İsmayıllıda qadını intihara sövq edən şəxs həbs olunub.
KONKRET.az Oxu.az-a istinadla xəbər verir ki, ittihama görə, intihar hadisəsi 2023-cü il martın 6-da İsmayıllı rayonunun İsmayıllı kəndində baş verib.
Rayon ərazisindəki “Anais” gözəllik salonunda işləyən Dilarə Orucova səhər saatlarında özünü yaşadığı evin həyətində asıb. Onun meyitini oğlu aşkar edib.
Araşdırmalarla məlum olub ki, Dilarə Orucovanı ölümə təhrik edən şəxs var. Qadının telefon zənglərinin araşdırılması zamanı müəyyən edilib ki, həmin qadın İsmayıllıda Elxan adlı taksi sürücüsü ilə tanış olub və bir müddət onunla sevgi münasibətləri yaşayıb. Bir müddət sonra Elxanın qısqanclığına dözə bilməyən Dilarə ondan ayrılmaq qərarı verib. Lakin Elxan ondan ayrılmaq istəməyib və onu hədələməyə başlayıb. Dilarə ilə münasibətləri barədə qohumlarına məlumat verəcəyini deyən Elxan ondan şantaj yolu ilə qızıl və pul alıb. Bu üsulla Elxan qadını hər gün şantaj və təhdid edirmiş. Təhdidlərə dözməyən qadın iş yerindən çıxaraq taksi ilə evinə gəlib və özünü evinin həyətində asıb.
Faktla bağlı başlanmış cinayət işi ilə bağlı iki ilə yaxın araşdırma aparılıb və istintaq yekunlaşaraq iş məhkəməyə göndərilib.
Məhkəmə istintaqının sonunda intiharda Elxanın günahı sübuta yetirilib və hökm oxunub.
Məhkəmənin hökmü ilə Elxan 6 il 6 ay azadlıqdan məhrum edilib.