“Qanunsuz silahlı qurupların və terrorçu dəstələrin bölgədə mövcudluğu davamlı sülh üçün ciddi təhdiddir”backend

“Qanunsuz silahlı qurupların və terrorçu dəstələrin bölgədə mövcudluğu davamlı sülh üçün ciddi təhdiddir” 

Anar Əliyev, politoloq

Qarabağda atəşkəs rejiminə nəzarəti həyata keçirəcək birgə Monitorinq Mərkəzi artıq bir neçə gündür fəaliyyətə başlayıb. Mərkəzdə hər iki tərəfdən yüksək səviyyəli 60 zabit, iki generalın rəhbərliyi altında xidmət keçir və bu fəaliyyət regionda əldə olunmuş sülhün davamlı və səmərəli olmasına istiqamətlənib. Xatırladaq ki, Mərkəz 10 noyabr birgə Bəyanatının tələbinə uyğun olaraq hazırlanıb və fəaliyyətə başlayıb. Amma, əsas məsələ Mərkəzin fəaliyyətə başlaması ilə yanaşı, davamlı sülhün və qarşılıqlı etimad, inam mühütinin formalaşması istiqamətində verəcəyi töhfələrlə bağlıdır.

Bəs Monitorinq Mərkəzinin fəaliyyətə başlamasından keçən müddət ərzində qarşıya qoyulan məqsədlər baxımından hansı müsbət elementlər özünü göstərir və perspektivdə bu struktur hansı töhvələr vermək imkanındadır?

Mövzunu KONKRET.az-a Tarix üzrə fəlsəfə doktoru, politoloq Anar Əliyev şərh edib. Politoloq qeyd edib ki, Rusiya və Türkiyə hərbçilərinin Qarabağda sülhyaratma fəaliyyəti birgə əməkdaşlıq baxımından ilk hall deyil: “Buna qədər Yaxın Şərqdə, xüsusilə, Suriyada oxşar praktikanın şahidi olduq və qərbli “dostların” bütün cəhdlərinə baxmayaraq, Rusiya və Türkiyə xırda insidentləri çıxmaq şərtilə, münaqişəyə yox, birgə fəaliyyətə meylli olduqlarını nümayiş etdirdilər. Beləliklə, ilkin təcrübə var və bütün mümkün təhriklərə baxmayaraq, Rusiya və Türkiyə hərbçilərinin Qarabağda birgə fəaliyyətdə hədəfə çatacaqlarını proqnozlaşdırmağa kifayət edəcək əsaslar mövcuddur. Təbii ki, bu ilkin görüntüdür və dərin təhlil bu fikirlərin reallaşmasına kifayət qədər ciddi təhlükələrin qaldığını göstərir. Bu təhlükələri zərərsizləşdirmədən məqsədə nail olmaq isə, o qədər də rahat olmayacaq”.

Bəs regionda davamlı sülhün bərqərar olması, iki düşmən cəmiyyət arasında artıq çoxdan itirilmiş qarşılıqlı etimad mühitinin formalaşdırılmasına, birgəyaşayışın təmin olunmasına və nəticə etibarilə, sülhməramlı missiyanın iflasa uğramasına səbəb olacaq təhlükələr və təhdidlər hansılardır?

Anar Əliyevin fikrincə təhlükələri iştirakçıların regiondan və regiondan kənar qüvvələrlə bağlı olması baxımından iki qrupa bölmək olar. Birinci qrup təhlükələr və bu təhlükələrdən çıxış yolları:

Birinci təhdid: “9 bənddən ibarət 10 noyabr Bəyanatının 5-ci bəndində Rusiyanın vasitəçiliyi ilə münaqişə tərəfləri razılaşırlar ki, sülhməramlıların bölgəyə daxilolması ilə paralel şəkildə Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərindən çıxarılır. Qeyd edim ki, Rusiya və Azərbaycan prezidentləri dəfələrlə qeyd ediblər ki, atəşkəs bəyanatının şərtləri ardıcıllıqla icra olunur. Bu baxımdan 5-ci bəndin sülhməramlıların bölgəyə daxilolması və atəşkəsə nəzarət etməsi hissəsinin icrasında problem mövcud deyil. Amma, təəssüflə qeyd etməliyik ki, bölgədə qanunsuz silahlı qüvvələr hələ də qalmaqdadır və həmin qüvvələr tərəfindən bir neçə dəfə atəşkəsin pozulmasına və azərbaycanlılara qarşı terrora cəhd edilib. Sülhməramlıların və Azərbaycan Silahlı Qüvvələrinin koordinasiya olunmuş birgə fəaliyyəti nəticəsində bu qığılcımların alova çevrilmədən qarşısı alındı. Lakin, qanunsuz silahlı qurupların və terrorçu dəstələrin bölgədə mövcudluğu davamlı sülh üçün ciddi təhdid olaraq qalmaqdadır.

İkinci təhdid: Qarabağ həm tarixi reallıqlar, həm də beynəlxalq hüquqla Azərbaycanın tərkib hissəsidir və bu fakt dünyanın bir çox dövlət başçıları, eləcə də atəşkəsin qarantı rolunda çıxış edən Rusiyanın prezidenti tərəfindən də bir neçə dəfə açıq mətnlə ifadə olunub. Təəssüf ki, Rusiya sülhməramlılarının, eləcə də Azərbaycan tərəfinin humanist yanaşmasından sui-istifadə edən separatçı qurum hər imkandan yararlanaraq özünün mövcudluğunu təsdiqləməyə çalışır və onların hələ də Qarabağın bəzi ərazilərində mövcudluğu Azərbaycanın öz əraziləri üzərində tam olaraq dövlət suverenliyinin təmininə müəyyən problemlər yaradır. “DQR” adlı separatçı qurumun bölgədə mövcudluğu atəşkəsin və sülhün gələcəyinə təhlükə yaradan amillərdən birinə çevrilib.

Üçüncü təhdid: Ermənistanda revanşistlərin fəallaşması, xüsusilə eks-prezidentlər Robert Koçaryan və Serj Sarkisyanın böyük siyasətə qayıdış iddiaları və müharibə şüarları səsləndirmələri Azərbaycan və Ermənistan arasında əlaqələrin qurulması istiqamətində böyük layihələrə təhlükə yaratmaqla yanaşı, Qarabağda kövrək atəşkəsə, nəticə etibarilə Monitorinq Mərkəzinin səmərəli fəaliyyətinə kölgə salmış olur. Lakin onu da qeyd etmək lazımdır ki, Koçaryan və Sarkisyanın iddialarının arxasında ciddi qüvvə və ictimai rəy dayanmadığından hələ ki, əhəmiyyətli təhlükə mənbəyi deyil, amma, regionda sülhü, barışı, paralel olaraq Rusiya-Türkiyə birgə fəaliyyətini pozmağa çalışan qüvvələrin əlində alət ola bilər”.

İkinci qrup təhlükələr və bu təhlükələrdən çıxış yolları:

Birinci təhdid: 9 noyabr gedişi ilə Rusiya rəqibləri Fransa və xüsusilə, ABŞ-ı Qafqazda münasibətlərin tənzimlənməsi prosesinin kənarında qoymağı bacardı. Lakin, qərb dövlətlərinin, bağlıca olaraq Fransanın atəşkəs əldə olunduqdan sonra sərgilədiyi destruktiv yanaşma, münaqişə tərəfləri arasında konfrantasiyanın böyüməsinə, artmasına xidmət edən “demokratik” addımları onların mövcud reallıqlarla rahat şəkildə barışmayacaqlarını göstərdi. Qərbin, xüsusilə, uzun illər ərzində apardığı təbliğat nəticəsində keçmiş sovet xalqları arasında müəyyən qədər nail olduğu rus düşmənçiliyi (haqlı tərəfləri də yox deyil), Rusiya xofunun əriməsinə, “Rusiya ilə də bərabərhüquqlu münasibətlər qurmaq, müttəfiqlik etmək mümkünmüş” düşüncəsinin formalaşmasına seyrçi qalmayacağı aydındır (Bu istiqamətdə Qərb paytaxtlarında, xüsusilə, Vaşinqtonda yeni admnistrasiyanın ciddi projelər hazırlığında olduğu artıq heç kimə sirr deyil). Əks halda onilliklərdir həyata keçirilən və böyük nəticələr doğuran siyasət iflasa uğramış olar. Əlavə edim ki, onların bu addımları həm də Avropa dövlətləri və Amerikada aktiv fəaliyyət göstərən və Qafqazda millətlərarası düşmənçiliyi alovlandırmağa çalışan erməni diaspor dairələrinin maraqları ilə də üst-üstə düşür. Beləliklə, Qərbi Avropa dövlətləri və Amerikadan gələn təhdidlər və bu fonda Qarabağda sülhün formalaşmasına yaranan təhlükələr.

İkinci təhdid: Türkiyə, xüsusilə Rusiya daxilində iki dövlət arasında münasibətlərin normallaşmasına qarşı olan kifayət qədər ciddi qüvvələr mövcuddur və davamlı təmizləmələrə baxmayaraq, müəyyən güc olaraq özlərinin mövcudluğunu qorumaqdadırlar. Mən, xüsusilə, Türkiyə tərəfindən Rusiya hərbi təyyarəsinin vurulması təxribatını və münasibətlərdə yaranan gərginliyi misal cəkmək istəyirəm. Əlavə edim ki, bu insident Rusiya və Türkiyədən başqa, demək olar bütün digər qüvvələrin maraqlarına xidmət etmiş oldu. Eləcə də Rusiya daxilində qatı şovinist və antitürk meyllərin zaman-zaman güclənməsini və bu meyllərin qarşılıqlı münasibətlərə vurduğu zərbələri xatırlamaq yetərlidir. Beləliklə, həm Rusiya, həm də Türkiyə daxilində Qarabağda birgə fəaliyyətə zərbə vurmağa çalışan qüvvələrin mövcudluğu.

Üçüncü təhdid: Rusiyada fəaliyyət göstərən və Ermənistanda revanşist düşüncəli Qarabağ klanına açıq maliyyə dəstəyi göstərən erməni diaspor təşkilatları və onların “ali irq və Böyük Ermənistan” xülyaları. Qeyd edim ki, bu «xəstə ideologiya» artıq lokal səviyyədən çıxıb, qlobal təhlükəsizlik üçün təhdidə çevrilib. Bir neçə gün öncə Rusiya erməni diaspor nümayəndəsi Norayr Qriqoryanın sosial şəbəkə hesabında ermənilərin Rusiyaya qarşı Soçi və ya Adler mərkəz olmaqla ərazi iddiaları ilə bağlı paylaşımı “erməni sindromu”nun nə qədər təhlükəli və miqyassız səviyyəyə qalxdığını deməyə imkan verən növbəti elementlərdən biridir. Beləliklə, Rusiyada fəaliyyət göstərən və Qafqazda millətlərarası düşmənçiliyin yaranmasında və kəskinləşməsində mühüm rol oynayan erməni diaspor dairələri və onların başqa xalqlara, qonşulara qarşı bitib tükənməyən iddiaları.

Bu sadalananlar Qarabağda sülhü və birgəyaşayışın formalaşaçağına inamı təhdid etdiyi kimi, Ağdamda fəaliyyət göstərən birgə Mərkəzin səmərəli fəaliyyətinə də zaman-zaman problemlər yarada bilər. Lakin, güclü siyasi iradə (xüsusilə, Rusiya, Türkiyə və Azərbaycan tərəfdən), birgə fəaliyyətin dövlət maraqlarına xidmət etməsi (xüsusilə, Rusiya və Türkiyə), Azərbaycan dövləti ilə səmərəli və strateji müttəfiqliyə əsaslanan münasibətlərin qurulmasının regionun maraqlarına uyğun olması (xüsusilə, Rusiya, Ermənistan və Azərbaycan), eyni zamanda, qarşıdakı günlərdə daha da güclənəcəyi aydın görünən Rusiyaya qarşı müxtəlif istiqamətli təziqlərə immunitetin güclənməsi üçün Türkiyə ilə müttəfiq münasibətlərin daha da dərinləşdirilməsinə olan təbii tələbat birgə Monitorinq Mərkəzi çərçivəsində fəaliyyətin daha da ciddi şəkildə nəzarətə götürülməsini və bü fəaliyyətə qarşı bütün təhdidlərə birgə mübarizə taktikası yürüdülməsini zəruri edir.

Beləliklə, Qarabağda birgə Mərkəzin səmərəli fəaliyyət göstərməsi həm regionun gələcək inkişafı baxımından, həm də Rusiya və Türkiyə dövlətlərinin maraqları baxımından həyati əhəmiyyətə malikdir. Əks variant regionda gərginliyi artırmaq, reallaşdırılmasına hazırlaşılan iqtisadi-kommunikasiya layihələrini təhlükəyə atmaqla yanaşı, Rusiya və Türkiyənin bölgədəki maraqlarına da ciddi zərbə vurmuş olar.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*