“Mollalar dəfn zamanı 12 imamın adını sadalayırlar, o imamların adını bu dünyada heç salamat adam bilmir, bir günə ancaq əzbərləyir, ölmüş adam 12 imamın adını molla deyərkən eşitsə də, necə yadında saxlayıb, mələklərə cavab verə bilər?”
Bu sözləri ilahiyyatçı Tural İrfan KONKRET.az-a müsahibəsində deyib. Onunla dinimizdən irəli gələn və son zamanlar cəmiyyətdə müzakirə mövzusu olan bir çox məsələlərə aydınlıq gətirdiyimiz geniş müsahibəni təqdim edirik:
– Tural bəy, dinimizə görə ölü necə dəfn edilməlidir?
– İslam dininə görə, vəfat etmiş insana aid yerinə yetirilməli olan bir neçə vacib məsələ var. Bunlardan birincisi, dünyasını dəyişmiş insanın yuyulmasıdır. Vəfat etmiş şəxsin cinsindən asılı olmayaraq onun yuyulması vacibdir. Ölünün müvafiq formada yuyulması da şərtdir. Daha sonra vacib olan məsələ ölünün kəfənlənməsidir. Adətən, ölü ağ parçaya bükülür. Bəzən fikir formalaşır ki, başqa formada, məsələn, geyimlə basdırmaq olmaz. Xristianlarda ölü təmiz geyimlə basdırılır. Bu, İslam dinində də qadağan deyil. Sadəcə Peyğəmbər dövründə, orta əsrdə tikili paltarlar tapmaq çətin olduğuna görə, paltarın heyif edilməməsi baxımından ölülər ağ parçaya bükülüb. Günümüzdə də parça olmasa, ölünü paltarla dəfn etmək olar. Lakin adətlərimiz də keçmiş dövrlərdən formalaşdığına görə, hazırda da ağ parçayla basdırmağa üstünlük verilir. Daha sonrakı proses ölünün bükülməsidir. Şəriətdə deyilir ki, parça olmasa, ölünü halal olan heyvanların dərisinə bükmək olar. Sonrakı vacib məsələ isə ölünü sağ çiyni üzərində, yönü qibləyə doğru dəfn etmək lazımdır. Son olaraq isə ölü üçün cənazə namazı qılınır. Adı namaz olsa da, kiçik bir dua nəzərdə tutulur, namaz kimi əyilmək-qalxmaq yoxdur. Ayaq üstdə oxunan bir duadır. Mərhum yuyulub-kəfənləndikdən sonra onun cənazə namazı qılınır, insanlar halallıq verir və dəfn prosesi olur. Şəriətin tələbləri bunlardır. Lakin sonralar buna əlavələr edilib, müxtəlif xurafatlar qarışıb. Daha sonra bəzi nüanslar var ki, onları etmək savabdır, lakin vacib deyil, yəni onları etməmək də olar.
– Xurafat məsələsinə toxundunuz. Konkret olaraq hansı nüansları vurğulayardınız?
– Bəzi istismarçı din xadimləri ölü dəfn etməyi, mollalığı özlərinə peşə ediblər. Onlar pul qazanmaq üçün müstəhəb olan məsələləri xürafatla qarışdıraraq, insanların işini çətinləşdirirlər. Məsələn, ölü qəbrə qoyulduqdan sonra “Təlqin” deyilən bir ayin var. Bir nəfər düşür qəbirə, ölünü çiynindən tutaraq silkələyir, molla da ərəb dilində “Təlqin” dediyimiz duanı oxuyur. Təlqində deyilir ki, səndən soruşacaqlar, Allahın, Rəbbin kimdir? Deyəcəksən ki, Rəbbilaləmindir. Soruşacaqlar, kitabın nədir? Deyəcəksən, Qurandır və sair. Bunların hamısı xürafatdır, Peyğəmbərimizin dövründə bunlar olmayıb. Bunlar mollaların pul qazanmaq üçün uydurduğu məsələlərdir. Ölmüş insan sağlığında ərəb dilini bilməyibsə, öldükdən sonra necə şərqşünas olur, ərəb-fars dillərini bilir? Yaxud bilirsə də, bu dünyada iman gətirməyibsə, öldükdən sonra necə onu başa düşüb, iman gətirir? Mollalar dəfn zamanı 12 imamın adını sadalayırlar, o imamların adını bu dünyada heç salamat adam bilmir, bir günə ancaq əzbərləyir, ölmüş adam 12 imamın adını molla deyərkən eşitsə də, necə yadında saxlayıb, mələklərə cavab verə bilər?
Yaxud qəbir üstündə “Qurani-Kərim” oxunur. Bu məsələdə də anlaşmazlıq var. Bəziləri kəskin şəkildə deyir ki, Quranın ölüyə aidiyyəti yoxdur, oxumaq lazım deyil. Bəziləri də deyir ki, bu, bizim adətdir, oxunmalıdır. Quran oxunsun, ya oxunmasın, bu, müzakirə olunmamalıdır. Quranı yalnız natəmiz yerlərdə oxumaq olmaz. Başqa hər yerdə, məzarda da oxumaq olar. Buradakı incə məqam odur ki, oxunan Quranı insanlar başa düşməlidir, ibrət almalıdır. Yas yerində, ölünün üstündə Quran oxumağın mənası budur. Lakin bizdə bu adəti ərəblərdən götürüblər, elə biliblər ki, ərəb dilində də oxunmalıdır. Ərəblər öz dilləri olduğuna görə oxuyurlar və başa düşürlər. Bizdə isə bunu nə ölü başa düşür, nə də dinləyənlər. Çox vaxt oxuyan mollaların özləri də başa düşmür.
Quran oxumaq hər zaman savabdır. Lakin bizdə heç kim başa düşmədiyinə görə yas yerində biri gedir siqaret çəkir, biri maşın al-verindən danışır. Bunlar tamamilə dinə zidd məsələlərdir. Bunları araşdırıb dövrümüzə uyğunlaşdırmaq lazımdır. Qurandakı 5 ayəni molla tərcümə edib oxusa, oradakı insanlar təsirlənəcək, bəlkə biri ibrət alıb, imana gələcək. Mənim fikrimcə, bu xürafatlar aradan qalxmalıdır.
– İslama görə, vəfat edən qadın və kişi arasında fərq varmı?
– İslama görə, vəfat edən qadın və kişi arasında fərqlər yoxdur. Yuxarıda sadaladığımız adətlər – ölünün yuyulması, bükülməsi kimi məsələlər qadınlara da, kişilərə də eyni qaydada aid edilir.
– Bəs qadınlar niyə kişilərdən dərin basdırılır?
– Qadınların kişilərə nisbətən dərin basdırılması kimi vacibat yoxdur. Adətlərə görə, qadınları kişilərdən bir qədər dərinə basdırırlar. Bunu tiblə də əlaqələndirənlər olur. Deyirlər ki, qadınlar daha tez çürüyür, infeksiya yayılmaması üçün belə edirlər. Bu nə dərəcədə doğrudur, bilmirəm. Lakin İslam dinində də qadınların dərin basdırılması tövsiyə olunur. Qurşağa qədər kişilər, sinəyə qədər isə qadınlar basdırılır. İslamda Qiyamət günü insanlar qəbirlərindən dirilib qalxanda qadınların naməhrəm yerlərinin görünməməsi, qalxdıqda boğazlarına kimi torpaqda olmaları, təkcə başlarının görünməsi qeyd olunur. Kişilərdə isə naməhrəm hissə qurşağa kimi hesab edilir. Həcc ziyarətində də kişilər qurşağa kimi bülənirlər, ordan yuxarı açıq da ola bilər. Bu, tövsiyə ediləndir, lakin vacib deyil. Yetər ki, insanı təxminən 1.20-1.30 sm dərinlikdə dəfn etsinlər. Sadəcə qadınlar cənazədən götürülüb qəbrə qoyularkən meyidin başının üstünə bir parça tuturlar. O parçanı bir neçə adam tutmalıdır. Bu, şərtdir. Ona görə şərtdir ki, meyit qəbrə qoyularkən əllərindən düşə bilər, kəfən açıla bilər, şəxsin naməhrəm yerləri görünə bilər.
– Bəzi bölgələrdə dəfnə qadınların getməsi düzgün hesab edilmir, bunun səbəbi nədir? Dinimizdə belə bir qadağa varmı?
– Qadınların qəbiristanlığa getməsi ilə bağlı dinimizdə heç bir qadağa yoxdur. Dəfn zamanı da iştirak edə bilərlər. Qadınlara sadəcə dəfn prosesinə rəhbərlik etmək tövsiyə olunmur. Bu da qadınların hüquqlarını azaltmaq mənasında deyil, qadınlar bir qədər zərif təbiətli olduqlarına görə bu yükü kişilər daşıyır. Cənazənin çiyində aparılması, qəbrə qoyulması, torpaqlanması kimi öhdəliklər kişilərin üzərinə qoyulub. Qadınların da dəfndə normal formada, uyğun geyimdə iştirak etməsi qadağan deyil.
Semra Ələkbərli,
KONKRET.az