Nə qədər kişi və qadın bərabər hüquqlara sahibdir desək də, təəssüf ki, bu, dünyanın hər yerində heç də belə deyil. Keçmiş zamanlara nəzərən müasir dövrdə bir çox ölkələrdə qadınlara təhsil, iş, azadlıq, siyasətdə çalışmaq kimi hüquqlar verilsə də, bəzi yerlərdə qadın olaraq doğulmaq bu dünyada cəhənnəm əzabı kimi bir şeydir.
KONKRET.az qadın hüquqlarının olmadığı, qadınların bütün haqlardan məhrum edildiyi, işgəncəyə məruz qaldığı ölkələri araşdırıb.
*Əfqan qadınları orta hesabla cəmi 45 il yaşayır. Əfqanıstanda illərdir davam edən müharibələr və dini əsaslı zülmlər nəticəsində qadınların təxminən 88%-i savadsızdır. Burada qızların yarıdan çoxu 16 yaşından kiçik evləndirilir. Bir çox dul anaların orta hesabla üç övladı var. Bir milyondan çox qadın özünü və uşaqlarını dolandırmaq üçün fahişəliyə məcbur edilir. Əfqanıstanda hər saat doğuş zamanı bir qadın ölür və bu, ölkəni dünyada ana ölümünün ən yüksək səviyyəsinə çatdırır.
*Misirdə qadınların 99,3%-i cinsi təcavüzə məruz qalır. Onların zorlandığı, işgəncəyə məruz qaldığı, alçaldıldığı, fiziki və psixoloji təcavüzlə üzləşdiyinə dair BMT tərəfindən rəsmi sənədlər də toplanıb. Eyni zamanda, tələbə qızların həbs edildiyi və onlara ağır cəzalar verildiyinə dair də dəlillər göstərilir. Bu ölkədə 91% qadın sünnətə məruz qalır. Siyasətdə isə onların demək olar ki, yeri yoxdur.
*Səudiyyə Ərəbistanında qadınların avtomobil idarə etməsi qanunla qadağandır. Bu ölkədə zorlama və cinsi təcavüz zina sayılır. Bu ölkədə qadın olaraq təcavüzə məruz qaldıqda qanunla zina etdiyi üçün yenə də günahkar elə qadın hesab edilir.
*Sudanda qızlar üçün qanuni nikah yaşı 10-dur. Orta hesabla hər 30 qadından 1-i hamiləlik dövründə ölür. Sudanda qadınların 7,3%-i isə doğuş zamanı həyatını itirir.
*Livan qanunlarına görə, təcavüz edənin zorlanan qadınla evlənmək hüququ var. Yəni burada da yuxarıda sadaladığımız ölkələrdə olduğu kimi, qadın olmaq xeyli çətindir. Təcavüzə uğrayan qadınlar bu ölkədə də günahkar hesab edilir. Livanda övladını abort etdirən qadına 7 il həbs cəzası verilir.
*Vətəndaş müharibəsindən ciddi zərər görən Somalidə 2012-ci ildə doğuş zamanı dünyada ən yüksək qadın ölümü qeydə alınıb. Bu nisbət 1,2% təşkil edir. Bundan əlavə, hazırlanan hesabata görə, Somalidəki qadın sığınacaqlarında 1200 qadın təcavüzə məruz qalıb.
*Qətərdə qadınlar sürücülük vəsiqəsi almaq üçün ərlərinin icazə verdiyinə dair sənəd göstərməlidirlər. Burada hər il 100 minə yaxın miqrant qadın nikahdankənar uşaq dünyaya gətirdiyinə görə həbs edilir.
*Türkmənistanda da qadınlara qarşı bir sıra qadağalar mövcuddur. Qadınların ictimai yerlərdə həyat yoldaşlarının əlindən tutması nə qədər absurd səslənsə də, türkmən xanımları bu qadağa ilə ayaqlaşmaq məcburiyyətindədir. Qadınlara dar paltar geyinməyə, cins şalvarda gəzməyə, saçları rəngləməyə, süni dırnaq, kiprik qoydurmağa da icazə verilmir. Etiraz edənləri ya işdən çıxarılmaq, ya da həbs olunmaq və böyük məbləğdə cərimələnmək təhlükəsi gözləyir. Onlara silikon implantlar və botoks da qəti qadağan olunub.
Semra Ələkbərli,
KONKRET.az