Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.
KONKRET.az xəbər verir ki, oktyabrın 10-da növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 21 ailə – 88 nəfər köçürülüb.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Daha da gözəlləşən və abadlaşan Füzuli şəhərinin sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildiriblər, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər.
Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar.
Bununla da Füzuli şəhərində 165 ailə, yəni 602 nəfərin daimi məskunlaşması təmin edilib.