Politoloqdan Şarmazanovun 2024-ü qisas ili elan etməsinə CAVAB: “Heç bir revanş imkanları yoxdur”backend

Politoloqdan Şarmazanovun 2024-ü qisas ili elan etməsinə CAVAB: “Heç bir revanş imkanları yoxdur”

Ermənistanda qisasçılıq meylləri regionda müharibə riskini artırır. Məğlubiyyətlərini həzm edə bilməyən erməni siyasətçiləri müharibə ritorikasından əl çəkmirlər. Keçmiş prezidentlər – Robert Koçaryan və Serj Sarkisyanın tərəfdarlarının revanşsit bəyanatları daha çox diqqət çəkir. Belə siyasətçilərdən biri də müxalifətçi Eduard Şarmazanovdur.

Şarmazanov son çıxışlarının birində Qarabağ fürsətinin 2022-ci ilin oktyabrında Praqda dəfn olunduğunu deyib: “Azərbaycan həmin görüşdə istədiyini əldə etdi. Ermənistan Paşinyanın rəhbərliyi altında heç nə əldə edə bilməyəcək. Bilirsiniz ki, Ermənistan Qarabağsız heç nəyə yaramır, biz hamımız şikəst qaldıq. Bu gün Azərbaycan Ermənistanın necə hərəkət edəcəyini özü koordinasiya edir. Bakı Arazdəyəndə metallurgiya zavodunun tikilməsinə icazə vermədi. İndi də bizim revanş istəyimizin qarşısını alır. Bu nə həyatdır, ermənilər yaşayır? 2023-cü il erməni xalqı üçün xəcalət ili oldu. Paşinyan hakimiyyətdə qalarsa, Ermənistan yox olacaq. 2024-cü il isə ermənilər üçün qisas ili olmalıdır. Bütün ermənilər səfərbər olmalı və itirilən mövqelərimizi geri qaytarmalıyıq. Məhv edilən milli ruhumuz yenidən dirçəlməlidir”.

KONKRET.az xəbər verir ki, erməni müxalifətçinin fikirlərinə münasibət bildirən politoloq Oktay Qasımov Ermənistanda Şarmazanov kimi tiplərin çox olduğunu deyib: “Onlar müxalifətdə olduqlarından bu cür populist və revanşist çıxışlar edirlər. Əslində Şarmazanov özü də çox gözəl bilir ki, hazırda Ermənistanın nə revanş üçün imkanı, nə də hansısa potensialı var. Ermənistanın bu istiqamətdə atacağı hər hansı addım ona ağır başa gələcək. Şarmazanov və onun kimilərinin bu tip bəyanatları sırf Ermənistanın ictimai-siyasi gündəminə hesablanıb. Onların daxili auditorya üçün hazırlanan tezislərdən istifadəsi də ictimai fikirin formalaşmasıyla bağlıdır. Şarmazanovlar Koçaryan- Sarkisyan dəstəsi ilə birgə Nikol Paşinyana məhz bu mövzuda hücum edirlər. Amma özləri də anlayırlar ki, bu məsələdə geridönüş yoxdur. Azərbaycan  beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq ərazilərini işğaldan azad edib. Azərbaycan həm də Qarabağda yaşayan ermənilərə daha gözəl həyat vəd edərək onların bölgədə qalmasını istəyirdi. Amma  Ermənistan və onun arxasındakı güclər məhz Qarabağdakı ermənilərin kütləvi köçünə nail olmaqla Azərbaycana qarşı beynəlxalq təzyiq mexanizm yaratmağa çalışırdılar. Amma onların cəhdləri nəticəsiz qaldı və gördülər ki, istəklərinə nail ola bilməyəcəklər. Ermənistandakı müxalif qüvvələr xeyli dərəcədə marginallaşıblar. Onların elektoratı və dəstəyi kifayət qədər azdır. Bunu keçirilən seçkilər də göstərir. Rəy sorğularında da həmin mənzərə özünü biruzə verir. Ermənistandan verilən bu tipli bəyanatlar narahatlıqla qarşılansa da, Azərbaycan tərəfi ayıq-sayıqdır və  bu məsələ diqqətlə izlənilir. Hər hansı təxribat və ya avantüra ciddi şəkildə öz cavabını alacaq. Heç təsadüfü deyil ki, Azərbaycan prezidenti özünün son müsahibəsində bu məsələyə toxunaraq birmənalı şəkildə qeyd edib ki, Azərbaycana qarşı yönələcək təhdid yerindəcə məhv ediləcək. Ermənistanda da bunu anlayanların sayı kifayət qədərdir”.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*