Qarabağ müharibəsindən sonra regionda nə baş verir? – “Asharq Al-Awsat”ın ŞƏRHİbackend

Qarabağ müharibəsindən sonra regionda nə baş verir? - "Asharq Al-Awsat"ın ŞƏRHİ

Ermənistan-Azərbaycan problemi hələ tam həll olunmayıb. Keçən həftə ermənilər Qarabağ və Ermənistan arasında yerləşən Kəlbəcəri atəşkəs razılaşmasının ardından tərk etdilər, lakin bir çoxu evlərini yandırdı və ölmüş yaxınlarının cəsədlərini də məzardan çıxarıb özləri ilə apardılar. Kəlbəcər rayonunun köçürülməsi noyabrın 15-nə təyin edilmişdi, lakin Azərbaycan humanitar səbəblərdən ermənilərə 10 gün əlavə vaxt verdi. Ermənistan anlaşma çərçivəsində Dağlıq Qarabağ ətrafındakı üç bölgənin – Ağdam, Kəlbəcər və Laçın bölgələrinin Azərbaycanın nəzarətinə keçməsini qəbul etdi. 25 noyabr çərşənbə günü Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində Dağlıq Qarabağa bitişik Kəlbəcər bölgəsinin Bakının nəzarətinə verildiyini elan etdi. O, Kəlbəcər rayonunun işğaldan azad olunduğunu bildirərək Azərbaycan xalqını təbrik etdi. Əliyevin sözlərinə görə, orada yerləşən abidələr, kilsə və məscidlər Azərbaycanın tarixi irsidir və mədəni irs kimi dövlət tərəfindən qorunacaqdır.

Sülh müqaviləsi Azərbaycan Ordusunun erməni qüvvələrini məğlub etməsindən və Dağlıq Qarabağın baş şəhəri  Stepanakertə (Xankəndi-red) hücum təhdidindən sonra imzalandı.  Beləcə  Rusiya və Türkiyə bölgədə vəziyyəti sabitləşdirmək və danışıqları davam etdirmək cəhdi müqabilində strateji qazanclar üçün  fürsəti fötə vermədilər.  Ermənistanla Azərbaycan arasında ziddiyyət kimi görünən məsələ iki böyük gücün maraqları toruna düşdü. Dağlıq Qarabağ münaqişəsi beynəlxalq ictimaiyyətin ABŞ seçkilərinə diqqət kəsildiyi bir vaxtda baş verdi. Bu da Azərbaycana bölgədə fərqlənmə üçün misilsiz bir fürsət verdi. Bakının açıq üstünlüyündə Türkiyənin dəstəyi xüsusi qeyd edilməlidir.

Danışıqların dalana dirənməsi və Türkiyə ilə strateji əlaqələrin gücləndirilməsi Bakını aqressiv hala gətirdi. Lakin Rusiyanın qırmızı xətləri heç vaxt keçilmədi. Ermənistan əvvəldən daha çox itki verməmək üçün hərbi əməliyyatları ən qısa müddətdə dayandırmağa və danışıqları bərpa etməyə çalışırdı. Türkiyə öz növbəsində Dağlıq Qarabağdakı vəziyyəti nəzarətə götürməklə beynəlxalq aləmdə oyun qaydalarını dəyişdirmək üçün bir fürsət gördü. Qarşıdurmanın ona bölgədəki təsirini genişləndirmək üçün diplomatik, hərbi və texnoloji  gücündən istifadə etmək imkanı verəcəyini başa düşdü.

Qarabağ münaqişəsi zamanı Ankaranın davranışı, Rusiya, ABŞ və Fransa ilə üzləşməyə cəsarət etməsi onun açıq mübarizəyə hazır olduğunu göstərdi. Nəticədə Türkiyə Rusiyanın Qafqaz hegemonluğuna son qoydu. ABŞ, Fransa və digər Avropa dövlətlərini isə böyük ölçüdə Qafqazdan sıxışdırdı.  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsində reytinqini yüksəldəcəyini və millətçilər və radikal islamçılar arasında mövqeyini gücləndirəcəyini bilərək bu mövqeyi tutdu. Türkiyəni yerli və regional silahlı qarşıdurmalara (Suriyadan Liviyaya) nə qədər çox cəlb etsə, o qədər çox dəstək alacağına inanır.

Digər tərəfdən Rusiya da bölgədəki nüfuzunu qorumağa çalışır. 10 noyabrda qüvvəyə minən atəşkəs razılaşması əslində Moskvanın böyük uğurudur. Razılaşmanın ən vacib məqamlarından biri də Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca 5 il müddətinə Rusiya müşahidəçilərinin yerləşdirilməsidir. Azərbaycan Dağlıq Qarabağın ikinci böyük şəhəri olan Şuşa da daxil olmaqla işğal olunmuş ərazilər üzərində nəzarəti əlində saxlayacaq. Kreml razılaşmada türkiyəli müşahidəçilərin Dağlıq Qarabağa yerləşdirilməsini ehtiva etmədiyini təsdiqlədi. Bununla da Ərdoğanın Qafqaza sürətli gəlişini bir qədər zəiflətdi.

İran Qarabağ münaqişəsinə müdaxilə etmədi, lakin əvvəllər olduğu kimi hərbi əməliyyatların ərazisinə keçməməsi üçün lazım olan hər şeyi etdi. İranın münaqişə zamanı aktiv olacağını gözləmək olardı?  Yox. Başlanğıcda bitərəfliyini qorumağa çalışsa da, sonradan Qarabağdakı vəziyyətin həllində vasitəçi olmaq həvəsinə düşdü. Nəhayətdə Bakıya dəstək olduğunu bildirdi.

Tehran da daxil olmaqla hər kəs Rusiyanın başlatdığı danışıqlarda yalnız kiçik bir oyunçu olduğunu başa düşür. Buna baxmayaraq, ölkənin sabitliyinə təhlükə yaradan Qarabağ münaqişəsinin həllində Tehran da iştirak etmək istərdi. İran rejimi əhalisinin yüzdə 35-nin Azərbaycan azlığından ibarət olduğu üçün separatçı düşüncələrdən qorxur. Və bacardığı qədər bölgədə Türk nüfuzunun güclənməsinə qarşı çıxır.

Üçtərəfli razılaşmanın Bakının təklif etdiyi kimi türk hərbi personalı deyil, yalnız Rusiya sülhməramlılarını əhatə etməsi Tehran üçün vacib idi. Ankaranın Cənubi Qafqazdakı rolunun artması Tehranı hiddətləndirir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin Dağlıq Qarabağda rus sülhməramlılarının yerləşdirilməsində kömək etməyə hazır olduğunu elan edən bəyanatı sübut edir.

Azərbaycana qaytarılmış işğal olunmuş yeddi bölgənin hamısı bölgədəki gərginliyin azalmasına kömək edir. Münaqişənin başlanğıcında cənubi Azərbaycanın əksər şəhərlərində nümayişlər keçirildi və sərhəd kənarındakı əhali Tehranı Bakıya fəal dəstək verməyə çağırdılar. Beləliklə, münaqişə davam etsəydi, Tehrana qarşı təzyiqlər güclənəcəkdi.

Digər tərəfdən, İranın iqtisadi maraqlarına zərər verə biləcək bir faktoru da qeyd etmək yerinə düşər. Son razılaşma Ermənistanın cənubundan Bakının tranzit dəhliz almasını nəzərdə tutur. İndiyə qədər Azərbaycandan Naxçıvana gedən yol İran ərazisindən keçirdi. Yeni dəhliz İranın Azərbaycana təsirini azaldacaq. Və Türkiyə İran və ya Gürcüstan ərazisindən keçmədən Azərbaycana giriş əldə edəcək və bu da birbaşa Orta Asiyaya çıxışı təmin edəcəkdir.

Qarabağ münaqişəsi altı həftə davam etdi və bu müddət ərzində azərbaycanlılar həlledici olmasa da, mühüm bir qələbə qazandılar. Rusiya isə  diplomatik qələbə qazandı. Və bu, Moskvanın Qafqazdakı geopolitik təsirinin göstəricisidir. Daxili təhdidlər xarici siyasətini diktə etdiyi üçün İran təcrid olunmuş vəziyyətdə qalır.

“Asharq Al-Awsat” (Səudiyyə Ərəbistanı), 7 dekabr 2020

Tərcümə etdi: KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*