Qadınları cəmiyyətdə sıxan SƏBƏBLƏR – Problemin həlli nələrdən keçir?backend

Qadınları cəmiyyətdə sıxan SƏBƏBLƏRProblemin həlli nələrdən keçir?

“Hesab edirəm ki, qadınlarımız iqtisadi cəhətdən azad olmalıdır. Bu, real vəziyyətdə çox vacib elementdir. Hətta ən doğma insanlardan belə – valideynlərdən, qardaşdan, həyat yoldaşından iqtisadi asılılıq olmamalıdır. Qadınlar öz ayaqları üstündə dayananda talelərinin müəllifi özləri olur, talelərini başqaları yazmır. Və hadisələrdən, situasiyalardan çıxış yollarını da özləri asanlıqla müəyyənləşdirə bilir”.

KONKRET.az xəbər verir ki, bu fikirləri Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva “Azərbaycan Uşaqları” İctimai Birliyinin hesabat konfransında səsləndirib.

 

Xanım Əliyeva bildirib ki, nə qədər qəribə səslənsə də, dünyanın ən güclü qadınları belə ən yaxşı halda psixoloji zorakılığa məruz qalır: “Mən hələ zorakılığın daha dərin növlərindən danışmıram. Təəssüflər olsun ki, biz bəzən cəmiyyət üçün yaşamağa məcbur olur, addımlarımızı cəmiyyətə müvafiq atmaq məcburiyyətində qalırıq. Ən güclü, vəzifəli, iqtisadi cəhətdən hər cür təminatlı qadınlar belə qərarlarını verərkən mütləq cəmiyyəti düşünür”.

“Əksər hallarda müşahidələrim göstərir ki, şəxsi həyatında zorakılıq görən kişilər, yəni öz analarına, ailə üzvlərinə qarşı münasibətdə bunu görən adamlar zamanla aqressora çevrilirlər. Və elə bilirlər ki, həyat bu cür olmalıdır. Sonradan bu yanaşmanı digər qadınlara da tətbiq edirlər”, – deyən A.Əliyeva qeyd edib ki, belə hallarda bütün cəmiyyətin ən böyük gözləntisi dövlət orqanlarındandır. “Yəni zorakılıq hadisəsi baş verəndə sosial şəbəkələrdən də görünür ki, Ailə, Qadın və Uşaq Komitəsi, müxtəlif hüquq-mühafizə orqanları tağ edilir və s. Amma hesab edirəm ki, burada cəmiyyətin ayrı-ayrı elementləri birgə mübarizə aparmalı, dövlət orqanlarına dəstək olmalıdır. Çünki bu, bizim birgə işimizdir və heç kim nə vaxtsa zorakılığın qurbanı olmaqdan sığortalanmayıb”.

Agentliyin rəhbəri belə hallarda çıxış yolunu konkret göstərməyin çətin olduğunu desə də, əlavə edib ki, bu yolda mübarizə dayanmamalı, nəticədən asılı olmayaraq, daim davam etdirilməlidir.

Xanım Əliyeva onu da açıqlayıb ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi də hər il yüzlərlə bu mövzuda layihələri maliyyələşdirir. Həmçinin, 2024-cü ilin qrant müsabiqəsində də 5 mühüm mövzudan biri məhz həssas qruplarla işlə bağlıdır.

Sevinc Paşayeva,

KONKRET.az

  • Tahir Qasımov
    Dekabr 26, 2023 - 20:02

    Əcəba heç kişiləri sıxan, onları düşündürən səbəblər barədə düşünən eşitdinizmi? Bu gedişlə 5-10 ilə Ailə Qadın və Xoşqədəm və Tolik komitəsinin hesabına kişilərin üzünə tüpürməyə tüpürcək belə tapılmayacaq və ya tapılasada ehtiyac qalmayacaq….

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*