“Prezidentin siyasətini sabotaj edənləri həbs olunan məmurların aqibəti gözləyir” – AÇIQLAMAbackend

“Prezidentin siyasətini sabotaj edənləri həbs olunan məmurların aqibəti gözləyir” - AÇIQLAMA

“Düz 1 il əvvəl 4 banka (Atabank, Amrahbank, AG Bank, NBC Bank) müvəqqəti inzibatçı təyin olundu, bundan sonra 2 həftə ərzində onların lisenziyası ləğv edildi. Beləliklə həmin banklar müflis elan olundular. Ötən il ərzində fiziki şəxslərin qorunan əmanətlərinin mütləq əksəriyyəti qaytarılıb, amma yenə də bəzi əmanətçilər sığortalı əmanətlərini tam ala bilməyiblər”.

Bu barədə KONKRET.az-a açıqlamasında bank üzrə ekspert Əkrəm Həsənov fikir səsləndirib. Ekspert bildirib ki, ən əsas problem, bu banklarda pulu qalmış sahibkarlarda və hüquqi şəxslərdədir: “Onların pulu nəinki qaytarılmır, üstəlik qanunvericiliyin tələblərinə zidd olaraq həmin şəxslərə heç bir məlumat (rüblük maliyyə hesabatı, ləğv planı) da verilmir. Ləğv prosesi əvvəlki illərdə olduğu kimi qeyri-şəffaf və qanun pozuntuları ilə həyata keçirilir. Ləğvedicinin (Əmanətlərin Sığortalanması Fondu) fəaliyyətinə dair şübhələr artmaqdadır”.

Əkrəm Həsənov: “Məzənnə fərqinin 92%-dən çoxunu dövlət ödəyəcək”

Əkrəm Həsənovun sözlərinə görə, əvvəlki illərlə müqayisədə mənfiləşmə isə ondan ibarətdir ki, bu banklarda heç kreditorlar komitəsi də yaradılmayıb: “Xatırladıram ki, kreditorlar komitəsi müflis bankda pulu qalanların qurumudur. Həmin qurum ləğvediciyə nəzarət etməlidir ki, o, bankın olan-qalan əmlakının başına daş salmasın və pulu kreditorlar arasında ədalətli şəkildə bölsün. Yəni:

1) heç bir kreditora qanunsuz ödəniş etməsin (heç kəsi “qabağa salmasın”);

2) bankın əmlakını qənaət rejimində idarə etsin (“otkat”lara, yersiz xərclərə yol verməsin);

3) bankın əmlakını açıq hərracda tezliklə dürüst satsın;

4) banka borcu olanlardan borcu dürüst tələb etsin;

5) pərdəarxası oyunlara getməsin, korrupsiyaya qurşanmasın və s.

Deməli, bu komitə yaradılmırsa, saf niyyətin mövcudluğu, sözügedən pozuntuların olmaması böyük şübhə altındadır”.

Ekspert onu da əlavə edib ki, ölkədə kreditor hüquqları qorunmur: “Xüsusən də sahibkarların hüquqları. Deməli əlverişli biznes mühiti yoxdur. Bəs onda investisiyaları necə cəlb edək, banklarımızın etibarlı olmasına sahibkarları necə inandıraq? Ümid edirəm ki, ölkə başçısının bu istiqamət üzrə siyasətini sabotaj edənləri də tezliklə məlum nazirlərin, icra başçılarınının, həkimlərin və s. aqibəti gözləyir”.

P.S. Bəs hazırda kreditorlar nə etsin? Birləşərək məhkəmələrə müraciət etsinlər, mübarizə aparsınlar. Bəziləri artıq edib…

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*