Azərbaycan Avropa futbolunda daha bir uğura imza atıb. Ölkəmiz UEFA-nın klub əmsalları cədvəlində mövqeyini yaxşılaşdırıb.
KONKRET.az xəbər verir ki, bu irəliləyiş birbaşa “Qarabağ”ın Çempionlar Liqasındakı tarixi nəticəsi ilə bağlıdır. Ağdam təmsilçisi turnirin əsas mərhələsinin ilk oyununda “Benfika”nı səfərdə 3:2 hesabı ilə məğlub edib. Bu qələbə Azərbaycanın UEFA reytinqinə əlavə olaraq 0.500 xal qazandırıb.
Beləliklə, ölkəmizin ümumi əmsalı 21.500-ə yüksəlib. Bu nəticə ilə Azərbaycan Slovakiyanı geridə qoyaraq UEFA reytinqində 25-ci pilləyə qalxıb.
Hazırda siyahıda 24-cü yerdə qərarlaşan Serbiyanın 22.125 xalı var. Bu isə o deməkdir ki, “Qarabağ”ın Avropadakı uğurlu çıxışını davam etdirməsi halında Azərbaycan daha bir pillə irəliləyərək Serbiyanı da keçə bilər.