“Bizim üçün COP29-da danışıqların mərkəzi mövzusu maliyyələşdirmə ilə bağlı yeni kəmiyyət məqsədidir. Bu məqsəd BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Sazişinin və Paris Sazişinin mandatından kənara çıxmadan, iqlim böhranının miqyasına adekvat olan yardım səviyyəsini təmin etməlidir”.
KONKRET.az apa-ya istinadla xəbər verir ki, bunu COP29-da Rusiya Federasiyası nümayəndə heyətinin rəhbəri, Rusiya Federasiyası Prezidentinin köməkçisi, Prezidentin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Ruslan Edelgeriyev deyib.
O əlavə edib: “Biz, həmçinin, Paris Sazişinin 6.4-cü maddəsinə əsasən bazar mexanizminin metodoloji aspektləri üzrə çoxillik danışıqlar prosesini başa çatdırmağı səbirsizliklə gözləyirik, hansı ki, Dubayda bunu etmək mümkün olmadı.
Nəhayət, biz əvvəlki kimi, iqtisadiyyatı təbii yanacaqlardan asılı olan ölkələrin qanuni maraqlarının nəzərə alınmasının təmin olunmasına nail olmağa çalışacağıq. Yaxın keçmiş göstərdi ki, enerji keçidini sürətləndirmək cəhdində qəfil və düşünülməmiş addımlar nəyə gətirib çıxardı. Bizim borcumuz bu mənfi təcrübənin beynəlxalq ictimaiyyətin kollektiv yaddaşından silinməsinə imkan verməməkdir. Əks halda eyni səhvi təkrarlamaq riskimiz var.
Ruslan Edelgeriyev qeyd edib: “BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Sazişinin Tərəflər Konfransı COP-29-a ev sahibliyi etmək üçün Bakının seçilməsi Azərbaycanın təkcə ekoloji və iqlim məsələlərinə milli səviyyədə ciddi yanaşan ölkə kimi yox, həm də beynəlxalq səviyyədə iqlim gündəliyi ilə bağlı fikir ayrılıqlarının effektiv həlli üçün platformaya çevrilməyə qadir olan ölkə kimi beynəlxalq aləmdə artan nüfuzunu göstərir.
Bakıdakı kimi çoxtərəfli konfransların uğuru sədrlik edən tərəfdən – onun aparıcı danışıqlarçılarının təcrübəsindən, onun bütün nöqteyi-nəzərləri dinləməyə, onlardan ortaq məxrəc çıxarmağa və bu əsasda mümkün qədər çox tərəfi qane edən bir həll təklif etməyə hazır olan vicdanlı və qərəzsiz vasitəçi imicindən çox asılıdır. Əminəm ki, şəxsən tanıdığım Muxtar Babayevin komandası ona həvalə olunmuş məsuliyyətin öhdəsindən gələcək”.