Azərbaycan Ordusunun ehtiyatda olan polkovnik-leytenantı Nazim Divanov vəfat edib.
KONKRET.az Teleqraf-a istinadən xəbər verir ki, onun səhhətində bir müddət əvvəl ciddi problemlər yaranıb və komaya düşüb.
N.Divanov Mərkəzi Klinik Xəstəxanada və Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında müalicə olunub. Lakin komadan ayılmayıb və dünyasını dəyişib.
Mərhum Bakının “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, Divanov Nazim Musa oğlu 1962-ci ildə Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olub.
Keçmiş sovet qoşunlarının tərkibində Əfqanıstan müharibəsində iştirak edib. 1990-cı ildə Azərbaycana qayıdıb və ordu sıralarına qoşulub. Birinci Qarabağ müharibəsi dövründə 777 saylı xüsusi təyinatlı əlahiddə hərbi hissədə xidmət edib, Şuşa şəhərinin, Laçın və Sədərək rayonlarının müdafiəsi uğrunda döyüşüb. Sonrakı dövrdə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində dərs deyib.
N.Divanov Azərbaycan Ordusunun texnika və nəqliyyat vasitələrinin döyüşdə effektiv tətbiqinin öyrənilməsi, istismarı sahəsində peşəkar zabitlərindən biri olub. Ona görə də İkinci Qarabağ müharibəsi dövründə ehtiyatdan çağırılaraq ordu sıralarına cəlb olunub.
Prezident İlham Əliyevin 24 iyun 2019-cu il tarixli sərəncamı ilə Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.
N.Divanovun iki övladı var. Oğlu Azərbaycan Ordusunun kapitanıdır.