Putin Azərbaycanla bağlı suala niyə geniş cavab vermədi?backend

Putin Azərbaycanla bağlı suala niyə geniş cavab vermədi?

“Son vaxtlar Bakıdan Rusiyanın ünvanına müxtəlif bəyanatlar səsləndirilir. Bilmək istərdik ki, siz özünüz iki ölkə arasındakı münasibətləri necə qiymətləndirirsiniz? Ümumiyyətlə, bizim aramızda nə baş verib və dialoqu necə bərpa etmək olar?”

KONKRET.az azpolitika.info-ya istinadla xəbər verir ki, bu, rusiyalı jurnalistin Çində Valdimir Putinə Azərbaycanla bağlı verdiyi sualdır. Lakin dəfələrlə o qədər də əhəmiyyəti olmayan suallara və mövzulara dair uzun-uzadı, şablon cavablar verdiyini gördüyümüz Putin bu vacib sualdan demək olar ki, yayındı.

Açıq göründü ki, dəqiq, arqumentləşdirilmiş cavab tələb edən bu sual qətiyyən onun ürəyincə deyil.

Onun cavabı isə cavabdan çox “malalamaq” xarakteri daşıyan söz yığını oldu və dediklərindəki yeganə diqqətəlayiq cəhət Azərbaycanla problemlərin olduğunun etitafıdır: “Siz sual vermək istədiz, amma birdən dörd sual verdiniz. Olarmı ki, mən qısa cavab verim? Ölkələr arasında münasibətlərdə həmişə mövcud vəziyyətə və ya siyasi konyunkturaya əsaslanan suallar yaranır. Problemlər var. Biz bu gün Prezident Əliyevlə, onun xanımı ilə salamlaşdıq, iki-üç kəlmə söhbət etdik. Hesab edirəm ki, Azərbaycanla Rusiya arasındakı fundamental münasibətlər və onların inkişafına dair qarşılıqlı maraqlar sonda hər şeyi öz yerinə qoyacaq”.

Faktiki olaraq, Putin bu sualların demək olar, heç birinə cavab vermədi. Açıq göründü ki, Putin bu “cavabı” ilə verilən sualdan və mövzudan mümkün qədər tez “canını qurtarmaq” istədi. Bu da həmin mövzunun onun üçün qətityyən xoş, yaxud “asıb-kəsmək” üçün uyğun olmadığının göstəricisidir.

Digər yandan, Azərbaycan Prezidenti ilə ayaqüstü salamlaşma səhnəsi də ortalıqda, yumşaq desək, “soyuqluğun” olduğunu və əvvəlki nisbətən səmimi münasibətlərin xeyli zədələndiyini deməyə əsas verir. Putinin dediyi “iki-üç kələmə söhbət etdik” ifadəsinin özü də şübhəlidir, çünki buna dair hər hansı bir videogörüntü yoxdur.

Deməli, münasibətlərdəki gərginliyin kökləri üzdə görünəndən daha dərindir və bunu, çoxlarının gözlədiyi kimi, Çində ayaqüstü söhbətlə, yaxud yarım saatlıq təkbətək görüşlə müzakirə və həll etmək mümkün deyildi.

Çindəki görüş səhnəsi və Putinin Bakı ilə münasibətlərə dair sualdan qaçması göstərir ki, tərəflər ən azı yaxın gələcəkdə öz mövqelərindən çəkilmək fikrində deyillər və gərginlik davam edəcək. Təbii ki, burada geri çəkilməli, üzr istəməli və münasibətlərin bərpasına xidmət edən ciddi addımlar atmalı olan tərəf Moskvadır.Bakının haqlı mövqeyi dəyişməz qalır: Təyyarəmizin vurulması ilə bağlı üzr istənilməsi, günahkarların cəzalandırılması və Rusiyada azərbaycanlılara qarşı təhdidlərin dayandırılması.

Lakin hegemonluğa və imperiyaçılıq ədalarına öyrəşmiş Kreml, belə görünür ki, hələlik buna hazır deyil. Əksinə, Moskva Azərbaycanın tələblərinə özünəməxsus qudurğanlıqla reaksiya verir: Azərbaycana və azərbaycanlılara qarşı misli görünməmiş, əsl neonasist, faşist təbliğatı, Azərbaycanın hərbi müdaxilə, işğal, “SVO” ilə hədələnməsi, Rusiyadakı azərbaycanlılara qarşı təzyiq və təhdidlər, həmçinin, Ukraynadakı Azərbaycana aid SOCAR infrastrukturunun vurulması, eləcə də ölkəmizə qarşı kiberhücumlar və sair.

Bu arada, Azərbaycan liderinin Rusiyanın 1920-ci ildə Azərbaycanı işğal edərək, Şərqdəki ilk demokratik cümhuriyyətin varlığına son qoymasına dair səsləndirdiyi aşkar tarixi fakt Kreml təbliğatçılarını isterik şok vəziyyətinə salıb. Bu, o deməkdir ki, hədəf doğru seçilib və atış ən ağrılı yerlərdən birinə dəyib.

Buna görədir ki, həmin açıqalmanın üzərindən xeyli vaxt keçməsinə baxmayaraq, “Z kanalları”nın və Kreml təbliğatının Azərbaycana, onun rəhbərliyinə və ümumilikdə azərbaycanlılara qarşı təhqir və təhdidləri davam edir və hətta bütün əndazələri aşır. Faşizm səviyyəsinə çatmış şovinizm və imperiyaçılıq azarından qızdırmaya düşmüş Rusiya cəmiyyətinin böyük hissəsi isə bu təbliğatı sevə-sevə həzm edir və ona qoşulur. Sosial şəbəkələrin rus seqmentində Azərbaycana qarşı nifrətin və qəzəbin həddi-hüdudu yoxdur. Və bütün bunlar məhz Putin idarəçiliyinin, şəxsən onun özünün “əsəridir”!

Hazırda müşahidə etdiyimiz mənzərə Putin Rusiyasının işğalçı, irticaçı, təxribatçı və qaniçən mahiyyətinə tam uyğundur. Böyük ehtimalla hələ xeyli müddət də bu cür davam edəcək.

Xatırladaq ki, dekabr ayında təyyarəmizin vurulmasına dair aparılan təhqiqatın son rəsmi nəticəsi açıqlanacaq. Gözlə görünən faktları hazırda sual altına alan və təhqiqatın sonunu gözləməyi “tövsiyyə edən” Rusiya tərəfinin həmin vaxt son hesabata necə reaksiya verəcəyini görəcəyik.

Hələlik isə təəssüf ki, münasibətlərdə ciddi yumşalma, yaxınlaşma, istiləşmə və s. gözləməyə dəymir. Hətta nə vaxtsa bunun işartıları olacaqsa da belə, ölkə rəhbərləri və hökumətlər arasındakı əvvəlki yaxın, səmimi sayıla biləcək mühasibətlərin bərpası mümkünsüz görünür. Ən azından ona görə ki, getdikcə daha da azğınlaşan, başıpozuq Putin idarəçiliyi Rusiyaya qonşuları ilə normal, bərabərhüquqlu, suverenliyə qarşılıqlı hörmət və sivil beynəlxalq normalara uyğun münasibət qurmaq şansını tanımır.

Bəli, Rusiya Azərbaycanın ən böyük qonşusu, ən əhəmiyyətli ticarət tərəfdaşlarından biri, ölkəmizə iqtisadi, sosial, siyasi, tarixi bağlılığı olan bir nəhəng dövlətdir. Və bu qonşuluqdan da tərəflərin heç birinin qaçacaq yeri yoxdur. Lakin təəssüf ki, bu nəhəng dövlət özünü bizə qarşı cılız, miskin düşmənçilik tərzində aparmaqla bütün dünyanın gözü önündə kiçildikcə kiçilir. Azərbaycana gəlincə isə heç kim Rusiya ilə hərbi qarşıdurma tərəfdarı deyil və bizdəki bəzi üzdə olan, xarici kanallara siyasi şərhlər verən şəxslərin şimal qonşumuzun ünvanına hərbi ritorikada od-alovlu, döyüşkən bəyanatlar səsləndirməsi də yersizdir. Lakin eyni zamanda, bu günə qədər ortaya haqlı mövqe və ən əsası, iradə qoyan ölkəmizin indiki tarixi məqamda qarşılaşdığı namərdliyin önündə əyilməyə, geri durmağa da nə əsası, nə də mənəvi haqqı var. Çünki bu gün geriyə atılan kiçik addımın belə, sabah suverenliyimiz, dövlətçiliyimiz üçün daha böyük mənfi fəsadları ola bilər…

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*