“Qarabağa qayıdan vətəndaşlara yalnız bu halda fərdi ev tikməyə icazə verilə bilər” – VACİB MƏQAMLARbackend

"Qarabağa qayıdan vətəndaşlara yalnız bu halda fərdi ev tikməyə icazə verilə bilər" - VACİB MƏQAMLAR

Millət vəkili Razi Nurullayev təklif edib ki, Qarabağda vətəndaşlara öz evlərini icra orqanının təklif etdiyi layihə və qanun çərçivəsində tikməyə icazə verilsin.

O, bu barədə mayın 30-da keçirilən parlamentin iclasında danışıb.

Deputat bərpa olunmalı evlərin sayının çox olduğunu və hökumətin öz üzərinə “böyük məsuliyyət və öhdəlik götürdüyünü” deyib.

Millət vəkili bu yükün ağır olduğunu qeyd edərək vətəndaşların da bu proseslərdə əsas iştirakçıya çevrilməsini istəyib.

Maraqlıdır, bu təklif nə dərəcədə effektiv və real ola bilərdi?

Mövzunu KONKRET.az-a politoloq Natiq Miri şərh edib.

Natiq Miri

“Bu cür yanaşmalar yalnız istisna hallarda mümkündür və ümumi planlaşdırılmış dövlət siyasətinə ziddir. Dövlətin əsas prioriteti evlərini, həyətyanı sahələrini, mülklərini və bütün həyatlarını itirmiş 800 minə yaxın vətəndaşın sosial təminatını və təhlükəsiz şəraitdə yurdlarına dönüşünü təmin etmək olmalıdır. İnsanlar uzun müddət ağır şəraitdə, məhrumiyyətlər içində yaşayıblar və onların təhlükəsizliyini təmin etmək dövlətin birbaşa vəzifəsi olub.
Bu səbəbdən dövlət həmin vətəndaşların yurdlarına qayıdışını təmin etməli, evlərini tikib təhvil verməli, paralel olaraq iş imkanları yaratmalıdır ki, insanlar həyatlarını bərpa edə bilsinlər,” – deyə politoloq vurğulayıb.

Fərdi tikinti ilə bağlı təkliflərə gəlincə, ekspert qeyd edib ki, bu, yalnız imkanlı şəxslər, iş adamları üçün istisna hal kimi nəzərdən keçirilə bilər:

“Belə şəxslərə gələcəkdə torpaq sahələri ayrılacağı təqdirdə və dövlətin razılığı ilə fərdi tikinti aparmaq imkanı verilməsi mümkündür.
Fərdi təşəbbüslərə geniş icazənin verilməsi nizamsızlıq yarada, dövlət tərəfindən həyata keçirilən ümumi tikinti və infrastruktur layihələrini poza bilər. Hazırda hər bir rayon üzrə konkret tikinti layihələri mövcuddur və bu layihələr su, enerji və digər təminatları da əhatə edən, dövlət səviyyəsində həyata keçirilən proqramlar çərçivəsində reallaşdırılır”.

Natiq Miri vurğulayıb ki, vətəndaşların istədiyi yerdə və istədiyi formada tikinti aparmasına icazə verilməsi nə hüquqi baxımdan, nə də planlaşdırma baxımından məqsədəuyğundur:

“Hətta bu məsələni yerli icra hakimiyyətlərinin ixtiyarına buraxmaq da doğru olmaz. Bakı və ətrafında yaranmış plansız tikililər buna bariz nümunədir.
Əgər gələcəkdə hər köçkün ailəsinə 12 sot torpaq sahəsi ayrılarsa, bu sahələrdə əkinçilik və təsərrüfatla məşğul olmaqla yanaşı, dövlət tərəfindən razılaşdırılmış layihələr əsasında evlərin fərdi şəkildə tikintisinə şərait yaradıla bilər. Bunun üçün isə ilkin şərt mövcud dövlət layihələrinin qorunması və ümumi planın pozulmamasıdır”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*