“Poz, qazan” və “Topaz”dan uzaq durun – ÇAĞIRIŞbackend

“Poz, qazan” və “Topaz”dan uzaq durun - ÇAĞIRIŞ

“Poz, qazan”, yaxud “Topaz” kimi bir çox lotereyalar evlər yıxır, ailələr dağıdır. Allah “Qurani-Kərim”də buyurur ki, içki, qumar şeytanın tələlərindən biridir və birmənalı şəkildə uzaq durun. Qumarın cəmiyyət üçün nə dərəcədə təhlükəli olması barəsində konkret olaraq ciddi, intensiv iş aparılmalıdır”.

KONKRET.az xəbər verir ki, bunu Pravda.az-a açıqlamasında ilahiyyatçı Hacı Təyyar Hüseynli deyib.

T.Hüseynli bildirib ki, istənilən növ qumar vasitəsilə insanların aldadılması dələduzluqdur: “Onlarda “sən də uda bilərsən” hiyləsi ilə maraq oyadıb, məşğuliyyət adı altında keçirilən, idman sahəsində olan mərc oyunları konkret olaraq İslam dinində haramdır.

Bu Allahın lənət etdiyi bir işdir. Narkotik vasitələrlə bağlı bütün hallarda cinayət məsuliyyəti var. Qumarla bağlı da xırda bir vasitəçilik edənə Allahın lənəti düşür. Mən bir ilahiyyatçı kimi geniş izləyici kütləsi olan ilahiyyatçılara istər sosial platformalarda, istərsə də digər mümkün yürlərdə bu məsələnin üstünə ciddi düşmələrini məsləhət görərdim.

Nəyə görə bu məsələ belə diqqətdən kənarda qalmalıdır? İlahiyyatçılar məgər bu “poz, qazan”ı görmür? Nəyə görə səsimizi çıxarmırıq? Qumar, mərc oyunları nə vaxtdan cəmiyyətimiz üçün əyləncəli, xeyirli iş olublar? Bunun xeyrini kimlər görür? Ümumiyyətlə, başqalarının bədbəxtliyi üzərində öz xoşbəxtliyini qurmaq mümkün deyil. Əgər biri 10 manat udubsa, o, 9 nəfərin cibinə girərək 1 manat götürüb. Bəlkə də o 1 manat kiminsə çörək pulu idi. Allahın rəsulu buyururdu ki, bəlalar və günahlar bir otaqdadırsa, içki ilə qumar həmin otağın açarlarıdır. Bu işi biznesə çevirənlərə də sözüm odur ki, bu, bədbəxtlikdir. Sən buradan min, milyon yığıb axırda xeyrin görməyəcəksənsə, çəkil.

Mərc oyunlarının bütün növlərindən uzaqlaşmağı Allahın təkidi ilə tələb edirəm. Bir ilahiyyatçı kimi müraciət edərək deyirəm ki, bunu dayandırın, milləti bədbəxt etməyin. Bu oyunlara yönələnlərin çoxu aztəminatalı insanlardır. Kasıb kütlənin üzərində xoşbəxtlik axtaranlar, bilin ki, bu xoşbəxtlik deyil. Malınızdan, mülkünüzdən muğayat olun. Gec-tez bu, hər bir insanın qarşısına çıxa bilər. Elə edin ki, çətinə düşəndə Allahı çağırmağa üzünüz olsun”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*