Azərbaycan Prezidenti İlham Əliyevin yanında keçirilən iqtisadi müşavirədə ölkə başçısının səsləndirdiyi fikirlər ölkə gündəmini zəbt edib. Doqquz ayın sosial-iqtisadi göstəricilərinə həsr edilən müşavirədə prezident İlham Əliyev bir sıra ciddi məqamlara toxunub. Dövlət başçısı bildirib ki, iqtidar komandasında yer alan bəzi məmurlar ölkədə həyata keçirilən islahatlara qarşı çıxır və atılan addımlara kölgə salırlar. Üstəlik islahata meyilli kadrları özlərinə aid media orqanlarında ləkələməyə çalışırlar. Prezident əlavə edib ki, bu gün mətbuatı daxili mübarizə növünə çevirən yüksək ranqlı məmurlar var. Ölkə rəhbərinin doqquz ayın iqtisadi göstəricilərinə həsr edilən müşavirədə bu cür kəskin fikirlər səsləndirməsi ölkə gündəmində ən çox müzakirə olunan mövzuya çevrilib.
Mövzunu KONKRET.az-a şərh edən “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev bildirib ki, bu iclasda media məsələsini müzakirə obyektinə çevirməklə İlham Əliyev problemin ciddiliyini faktiki olaraq göstərdi: “Mətbuatdan, ümumiyyətlə, informasiya məkanınından, məmurların bir-birilərinə qarşı istifadə etməsi onu göstərir ki, KİV-in böyük əksəriyyəti iri oliqarxlar tərəfindən maliyyələşdirilir. Təəssüf ki Azərbaycanda vəziyyət belədir. Çünki azad medianın inkişafı üçün iqtisadi dayaqlar mövcud deyil. Media daha çox ayrı-ayrı məmurlardan asılı vəziyyətə çevrilib. Yəni “pulu kim verirsə, musiqini də o, sifariş edir”.
Mehman Əliyev: “Ölkədə KİV-lərin böyük əksəriyyəti iri oliqarxlar tərəfindən maliyyələşdirilir”
Mehman Əliyev əlavə edib ki, ölkədə sosial-iqtisadi islahatlar, əsasən, yeni təyin olunan kadrlar tərəfindən həyata keçirilir: “Bu məmurların əksəriyyəti birinci vitse-prezident Mehriban Əliyevanın kadrları kimi tanınırlar. Belə çıxır ki, islahatlara kölgə salmaq istəyənlər köhnə kadrlardır. Ölkədə köhnə kadrlardan media siyasətinin kimlərin əlində cəmləşdiyi isə hər kəsə bəllidir. Bura başda Əli Həsənov daxil olmaqla, bir çox şəxslər aiddir”.
Azərbaycanda vəziyyətin mürəkkəb olduğunu, sosial-iqtisadi problemlərin isə çox olduğunu diqqətə çatdıran Mehman Əliyev mövcud durumdan xilas olmaq üçün bəzi islahatların aparıldığını dilə gətirib. Lakin bu islahatların vəziyyəti düzəltməyə kifayət etmədiyini vurğulayıb: “Daha ciddi addımların atılması vacibdir. Stabilliyi saxlamaq və inkişafı təmin etmək üçün köhnə və konservativ kadrlar vəzifədən getməlidir. Əlbəttə ki, bu adamların vəzifədən getmələri gündəmdədir və proses gec-tez baş verəcək. Çünki bunsuz islahatları həyata keçirmək mümkün olmayacaq”.
Peşəkar jurnalist, Bakı Mətbuat Klubunun prezidenti Arif Əliyev də mövzunu şərh edib. KONKRET.az-a müsahibəsində jurnalist deyib ki, media sahəsini bilən adamlar üçün prezidentin çıxışından hər şey aydın oldu: “Prezident hansısa müxalifətdən və ya QHT-lərdən danışmırdı. Söhbət məmurlardan və daxildə bir-biriləri ilə mübarizə üçün mediadan istifadə edən təbəqələrdən gedirdi. Təbii ki, söhbət kifayət qədər yuxarı təbəqələrə aid idi. Çünki prezident vəziyyətin dözülməz hala çatdığını dilə gətirdi. Bu gün ölkədə medianın mahiyyəti elə dəyişdirilib və eybəcər hala salınıb ki, artıq problemə prezident səviyyəsində toxunulur. Təbii ki, söhbət kifayət qədər yüksək ranqlı məmurlardan gedir”.
Arif Əliyev: “Medianın mahiyyəti elə dəyişdirilib və eybəcər hala salınıb ki, artıq problemə prezident səviyyəsində toxunulur”
Arif Əliyevin sözlərinə görə, son illər cəmiyyətin həyatında müəyyən hadisələr baş verməyə başlayıb. Bunun bir qismi də sosial-iqtisadi həyatda müəyyən islahatların həyata keçirilməsi fonunda təzahür edir: “Hələlik islahatlar real məzmun qazanmasa da, proses sürətlənir. Təbii ki, bu proseslərin nə ilə nəticələnəcəyi köhnə təfəkkürlü, əvvəlki sistemi dəyişmədən qorumaq istəyənlər üçün bəllidir. Odur ki, onlar özləri üçün təhlükə hiss edirlər və islahatlara qarşı çıxırlar. Ona görə də, ölkədə dövlət və media münasibətləri, iqtisadi vəziyyət köklü dəyişməlidir. Düşünürəm ki, yeni islahatçı təfəkkür üstün gələrək, mübarizədən qalib çıxacaqsa, o zaman biz həqiqətən də ciddi islahatların şahidi olacağıq. Bütövlükdə isə bu addımlar yalnız Azərbaycanın inkişafına töhfə verəcək”.
Tanınmış jurnalist və teletənqidçi, media eksperti Qulu Məhərrəmli də prezidentin səsləndirdiyi fikirləri KONKRET.az-a şərh edib. Qulu Məhərrəmli qeyd edib ki, prezidentin müşavirədə bu məsələni qaldırması və gündəmə gətirməsi təsadüfi deyil: “Mətbuat qurumlarının ayrı-ayrı oliqarxlara və məmurlara xidmət etməsi hər kəsə bəllidir. Bunlar azad media sərhədlərini çoxdan aşıblar. Hesab edirəm ki, prezident bu məsələləri çox dəqiqliklə vurğuladı. Ölkədə media maqnatlarının kimlər olduğu hər kəsə bəllidir. Saytlara daxil olarkən, kimlərin “vurulduğu”, kimlərə “hücum” olunduğu açıq-aşkar görünür. Bəzən mətbuatın özünü tənqid edərkən də, hücumlara məruz qalırıq. Bu gün Azərbaycan mətbuatı , saytların əksəriyyəti ayrı-ayrı qruplara xidmət edir. Bu, artıq bütün sərhəd və etik hədləri aşmaq deməkdir. Ona görə də, hesab edirəm ki, prezident çox dəqiq mesaj verdi və hər kəs öz payını götürəcək”.
Qulu Məhərrəmli: “Saytlara daxil olarkən, kimlərin “vurulduğu”, kimlərə “hücum” olunduğu açıq-aşkar görünür”
Qulu Məhərrəmli əlavə edib ki, aparılan islahatlar bilavasitə həmin məmurların iqtisadi və nüfuz maraqlarına toxunur: “Hiss olunur ki, xüsusən yeni təyin olunan məmurlara qarşı qərəzli kampaniya həyata keçirilir. Bunu köhnə düşüncəli və oturduğu vəzifədən tərpənmək istəməyən məmurlar edirlər. Əlbəttə ki, prezident bütün bunları görür və o şəxslərə öz mesajını verdi. Nəticə isə yəqin ki, yaxın zamanlarda özünü göstərəcək”.
Müşviq Tofiqoğlu