Pul üstündə mübahisə faciə ilə nəticələndi — TƏFƏRRÜATbackend

Pul üstündə mübahisə faciə ilə nəticələndi — TƏFƏRRÜAT 

Bakının Qaradağ rayonunda 36 yaşlı kişi qonşusuna xəsarət yetirib. 

KONKRET.az Demokrat-a istinadən xəbər verir ki, hadisə bu ilin martın 10-da rayonun Qobustan qəsəbəsində baş verib.

Salyan rayon sakini, 1989-cu il təvəllüdlü Ramil həmin gün saat 21:30-da tanışı İlqar ilə aralarında mübahisə yaranıb. Şəxsi münasibətlər zəmində mübahisə zamanı o, İlqarı əli ilə bədən nahiyyələrinə vurub.

Hadisəni törədən Ramalın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, martın 10-da yaşadığı fərdi evə gedən zaman məhəllədən tanıdığı İlqarın özünə məxsus fərdi yaşayış evinin darvazasının qarşısında yolun kənarında dayandığını görüb: “Mən ondan spirtli içki almaq məqsədilə pul istədim. O, pulu olmadığını, Ramazan ayı olduğunu, pul verməyəcəyini bildirdi. Onun irad tutması xoşuma gəlmədiyi üçün aramızda mübahisə yarandı.Məsələyə aydınlıq gətirmək məqsədilə onun xahişi ilə yaşadığı həyətə daxil oldum. Zərərçəkmiş şəxs ilə aramızda yaranan mübahisəyə aydınlıq gətirən zaman ünvanıma nalayiq ifadə işlətdi. Əsəblərimə hakim ola bilmədim, bədəninin müxtəlif nahiyyələrinə əlim ilə vurdum. Ona xəsarət yetirdim. O, özünü itirərək yerə yıxıldı. Onunla aramızda yaranan mübahisəyə şahid olan olmayıb”.

Bu cinayət işinə Qaradağ Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 10 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxsin üzərinə yaşadığı Qobustan qəsəbəsindəki fərdi evi cəza çəkdiyi müddətdə hər gün gecə saat 00:00-dan növbəti gün səhər saat 07:00-dək, habelə gün ərzində Bakı şəhərinin, Sumqayıt şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməsi qadağan olunub.

Bundan başqa, onun cəza müddətində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*