ABŞ və Azərbaycan arasında diplomatik münasibətlər qurulduqdan sonra ilk dəfə 1997-ci ildə Prezident Heydər Əliyevin Vaşinqtona səfəri bu münasibətlərin əsasını qoydu. Həmin səfər çərçivəsində imzalanan birgə bəyanat, ABŞ tərəfindən Bakı–Tbilisi–Ceyhan (BTC) neft kəməri layihəsinə verilən dəstək, sonradan bölgənin enerji xəritəsini dəyişdirən və Azərbaycanın geosiyasi əhəmiyyətini artıran strateji layihələrin başlanğıc nöqtəsinə çevrildi.
2003-cü ildə Prezident Heydər Əliyevin Oval kabinetdə Prezident Corc Buşla görüşü zamanı Azərbaycan ABŞ-ın rəsmi müttəfiqi elan edildi. Barak Obama dövründə də əlaqələr davam etdirilsə də, Co Bayden administrasiyası dövründə münasibətlər durğunluq mərhələsinə daxil oldu və yalnız diplomatik protokol çərçivəsində təmaslarla kifayətlənməyə başladı.
Hazırda isə Vaşinqtonda planlaşdırılan yüksək səviyyəli görüş bölgə üçün yeni mərhələnin başlanğıcını qoymağa namizəddir.
KONKRET.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Aqil Məmmədov deyib.
O, bildirib ki, hazırda planlaşdırılan Vaşinqton görüşü təkcə Azərbaycan-Ermənistan münasibətləri üçün yox, həm də bütövlükdə regionun gələcəyi və qlobal ticarət yollarının inkişafı baxımından olduqca önəmlidir:
“Bu görüş yalnız bir diplomatik protokol deyil. Bu, Zəngəzur dəhlizi kimi qlobal arteriyanın açılması üçün vacib siyasi iradənin formalaşmasına xidmət edəcək. Sülh sazişi öncəsi son önəmli dayanacaq məhz Vaşinqton olacaq. Burada tərəflər finiş düzüyünə çıxmazdan əvvəl son saatlarını sazlayacaqlar.”
Siyasi şərhçi qeyd edib ki, bu görüşdə Azərbaycanın daha bir vacib tələbi – ATƏT-in Minsk Qrupunun buraxılması məsələsi də masada olacaq:
“Minsk Qrupunun fəaliyyətini bitmiş elan etmək üçün ən uyğun məqam məhz budur. Üstəlik, bu qərarın qrupun həmsədr ölkəsi olan ABŞ-ın iştirakı ilə rəsmi şəkildə qeyd olunması, prosesi beynəlxalq hüquqi müstəviyə daşıyacaq. Gözləntilər odur ki, bu görüşdən sonra ABŞ-ın təsiri ilə Minsk Qrupunun rəsmən ləğvi ilə bağlı qərar yaxın vaxtlarda elan ediləcək.”
Aqil Məmmədovun sözlərinə görə, sülh sazişi ilə bağlı yekun sənədin gələn ilin may və ya iyun ayında imzalanması ehtimalı yüksəkdir:
“Bu sənəd imzalanarsa, Qafqazda tamamilə yeni siyasi və iqtisadi dövr başlayacaq. Bu da Cənubi Qafqazın transformasiyası deməkdir. ABŞ-a edilən hər səfər Azərbaycanın tarixində yeni strateji dönəmin başlanğıcı ilə yadda qalıb. Bu dəfə də fərqli olmayacaq.”
Natiq Səlim,
KONKRET.az