“Putin ən böyük səhvini edir” – Türkiyəli ekspertlə EKSKLÜZİV MÜSAHİBƏbackend

"Putin ən böyük səhvini edir" - Türkiyəli ekspertlə EKSKLÜZİV MÜSAHİBƏ

“Fransanın tarixən müstəmləkəçi bir dövlət olduğunu hər kəs bilir”.

Bu sözləri KONKRET.az-a müsahibəsində tanınmış türkiyəli siyasi şərhçi Alihan Limoncuoğlu deyib.

Müsahibəni təqdim edirik:

– Alihan bəy, Türkiyənin İsveçin NATO-ya üzvlüyünə icazə verməsini necə dəyərləndirirsiniz?

– Hələ ki, Türkiyənin İsveçin NATO-ya üzvlüyünün qarşısında tam olaraq nə aldığını bilmirik. Düzdür, bəzi sözlər verilib. Amma bu sözlərin həyata keçdiyini görmədən doğru və ya yanlış etdiyini demək düz deyil. Türkiyəyə Avropa İttifaqına üzvlük məsələsində dəstək lazımdır. Həmçinin, ABŞ-dan “F-16” qırıcı təyyarələrinin alınması, Avropa İttifaqı ilə sərbəst viza rejiminin tətbiq olunacağı və terrorla mübarizədə bəzi addımların atılacağını bilirik. Amma hələ ki, bunların hamısı sözlərdir. Biz isə hərəkət görmək istəyirik.

– Hazırda davam edən “Taxıl sazişi” böhranı var. Rusiya sazişin uzadılmayacağını desə də, Ukrayna və Türkiyə sazişin uzadılması üçün çalışır. Faktiki olaraq, müqavilənin başa çatmasına çox az vaxt qalıb. Sizcə, proses necə yekunlaşacaq?

– Rusiyanın “Taxıl sazişi”ni uzatmayacağını dedikdən sonra geri addım atacağını düşünmürəm. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bunu anladığı üçün Azov komandirlərini Ukraynaya göndərdi. Görünən odur ki, tərəflər arasında başqa bir razılaşma əldə olunacaq. Çünki Rusiya anlaşmalara əməl etmədi. Əslində Vladimir Putinin xarici siyasətdə çox uğurlu olduğu hesab olunurdu, amma Ukrayna müharibəsindən etibarən səhvlər etməyə başladı. Putinin “Taxıl sazişi”ni uzatmaması isə etdiyi ən böyük səhvlərdən biri olacaq. Hətta ona kömək etməyə çalışan Türkiyə kimi ölkələrə də mane olur. Hazırda isə Ukraynanın motivasiyası daha yüksəkdir. Xüsusilə, “Vaqner” üsyanından sonra Ukraynanın motivasiyası daha da artıb.

– Fransanın müstəmləkəçi bir dövlət olduğu reallığının bütün dünya tərəfindən qəbul olunması üçün hansı addımlar atmaq lazımdır?

– Əslində Fransanın tarixiən müstəmləkəçi bir dövlət olduğunu hər kəs bilir. Onlar, başda Afrika olmaqla, dünyanın bir çox yerində müstəmləkəçilik edib. Amma onun qəbul edilməsi fərqli bir məsələdir. Çünki kimlərə sərf edəndə nəyisə qəbul edirlər. Məsələn, İtaliyanın Baş naziri Giorgia Meloni də bununla bağlı açıqlama verib. Çünki hazırda İtaliyanın Fransa ilə münasibətləri pisdir. Amma araları pis olanda bunu deyirlər, yaxşı olanda demirlər. Yəni hazırda beynəlxalq güclərə sərf etmədiyi üçün Fransanın müstəmləkəçi dövlət olduğunu qəbul etmirlər. Ona görə də fransızlar işğal etdiyi yerlərə mədəniyyət apardıqlarını düşünür və belə hərəkət edirlər. Onların hələ də Afrikada aktiv olmalarının əsas səbəbi də məhz budur. Üstəlik, Afrika onlara külli miqdarda pul qazandırdığı üçün də belə davranırlar. Burada heç kimin atacağı bir addımın olduğunu düşünmürəm. Bunun üçün ilk növbədə Fransa gücsüz vəziyyətə düşməlidir. Başqa ölkələr tərəfindən də dünyaya bu reallığın zorla qəbul etdirilməyi lazımdır. Lakin indiki vəziyyətdə isə Fransanın müstəmləkəçi keçmişi ilə üzləşməsi çətin görünür.

– Türkiyə də dünyanın ən güclü ölkələrindən biridir və hər addımı böyük təsir yaradır. Bəs rəsmi Ankara Fransa məsələsində nələr edə bilər?

– Türkiyə regional bir gücdür. Məncə, Fransanın müstəmləkəçi keçmişi ilə üzləşməsi üçün müəyyən fəaliyyətlər həyata keçirilə bilər. Amma bunlar çox məhduddur. Rəsmi Ankara sadəcə bunu dünyaya xatırlada bilər. Bayaq dediyim kimi, digər ölkələr də bunu qəbul etməlidirlər, amma sadəcə özlərinə sərf edəndə bu addımı atırlar. Bunun üçün Fransanın hansısa müharibədə və ya siyasi cəhətdən böyük bir məğlubiyyət almağı lazımdır. Həmçinin, bunun üçün Fransa hakimiyyətinə müstəmləkəçi keçmişləri ilə üzləşəcək iqtidarın gəlməyi lazımdır. Bunun xaricində, belə bir halın baş verməsi çox çətindir. Türkiyənin də edəcəkləri kifayət qədər məhduddur.

– Necə düşünürsünüz, Fransa müstəmləkəçi keçmişinə görə üzr istəyərək, təzminat ödəyə bilər?

– Bəli, Fransa müstəmləkəçi keçmişinə görə üzr istəməli və təzminat ödəməlidir. Amma bunu qəbuletmə ehtimalı çox aşağıdır. Ancaq Fransada çox liberal və ifrat solçu iqtidar hakimiyyətə gəlsə, bunun başvermə ehtimalı meydana gələ bilər. Fransa Afrika və dünyanın bir çox yerində müstəmləkə siyasəti həyata keçirib. Bu qədər çox müstəmləkə siyasəti yürütmüş bir ölkənin bu addımları atması onu həm iqtisadi, həm də siyasi olaraq çətin vəziyyətə salar. Ona görə də yaxın gələcəkdə rəsmi Parisin bu addımı atma ehtimalını çox aşağı dəyərləndirirəm. Fransa çətin vəziyyətə düşməsə, bu addımı atmayacaq.

Elmir Kamal,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*