Praqada Prezident İlham Əliyev, Emanuel Makron, Nikol Paşinyan və Şarl Mişelin görüşü ola bilər. Belə ki, Ermənistanın baş naziri Paşinyan Praqada Ermənistan, Azərbaycan, Fransa və Aİ başçılarının birgə görüşünün planlaşdırıldığını bəyan edib.
KONKRET.az xəbər verir ki, Nikol Praqadan sonra Sankt-Peterburqa gedəcəyini və orada MDB ölkələri liderlərinin qeyri-rəsmi görüşündə iştirak edəcəyini də bildirib. Vladimir Putinin 70 illik yubileyi münasibətilə baş tutacaq qeyri-rəsmi görüşdə Prezident İlham Əliyevin də iştirakı gözlənilir.
https://konkret.az/ilham-eliyev-praqada-pasinyanla-gorusecek/
Praqadan Sankt-Peterburqa
Moskva-Soçi, Cenevrə və Brüsselin danışıqlar masası Praqaya, ordan da Sankt-Peterburqa keçə bilər. Onsuz da Brüsseldəki ikitərəfli format ilə Kreml də razılaşmışdı. Deməli, danışıqlar vahid siyasi xətlə gedir. Sadəcə, Ermənistan Rusiya, yaxud Avropada üzərinə götürdüyü öhdəlikləri İrəvana çatan kimi unudur. Ya da prosesi uzatmaq üçün müxtəlif təxribatlar törədir. Deyəsən, Emanuel Makron Paşinyanı başa salıb ki, ikinci sözə baxmasa, “Emanuel” filmindəki 18+ vəziyyətə düşəcək.
Azərbaycanın əsas tələbləri nədən ibarətdir?
Suveren ərazimiz İrəvan tərəfindən də tanınsın, heç bir ərazi iddiası olmasın. Qarabağdakı Azərbaycan vətəndaşı olan ermənilərə Laçın dəhlizi ilə Ermənistana gediş-gəliş təminatının əvəzində İrəvan Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında Zəngəzur koridorunun açılışına şərait yaratsın. Çox sadə! Lakin kapitulyant Paşinyan bütün məğlubiyyətləri olmamış kimi yeni savaşa zəmin yaradır. Sadəcə, Anna Akopyan onun dərmanlarını vaxtı-vaxtında verəndə Nikol ayılır ki, müharibəni nə ilə edəcək?
“Məğlubedilməz ordu” miflərinin silahları Bakıda, Hərbi Qənimətlər Parkındadır. Heç başı iğtişaşlara qarışan İran da İrəvana aslan quyruğu yollaya bilməyəcək. Camaat qapı arasında qalan öz quyruğunun hayındadır. Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri Türkiyədə “Bordobərəlilər”lə birgə təlimlərə başlayıb. Türkiyənin milli müdafiə naziri Hulisi Akar Bakıya səfər edib. Bütün bunlar erməni və onları himayə etmək istəyən “indeyski” güclər üçün həyəcan siqnalıdır. Odur ki, ermənilər papağını qabağına qoyub demirəm, onlar nə bilir papaq nədir! Amma sülh barədə düşünməlidirlər.
Azərbaycan Ermənistanı sülhə məcbur etməsəydi, Paşinyan Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi 2007-də tanıdığını deməz, Ararat Mirzoyan Xankəndi ilə Bakı arasında dialoqdan bəhs etməzdi. Bu minvalla Çexiyada mühüm irəliləyişlər gözlənilir. Rusiyada isə həmin razılaşmalardakı fikir ayrılıqları barədə ortaq məxrəcə gəlinə bilər. Sülhün harada imzalanacağı isə sual altındadır. Tarix kimi 9-10 noyabr ehtimalları var. Lakin bu il yox. 2023 – Heydər Əliyev ili tarixə düşəcək hadisələrlə yadda qala bilər. Kim bilir, bəlkə də sülh müqaviləsi mayın 10-da elə Xankəndidə imzalandı? Hərçənd ermənilərdən stabilliyi pozan addımlar da təəccüb doğurmaz.
III Qarabağ savaşı
Ermənilərlə növbəti müharibənin ili barədə gerçəyə ən çox bənzəyən proqnoz 2025-ci ildir. Çünki Rusiya sülhməramlılarının 5 illik missiya dövrü yekunlaşır və o vaxtadək Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanacaqsa, onlara ehtiyac qalmaycaq. Bundan dolayı bəzi siyasi ekspertlər Moskvanın Cənubi Qafqazdakı münaqişəni bərpa edəcəyini düşünür. Məqsəd regiondakı qalıcılıqlarını uzatmaqdır. Lakin ötən yazıların birində qeyd etdiyim kimi, rusların bölgədə qalması üçün Zəngəzur dəhlizinin açılması kifayətdir. Çünki imzalanan üçtərəfli sənəddə koridorun təhlükəsizliyinə nəzarət onlara həvalə olunub. Türkiyənin simasında güclü müttəfiqlərimiz var. Əsas odur ki, I Qarabağ savaşındakı kimi heç vaxt təklənməyək. Və təkcə savaşa köklənməyək. Sülh də onun qədər yaxındadır.
Anar Rəhimov,
KONKRET.az