Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 1-də Bakının Nərimanov rayonundakı Atatürk prospektində yerləşən parkda əsaslı yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar.
APA-nın məlumatına görə, Başı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya parkda görülən işlər barədə məlumat verdi.
Bildirildi ki, parkda yenidənqurma işlərinə cari ilin may ayından başlanılıb. Layihə çərçivəsində parkda əsaslı yenidənqurma işləri aparılıb, landşaft dizaynı yenilənib. Bütün yaş qruplarına aid vətəndaşlar nəzərə alınaraq onlar üçün xüsusi guşələr yaradılıb. Parkda uşaq əyləncə və trenajor qurğuları quraşdırılıb. Burada, həmçinin konsert meydançası da var.
Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə Azərbaycanda sosial-iqtisadi sahədə həyata keçirilən layihələr ölkəmizin ümumi inkişafına sanballı töhfələr verib. Təsadüfi deyil ki, bu gün Azərbaycan sosial-iqtisadi inkişafına görə dünyada lider ölkələrdən biridir. Əldə olunan nailiyyətlər Azərbaycanın bütün regionlarının, o cümlədən paytaxt Bakının da timsalında aydın görünür. Dövlətimizin başçısının tapşırıq və göstərişlərinə əsasən paytaxtımızda icra olunan layihələr nəticəsində Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib. Paytaxt Bakı gündən-günə abadlaşır, müasirləşir və yenilənir. Bu baxımdan yeni park və xiyabanların salınması, mövcudlarının yenidən qurulması, sosial obyektlərin inşası, ictimai yerlərin istifadəyə verilməsi xüsusi rol oynayır. Nərimanov rayonundakı Atatürk prospektində yerləşən parkın əsaslı şəkildə yenidən qurulması da mühüm əhəmiyyət daşıyır. Bu layihənin icrası, eyni zamanda, son dövrlərdə paytaxtımızda aparılan abadlıq-quruculuq işlərinin həcmini də nümayiş etdirir və bu istiqamətdə görülən tədbirlərin ardıcıl xarakter aldığını göstərir. Ümumilikdə, indiyədək şəhərimizin daha da abadlaşdırılması və müasirləşdirilməsi istiqamətində görülən işlər vətəndaşların istirahətinin, asudə vaxtlarının səmərəli təşkilinə hərtərəfli imkan yaradır. Bakının müasir sosial infrastrukturundan paytaxt sakinləri ilə yanaşı, şəhərimizin çoxsaylı qonaqları da istifadə edirlər. Şübhəsiz ki, bütün zəruri infrastrukturla təchiz olunan belə müasir parkların yaradılması turistlərin istirahətinin dolğun və maraqlı təmin olunması işində, onların ölkələrinə Bakıdan zəngin təəssüratlarla qayıtmalarında da böyük rol oynayır. Ümumi sahəsi 6.5 hektar olan bu istirahət məkanının yenidən qurulması bir daha nümayiş etdirir ki, Azərbaycan dövləti tərəfindən insanların rahatlığı, onların sağlamlığı, bir sözlə, vətəndaşların sosial məsələlərinin həllinə daim xüsusi həssaslıqla yanaşılır.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyev parkda sakinlərlə görüşdülər.
Sakinlər: Xoş gördük Sizi cənab Prezident.
Prezident İlham ƏLİYEV: Salam, xoş gördük.
Sakin: Bu parkda yaradılan gözəlliyə görə çox sağ olun. Allah Sizə ömür versin. İllər boyu yaradırsınız, qurursunuz. Dost görür sevinir, düşmən görür gözü kor olur. Dünya qan çanağına dönüb. Amma Allaha şükürlər olsun ki, dövlətimiz, ölkəmiz inkişaf edir. Bu inkişaf Sizin əməyinizin nəticəsidir. Fəxr edirik ki, müdrik Prezidentimiz, birinci xanımımız var. Allah Sizə cansağlığı versin. Mənim 7 nəvəm var, gəlib burada istirahət edirəm. Bütün bunlara görə çox sağ olun, Allah Sizi qorusun.
Prezident İlham ƏLİYEV: Sağ olun. Mən ilin əvvəlində burada idim, yeni İnnovasiya Mərkəzinin açılışında. Oradan çıxanda gördüm ki, bu parkın vəziyyəti çox acınacaqlıdır, dözülməzdir. Göstəriş verdim ki, burada abadlıq işləri aparılsın və 6,5 hektarı əhatə edən bu park qısa müddət ərzində yenidən quruldu, ən gözəl səviyyəyə çatdırıldı. İndi burada yaşlı nəslin, uşaqların, yeniyetmələrin və gənclərin istirahəti üçün bütün imkanlar var. Ümumiyyətlə, Bakı son illər ərzində bağlar və parklar şəhərinə çevrilibdir. Deyə bilərəm ki, parkların sayına görə biz dünya miqyasında ən qabaqcıl yerlərdəyik.
Sakin: İndi Bakı dünyanın göz muncuğudur.
Prezident İlham ƏLİYEV: İndi Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Baxın, son illərdə şəhərimizdə nə qədər park salınıb. İlk növbədə, bizim ən böyük parkımız bulvar. Əvvəllər bulvarın uzunluğu 3 kilometr idi, indi 15 kilometrdir. Hər tərəf yaşıllıq, hər tərəf gözəl, hər tərəf abad. Heydər Əliyev Mərkəzinin və Konqres Mərkəzinin ətrafında 20 hektarı əhatə edən böyük bir park var. İndi uşaqlar, yaşlı nəsil orada istirahət edir. Yusif Səfərov küçəsindəki park. Orada da yöndəmsiz binalar var idi, infrastruktur dağılmışdı. Orada da park salındı. Yəni, bu abadlıq-quruculuq işləri vətəndaşlar üçündür. Çünki vətəndaşlar ictimai yerlərdən istifadə etməlidirlər. Bu parkda da çox gözəl şərait yaradılıb.
Bakı şəhərinin problemlərinin həlli istiqamətində böyük işlər görülür. Bilirsiniz ki, bu yaxınlarda metronun “Koroğlu” stansiyasının yanında yeni Nəqliyyat Mübadilə Mərkəzinin açılışını qeyd etdik. Yeni avtobuslar gətirilir. Bu il 300 avtobus gətirilib, əvvəlki dövrlərdə gətirilib. Gələn il də ən azı 300 müasir avtobus gətiriləcək. Bakı o şəhərlərdəndir ki, metro tikintisi gedir. Deyə bilərəm ki, MDB məkanında yalınız Rusiyada və Azərbaycanda metro tikintisi davam etdirilir. Bu il 30 yeni vaqon gətirilib. Bu vaqonlarda həm kondisioner, həm də gözəl şərait var. Bütün bunlar vətəndaşların rahatlığı üçün edilir. İndi mənim təşəbbüsümlə nümunəvi həyətlər qurulur. Bütün həyətlər abadlaşdırılacaq və həyətlərdə bütün şərait yaradılacaq. Lift təsərrüfatı yenilənir. Bu məqsədlə 40 milyon manat vəsait ayrılıb. İcra başçısı, məlumat ver, indiyədək neçə lift dəyişdirilib?
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov: Artıq 50 lift quraşdırılıb. Sizin tapşırığınıza uyğun olaraq, ilin axırınadək 500-ə qədər olacaq.
Prezident İlham ƏLİYEV: Yəni, bütün bunlar Bakının həm gözəlliyi, abadlığı, eyni zamanda, vətəndaşların rahatlığı üçündür. Biz bu işləri davam etdirəcəyik. Bakının hər bir guşəsi abad, gözəl olmalıdır. Vətəndaşlar üçün çox gözəl imkanlar yaradılmalıdır.
Sakin: Allah Sizə cansağlığı versin. İnsanlar Sizi sevir və dəstəkləyir. Həmişə deyirik ki, Prezidentimiz camaatın arasındadır. Onun gecəsi-gündüzü ancaq camaatı düşünməkdir.
Prezident İlham ƏLİYEV: Belə də olmalıdır. Mənə də güc verən vətəndaşların dəstəyidir. Mən bu dəstəyə arxalanıram, güvənirəm. Bu, mənə güc verir. Bu gün Azərbaycan dünya miqyasında sabitlik məkanıdır, inkişaf diyarıdır. Bundan sonra da biz ancaq yüksələn xətlə inkişaf edəcəyik, buna heç kimin şübhəsi olmasın.
Sakin: Cənab Prezident, Sizdə də, xanımınızda da çox böyük səmimiyyət var. Allah Sizi qorusun.
Prezident İlham ƏLİYEV: Çox sağ olun.
Digər sakin: Cənab Prezident, mən də öz növbəmdə Sizə, Mehriban xanıma minnətdarlığımı bildirirəm. Sizlərlə görüşmək çox xoş oldu. Açıq havada belə gözəl müasir park yaratdığınız üçün Sizə minnətdarlığımı ifadə etmək istəyirəm. Həqiqətən parkda gözəl şərait var, müasir idman qurğuları quraşdırılıb, şahmat meydançası, velosiped, qaçış zolaqları yaradılıb. Biz də bu ərazidə yaşayırıq. Əvvəllər asudə vaxtlarımızda dostlarımızla istirahət üçün kənara gedirdik. İndi burada müasir, gözəl şərait yaradılıb. Biz tez-tez buraya gələcəyik. Buna görə dərin minnətdarlığımı bildirirəm. Çox sağ olun cənab Prezident.
Prezident İlham ƏLİYEV: Şəhərin hər yerində gözəl parklar, ictimai zonalar olmalıdır və bunu yaradırıq.
Sakinlər: Sağ olun cənab Prezident, bütün azərbaycanlılar Sizin arxanızdadır.