11 avqust 2025-ci il tarixində Azərbaycanın Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində Türk Dövlətləri VII Türkologiya Yay Məktəbinin açılış mərasimi keçirilib. Tədbir Türk Akademiyasının təşəbbüsü ilə Qarabağ Universiteti, Türkiyə Elmlər Akademiyası (TÜBA) və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə gerçəkləşib.
KONKRET.az xəbər verir ki, açılış mərasimində Türk Akademiyasının prezidenti Şahin Mustafayev, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Türkiyə Elmlər Akademiyasının prezidenti Muzaffer Şeker, eləcə də elm və təhsil ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
11–17 avqust 2025 tarixlərində Qarabağ Universitetində keçirilən Yay Məktəbi, gənc tədqiqatçıların türkoloji sahədə elmi potensialını artırmaq, müxtəlif ölkələrdən gələn nümayəndələr arasında bilik və təcrübə mübadiləsini təşviq etmək, həmçinin müasir elmi yanaşmalar və tətbiqi tədqiqat metodlarını öyrənmək məqsədi daşıyır.
Proqrama Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti, İran, Monqolustan və Şimali Makedoniyadan olan 35 yaşadək 30 doktorant və postdoktoral tədqiqatçı qatılıb. Onlar Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan dəvət olunmuş sahə üzrə mütəxəssis alimlərin iştirakı ilə təhsil alacaqlar.
Bir həftə ərzində iştirakçılar elmi məqalə hazırlamaq, təqdimat etmək, tədqiqat qrantlarından səmərəli istifadə kimi əsas bacarıqlarını inkişaf etdirməklə yanaşı, Türk dövlətlərinin tarixi, Türk Dünyasının arxeologiyası, türk xalqlarının münasibətləri, incəsənət tarixi və fəlsəfi düşüncə, həmçinin türk ləhcələri və ədəbiyyatları ilə bağlı mövzuları araşdıracaqlar.
Türk Akademiyasının prezidenti Şahin Mustafayev açılış nitqində Qarabağın tarixi və mənəvi əhəmiyyətinə toxunaraq, Akademiyanın Türk Dünyasının elmi və mədəni irsini qorumaq və inkişaf etdirmək istiqamətində fəaliyyətlərini davam etdirdiyini bildirib. O, Türkologiya Yay Məktəbinin yalnız bilik paylaşımı üçün platforma olmadığını, həm də gənc alimlər arasında dostluq əlaqələrini gücləndirən mühüm vasitə olduğunu vurğulayıb.
Dərs və seminarlarla yanaşı, iştirakçılar musiqi və incəsənət tədbirlərində iştirak edəcək, Xankəndi və Şuşa şəhərlərinə təşkil olunacaq səfərlər zamanı bölgənin tarixi və mədəni irsi ilə yerində tanış olacaqlar.
Müşfiq Tofiqoğlu,
KONKRET.az