“Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir”.
Prezident İlham Əliyevin Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə səsləndirdiyi bu fikirlər ölkədə əməlli-başlı əks-səda yaratmaqla yanaşı, Ermənistanı növbəti dəfə təşvişə salıb. Hər zaman əlamətdar və özəl günlərdə etdiyi çıxışlarda İlham Əliyev, “Qarabağ düşmən tapdağından azad ediləcək” ifadəsini səsləndirməklə Azərbaycan xalqına ümid bəxş edib. Və nəhayət Müzəffər Ali Baş Komandan dediyi sözün üstündə duraraq Qarabağı öz həqiqi sahiblərinə qaytarmağı bacarıb. İndi bir milyona yaxın qaçqının öz doğma yurduna yerləşdirilməsi üçün genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilir. Odur ki, İlham Əliyevin Qərbi Azərbaycanla bağlı mesajları bu fikirlərin də qısa zamanda reallaşacağına, sözügedən ərazinin öz həqiqi sahibinə – Azərbaycana qaytarılacağına və Qərbi azərbaycanlıların doğma torpaqlarına geri dönəcəyinə heç kimdə zərrə qədər də olsa şübhə yaratmır.
Mövzunu KONKRET.az-a şərh edən politoloq Samir Hümbətov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev öz doğum günündə dünyaya yeni bir mesaj verdi: “Bu mesaj Azərbaycanın əzəli və əbədi torpağı olan Qərbi Azərbaycanla bağlıdır. Bildiyimiz kimi Prezident İlham Əliyevin özünün kökü də Qərbi Azərbaycandan – İrəvandan başlayır. Bu, xüsusi önəmli və həssas məsələdir. Hesab edirəm ki, indiki məqamda İlham Əliyevin verdiyi bu mesajın arxasında bir sıra ciddi məqamlar dayanır. Qarabağ 1991-1992-ci illərdə Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi BMT-də tanınıb. Və biz bu tarixi ədaləti təxminən 30 il sonra bərpa etdik. Qərbi Azərbaycana gəldikdə isə 1905-ci ildən başlayaraq 1988-ci ilə qədər Qərbi azərbaycanlılar həmin ərazidən deportasiya ediliblər. Onlar bu gün öz ərazilərinə qayıda bilmirlər. Ölkə başçısı İlham Əliyevin söylədiyi fikirlərin arxasında duran əsas məqam bundan ibarətdir ki, Qərbi Azərbaycandan didərgin düşən həmvətənlərimizin həmin ərazilərə yenidən qayıtması üçün iddialar və tələblər olacaq. Azərbaycanlıların deport olunduqları ərazilərə qayıdıb yaşaması üçün şərait yaradılacaq. Bu, xüsusilə önəmli məsələdir”.
Politoloqun sözlərinə görə, İlham Əliyevin mesajının arxasında azərbaycanlıların öz dogma yurd-yuvalarına qayıtması məsələsi dayanır: “Qərbi Azərbaycan bizim dogma torpağımızdır və orada əsirlərlə yaşamışıq. Yalnız erməni vandallığının nəticəsi olaraq biz həmin ərazilərdən çıxarılmışıq. Prezident İlham Əliyev bir tezis irəli sürdü və inanırıq ki, yaxın zamanlarda həmin tezisin gerçəkləşməsi üçün addımlar atılacaq və işlər görüləcək. Burada Azərbaycan xalqının dəstəyi çox önəmlidir. Çünki təkcə ölkə başçısının fikirləri ilə kifayətlənməməli, həm də onun verdiyi tapşırıqlar əsasında fəaliyyət planlaşdırmalıyıq. Düşünürəm ki, yaxın vaxtlarda Ali Baş Komandanın bununla bağlı qəti tapşırıqları olacaq. Ermənistan-Azərbaycan danışıqlarında bu amillərin önə çıxması xüsusi əhəmiyyət daşıyır. Odur ki, yaxın zamanlarda Qərbi Azərbaycanın əzəli və əbədi torpağımız olması ilə bağlı fikirlərin hansı əsasda səsləndirilməsi tam şəkildə müəyyənləşəcək”.
Müşviq Tofiqoğlu,
KONKRET.az