azərbaycan Xalq Cümhuriyyətinin varisiyik və həmin dövr xəritələrinə müraciət edilsə, Qərbi Azərbaycan məsələsi də ortaya çıxacaq. Ermənilər məhz bundan qorxur və ehtiyat edir. Azərbaycanın 20-ci il xəritələrinə istinadı Ermənistanda ciddi narahatlıq yaradır.

Azərbaycan üçün 20-ci əsrin xəritələri daha məqbuldur. Amma bu o demək deyil ki, Azərbaycan qədim şəhərimiz İrəvan da daxil olmaqla digər əraziləri Ermənistandan istəsin. Bu əslində Azərbaycanın manevr imkanlarını genişləndirəcək, Ermənistanın Azərbaycandan qopardığı bir metr ərazi belə kənarda qalmayacaq.

Hələ də Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistan gec-tez həmin əraziləri geri qaytarmalıdır. Bu yöndə danışıqlar bəhrəsini verməkdədir”.

Tural İsmayılovun fikirincə, anklavlarla bağlı heç bir qeyri- müəyyənlik ola bilməz:

“Ermənistan da etiraf edir ki, anklavlar 90-cı illərin əvvəllində Ermənistan ordusu tərəfindən işğal edilib. Deməli, anklavlarla bağlı heç bir qeyri-müəyyənlik yoxdur. Beynəlxalq birlik də bunu qəbul edir ki, Qazaxın kəndləri və Naxçıvanın Kərki kəndi təcili olaraq Azərbaycana qaytarılmalıdır. Delimitasiya və demarkasiya prosesləri zamanı bu kəndlər Azərbaycana qaytarılacaq. Anklav ərazilər geri qaytarıldıqdan sonra qaçqın düşmüş vətəndaşlarımızın həmin yerlərə qayıdış prosesi başlayacaq”.

Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramovun “Sülhə bu qədər yaxın olmamışıq” fikri Ermənistan mətbuatında da geniş müzakirə olunub. Ermənilər Azərbaycan Xarici İşlər Nazirinin bu bəyənatından niyə bu qədər narahatdırlar. Deməli, sülh müqaviləsinin bağlanması Ermənistanda hansısa qüvvələrin marağında deyil. Amma bütün bunlara baxmayaraq, gec-tez sülh müqaviləsi imzalanacaq.

“Ermənistanın bütün təxribatlarına rəğmən, eyni zamanda, münasibətlərin yaxşılaşdırılması üçün tarixi şərait yetişib. Ceyhun Bayramov bu kontekstdən məsələnin ən uyğun tərəfini izah edir. Nəzərə almaq lazımdır ki, ilk dəfə Ermənistan lideri Azərbaycanın 86,6 min kv.km ərazisini tanıdığını vurğulayır. Eyni zamanda, Ermənistan baş naziri ilk dəfə Türkiyəyə səfər edib və Türkiyə Prezidentinin inaqurasiya mərasimində iştirak edib. Bu baxımdan hörmətli Ceyhun Bayramovun bildirdiyi məqamlar reallığı əks etdirir. Ya Paşinyan başqa ölkələrin maşası olmaq funksiyasından imtina edərək, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdıracaq, ya da Ermənistan hər zaman olduğu kimi başqa ölkələrin fort postu olmaqda davam edəcək”, – deyə ekspert bildirib.

İyunun 12-də Vaşinqtonda nəzərdə tutulan Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü təxirə salınıb. Tural İsmayılovun fikirincə, bu, sırf texniki məsələylə bağlıdır:

“Nəzərə almaq lazımdır ki, xarici işlər nazirlərinin görüşləri daha əvvəldən planlaşdırılır. Azərbaycan Vaşinqton formatından narazı deyil. Daha əvvəl ABŞ dövlət katibi Entoni Blinkenlə Baydenin müşaviri Ceks Hallevonun canfəşanlığı ilə günlərlə görüşlər davam etdi. Sadəcə olaraq bu, texniki məsələlərə bağlıdır və hər halda Azərbaycan Vaşinqton görüşlərini təxirə salmayıb. Təxirə salınmayla bağlı yanaşmanın mediada istifadə edilməsi düzgün deyil. Sadəcə görüşün vaxtı dəyişdirilib. Hesab edirəm ki, uyğun zamanda Vaşinqton görüşləri yenidən bərpa ediləcək”.

Ermənistan TŞ-nin katibi Armen Qriqoryanın KTMT-nin toplantısında Azərbaycan əleyhinə bəyanatlarına da toxunan müsahibimiz bildirdi ki, KTMT platformasında Ermənistan normal qəbul edilmir:

“Ermənistan TŞ katibi Qriqoryan saxta məlumatlar verir və dezinformasiya yaymaqla həm daxili auditoriyanı fikir bulanıqlığına salmaq, həm də beynəlxalq kluarlarda Ermənistan haqqında müəyyən fon yaratmağa çalışır. Daha əvvəllər də Qriqoryan bu tip açıqlamalar verib. Zənnimcə, KTMT platformasında heç kim Ermənistanı normal dövlət kimi qəbul etmir. Eyni zamanda Ermənistan məmurları – müdafiə naziri Suren Papikyan, TŞ katibi Armen Qriqoryan daha əvvəl Soros fondu vasitəsi ilə müxtəlif siyasi institutlarda Rusiya əleyhinə təxribatçı fikirlər səsləndirən simalardır. Bu baxımdan Armen Qriqoryanın KTMT-dəki çıxışı ciddi qəbul edilmir”.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*