Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü ərəfəsində, hər dəfə təxribatlar törədən ermənilər dünyanın diqqətini regiona cəlb etməyə çalışırlar. İndi də Ceyhun Bayramovla Ararat Mirzoyan Vaşinqtonda sülh müqaviləsinin şərtlərini müzakirə edən zaman İrəvanda aksiyalar başlayıb. Bu dəfə ermənilər fərqli taktika seçiblər. İrəvanda fəaliyyət göstərən xarici ölkə səfirliklərinin qarşısında oturaq aksiyada şüarlar “SOS Artsax”dır.
Məsələ ilə bağlı politoloq Tural İsmayılov KONKRET.az-a açıqlamasında aksiyanın hakimiyyət tərəfindən təşkil edildiyini deyir:
“Ermənistanda müxtəlif qüvvələr danışıqlar prosesi ərəfəsində vəziyyəti gərginləşdirirlər. Hal-hazırda Vaşinqtonda Ceyhun Bayramovla Ararat Mirzoyan arasında iyunun 29-na qədər davam edəcək görüşlər keçiriləcək. Bundan əvvəl də Vaşinqtonda bir həftə boyunca iki ölkənin xarici işlər nazirləri danışıqlar aparmışdı. Bu format hər dəfə işə düşəndə daha çox da qərb formatında görüşlər olanda İrəvan müxtəlif təxribatlara əl atır. Bundan əvvəlki Vaşinqton görüşlərindən sonra Brüssel görüşündən isə bir neçə gün əvvəl şərti sərhəddə əvvəlcə atəşkəsi pozdular və nəticədə əsgərimiz şəhid oldu.
Bu dəfə isə bu tip aksiyalar təşkil edirlər və aksiyaların arxasında müxalifət qüvvələrindən daha çox hakimiyyət qüvvələri dayanır. Aksiyanın təşkilatçıları da Paşinyanın partiyasına yaxın olan QHT fəalları və media nümayəndələridir. Ona görədə biz Ermənistan tərəfindən müxtəlif təxribatları gözləyirik. Bu aksiyada məqsəd Ermənistan ictimai rəyində sülhlə bağlı və ya Qarabağla bağlı fərqli mövqenin olduğunu dünya mediasına göstərməkdir. Eyni zamanda ABŞ-da keçirilən görüşlər iki ölkə münasibətlərinin düzəlməyi baxımından mühüm əhəmiyyətə malikdir. Həm də biz Vaşinqton görüşlərini ona görə təqdir edirik ki, bu təkcə bir mərkəzli – yəni Rusiyanın moderatorluğu ilə keçirilən görüşlərdən fərqli olaraq daha geniş prizmalı görüşlərdir. Burda qərbin də moderator qismində iştirak etməsi Rusiyanın tək başına geopolitik təsir imkanlarını zəiflədir”.
Vəli Həsənov,
KONKRET.az