“Morgan Stanley”in araşdırmasına görə, 2030-cu ilə qədər 25-40 yaş arası qadınların 45 faizinin həyat yoldaşı və övladı olmayacaq. Bu məsələ Azərbaycan ictimaiyyətində də ciddi müzakirələrə səbəb oldu. Araşdırma ilə bağlı səsləndirilən fikirlər arasında dövrün maddi çətinlikləri və xüsusilə ana olmaq prosesinin öhdəlikləri də yer alır. Bəziləri övlad sahibi olmağın ciddi maliyyə tələb etdiyini, hətta hamiləlik dövründə belə xərclərin çox olduğunu və ailələrin bu yükü qarşılaya bilmədiyini deyirlər.
Maraqlıdır, ölkəmizdə hamiləlik müddəti üçün dövlət tərəfindən hansı güzəşt və prosedurlar nəzərdə tutulub? Ümumiyyətlə, bu məsələyə diqqət edilirmi?
KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan mama-ginekoloq Təranə Həsənova bildirib ki, Azərbaycanda hamilə qadınlara və doğuşdan sonrakı dövrə dair qanunvericilik olduqca humanist xarakter daşıyır:
“Qanunlara əsasən, hamilə qadının işdən çıxarılması qadağandır ki, bu da çox vacib və müsbət haldır. Hamiləlik dövründə qadın müxtəlif sağlamlıq problemləri, xüsusilə də nevroloji narahatlıqlar yaşayır və bu zaman hüquqi müdafiə onun üçün xüsusi əhəmiyyət daşıyır. Bundan əlavə, hamiləlik müddətində qadın tibbi yardımla tam təmin olunur və bütün xəstəxana xərclərini dövlət qarşılayır. Habelə hamilə qadınların sağlamlıq vəziyyətini izləmək üçün müntəzəm həkim müayinələri həyata keçirilir.
Dövlət tərəfindən bu müayinələr üçün müəyyən qaydalar və prosedurlar nəzərdə tutulub. Mütəmadi olaraq prenatal, ultrasəs müayinələri və digər lazımi tibbi xidmətlər pulsuz həyata keçirilir. 32-ci həftədən etibarən qadın 126 günlük analıq məzuniyyətinə çıxır və bu dövrdə istirahət hüququna malikdir. Doğuşa yaxın olan mərhələdə artan narahatlıqlar nəzərə alınaraq, məzuniyyətin məhz bu vaxtdan başlanması nəzərdə tutulub”.
Həkim qeyd edib ki, hazırda doğuş xərcləri icbari tibbi sığorta çərçivəsində ödənişsiz həyata keçirilir:
“Doğuşdan sonra qadın istədiyi vaxt işinə qayıda bilər — bu, bir il də ola bilər, iki və ya üç il də. Əsas məqam ondan ibarətdir ki, qadın iş yerini itirmir və əvvəlki vəzifəsinə qayıtmaq hüququnu qoruyur. Hamiləlik dövrü və doğuşdan sonra dövlət uşağa qulluğa görə valideynlərə müxtəlif müavinətlər verir. Bu müavinətlər, uşağın yaşına görə dəyişir və müəyyən bir məbləğdə ödənilir”.