ABŞ Prezidenti Donald Tramp ilə Vladimir Putin arasında 15 avqustda Alyaskada keçirilən görüşün ardından, Trampın Ukrayna Prezidenti Vladimir Zelenski və Avropa liderləri ilə müzakirə etdiyi Kiyevə yönəlik təhlükəsizlik zəmanətləri gündəmdə qalır.
KONKRET.az milli.az-a istinadən xəbər verir ki, Reuters-ə danışan və adının açıqlanmasını istəməyən Kremldəki 3 mənbəyə görə, Putinin ümumilikdə 4 tələbi var:
- Ukraynanın şərqindəki Donbas bölgəsinin tam şəkildə Rusiyaya verilməsi,
- Kiyevin NATO-ya üzvlük hədəflərindən imtina etməsi,
- Ukraynanın neytral statusda qalması,
- Qərb əsgərlərinin Ukraynaya daxil olmaması.
Xəbərdə qeyd olunur ki, Putin 2024-cü ilin iyununda Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin Rusiyanın bir parçası olduğunu bəyan etmiş, Ukraynanın isə bu şərtləri rədd etdiyi vurğulanmışdı. Yeni təklifdə isə Putin yalnız Donetsk və Luqanskı əhatə edən Donbasın Rusiya torpağı kimi tanınmasına qarşılıq, Zaporojye və Xersondakı mövcud cəbhə xətlərini dondurmağa hazır olduğunu bildirib. Bundan əlavə, Rusiya liderinin Xarkov, Sumı və Dnepropetrovsk bölgələrindəki kiçik işğal olunmuş əraziləri geri qaytarmağa meylli olduğu deyilir.
Xəbərdə həmçinin Putin NATO-dan şərqə doğru daha çox genişlənməyəcəyinə dair hüquqi cəhətdən məcburi öhdəlik tələb etdiyi və bu məsələdə israrcı olduğu vurğulanıb. O, eyni zamanda Ukrayna ordusunun məhdudlaşdırılmasını və hətta sülhməramlı qüvvələr çərçivəsində belə Qərb əsgərlərinin Ukraynaya girməməsini tələb edir.
Ukrayna Prezidenti Vladimir Zelenski isə dəfələrlə bildirib ki, Ukrayna torpaqlarını Moskva ilə razılaşmanın bir hissəsi olaraq verməyəcək. Onun Donbası Rusiyanın daha irəli getməsinin qarşısını alan bir “qala” kimi gördüyü qeyd olunub.
Reuters-ə danışan dördüncü mənbə isə Putinin Rusiyanın iqtisadi zəifliyinin və Ukrayna ərazilərində daha da irəliləməyin gətirəcəyi maliyyə yükünün fərqində olduğunu bildirib.