Qadınların özlərindən xeyli yaşlı kişilərlə ailə həyatı qurması son illərdə geniş müzakirə olunan mövzulardandır.
Maraqlıdır, qadınlar niyə özlərindən xeyli yaşlı kişilərlə evlənirlər?
Psixoloq, psixoterapevt Sibel Piriyeva KONKRET.az-a açıqlamasında bu seçimlərin arxasında duran psixoloji və sosial səbəbləri izah edib.
Sibel Piriyeva
Mütəxəssisin sözlərinə görə, bu məsələnin kökü ilk növbədə Ziqmund Freydin psixoanalitik nəzəriyyəsinə dayanır. Onun fikrincə, qız uşaqlarının ataları ilə münasibəti gələcəkdə kişi partnyorlarla quracağı münasibətə ciddi təsir göstərir:
“Ata fiquru qadın üçün güvən və sabitliyin rəmzidir. Əgər uşaqkən atasından kifayət qədər sevgi, diqqət və qayğı görməyibsə, bu boşluğu sonradan yaşca böyük kişilərlə doldurmağa çalışa bilər”.
Piriyevanın sözlərinə görə, yaşca böyük kişilər daha olğun, maliyyə cəhətdən sabit və təcrübəli olur. Bu da qadın üçün təhlükəsizlik hissi yaradır. Onun fikrincə, bəzi qadınlar emosional dərinlik və intellektual uyğunluq axtarışında olduqları üçün yaşıdları yerinə daha yaşlı kişilərə üstünlük verirlər.
Psixoloq qeyd edib ki, cəmiyyətin patriarxal dəyərləri də bu tendensiyanın formalaşmasına təsir göstərir:
“Cəmiyyətdə yaşlı kişi ilə gənc qadının ailə qurması normal qarşılanır. Lakin qadın yaşca böyük, kişi isə cavan olduqda bu münasibət ictimai qınağa səbəb olur. Bu da kişiyə verilən sosial və dominant mövqe ilə bağlıdır”.
Piriyeva vurğulayıb ki, bəzi qadınlar maddi təminat səbəbilə bu cür evliliyi üstün tutur:
“Yaşca böyük kişilərlə evlənən qadınların bir qismi artıq oturuşmuş, sosial statusu olan bir partnyorla daha rahat həyat quracaqlarına inanır. Bu yanaşma xüsusilə qeyri-sabit mühitdə böyümüş və resurs çatışmazlığı yaşayan qadınlarda müşahidə olunur”.
Psixoloq əlavə edib ki, bəzi qadınlar həmyaşıd partnyorlarını idarə etməkdə çətinlik çəkdiklərinə görə daha böyük yaşlı kişiləri seçirlər. Onlar yaş fərqinə görə nəzarəti daha asan şəkildə əlində saxlaya biləcəklərini düşünürlər.
Bununla belə, Piriyeva yaş fərqinə əsaslanan evliliklərin risklərinə də diqqət çəkib:
“Yaş fərqi olan münasibətlərdə nəsil fərqi, dəyərlər sistemi və həyat tərzindəki uyğunsuzluq emosional və intellektual boşluqlar yarada bilər. Bu, zamanla ünsiyyətdə problemlərə səbəb olur. Üstəlik, yaşlı kişilərdə sağlamlıq problemləri daha tez ortaya çıxdığı üçün qadın tərəf üçün əlavə emosional yük yaranır”.
Nəticə etibarilə, qadınların yaşca böyük kişilərlə evlənməsinə səbəb təkcə psixoloji deyil, sosial və maddi amillərlə də bağlıdır. Lakin bu münasibətlərin davamlı və sağlam olması üçün tərəflər arasında qarşılıqlı anlaşma və uyğunluq əsas şərt olaraq qalır.
Aynurə İsmayıl
KONKRET.az