Ekologiya və ətraf mühitin mühafizəsi Azərbaycan dövlət siyasətinin əsas prioritetlərindən olduğundan müstəqilliyimizin ilk illərindən etibarən bu sahədə mühüm addımlar atılmaqdadır. Ölkəmizdə ətraf mühit problemlərinin həlli istiqamətində genişmiqyaslı işlərin görülməsi, ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş dövlət siyasəti ölkənin uzunmüddətli inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Azərbaycan hökumətinin ekoloji siyasətinin əsas mahiyyəti insanların ekoloji təmiz mühitdə yaşamasını təmin etmək məqsədilə ekosistemlərin qorunması, təbii sərvətlərdən səmərəli istifadə olunması ilə dayanaqlı inkişafın təmin edilməsi, ətraf mühitə minimal zərərli təsir, onun ilkin vəziyyətinin bərpası və qorunmasından ibarətdir.
Hazırda sadalanan istiqamətlərdə ölkəmizin ayrı-ayrı regionlarında, xüsusən erməni işğalından azad olunan ərazilərdə ekosistemin bərpası ilə əlaqədar bütün zəruri tədbirlər həyata keçirilir.
Məlumdur ki, əzəli və əbədi düşmənimiz olan Ermənistanın ölkəmizə qarşı 30 illik təcavüzü nəticəsində törədilən vandalizm aktları miqyasına görə ölçüyəgəlməz olmaqla, dövlətimizə yüzilliklər boyu vurulan ən böyük zərbədir. Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin komandanlığı ilə rəşadətli Ordumuz tərəfindən yurd yerlərimizin azad edilməsindən sonra ərazilərimizdə şahidi olduqlarımız deməyə əsas verir ki, dövlətimizə dəymiş maddi və mənəvi zərərin aradan qaldırılması hələ bundan sonra uzun zaman alacaqdır. Eyni zamanda, 30 ildən çox düşmən tərəfindən yerlə-yeksan olunmuş ərazilərin, məhv edilmiş təbii sərvətlərin, maddi-mədəniyyət abidələrinin, infrastrukturun bərpası və yenidən qurulması böyük vəsait və enerji tələb edəcəkdir. Bütün bunlara baxmayaraq, hazırda dövlətimiz tərəfindən bu istiqamətdə məqsədyönlü işlər həyata keçirilərək irimiqyaslı layihələr icra edilir.
Həmin ərazilərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən görülən silsilə tədbirlər barədə ərtaflı məlumat verən Ətraf mühitin və təbii sərvətlərin tənzimlənməsi şöbəsinin müdir müavini Raqub Mirzəyev həmin ərazilərdə aparılan monitorinqlərə uyğun olaraq atılan addımlardan danışıb:
“Erməni işğalı dövründə Şərqi Zəngəzurun və Qarabağın təbiətinə, bioloji müxtəlifliyinə, bütövlükdə regionun ekoloji durumuna ciddi ziyan vurulub, bir çox hallarda bu, ətraf mühitin deqradasiyasına gətirib çıxarıb, eləcə də təbii sərvətlərin amansız istismarı nəticəsində ekoloji tarazlıq pozulub. Bunu apardığımız monitorinqlərin nəticələri – meşələrin, xüsusi mühafizə olunan ərazilərin, çoxillik təbiət abidələrinin məhv edilməsi və mineral xammal ehtiyatlarımızın talan olunması faktları bir daha təsdiq edir. Apardığımız monitorinqlər zamanı regionda mövcud olan 260 311 hektar meşə fondunun 54 328 hektarının tamamilə məhv edildiyi, təbiət abidəsi statusuna malik olan qədim ağaclardan 113-nün kəsilərək aparıldığı, 90-cı illərə qədər ehtiyata hesablanıb və dövlət qeydiyyatına alınmış 52 yatağın istismar olunduğu və 43 020 hektar sahəsi olan xüsusi mühafizə olunan təbiət ərazilərinin meşə ilə örtülü hissəsinin 6 800 hektarının tamamilə məhv edildiyi müəyyən olunub. Eyni zamanda çaylarımız, xüsusilə də transsərhəd çaylarımız olan Bəsitçay, Bərgüşad, o cümlədən Oxçuçay daha çox çirklənməyə məruz qalıb. Ümumən bu il mütəmadi olaraq monitorinqlər aparılıb, dəymiş ziyanlar qiymətləndirilərək müvafiq qaydada sənədləşdirilib”.
Raqub Mirzəyevin sözlərinə görə, mina təhlükəsizliyi baxımından ərazilərin tam monitorinqinin aparılması mümkün olmasa da, hazırda işlər davam etdirilir və dəymiş ziyanlarla bağlı iddianın beynəlxalq hüquqi müstəvidə baxılması üçün tədbirlər görülür.
Qeyd edək ki, hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyi yalnız dəymiş ziyanların qiymətləndirilməsi və monitorinqlərin aparılması işi ilə kifayətlənmir, eyni zamanda regionda ekosistemin bərpası üçün zəruri olan tədbirləri həyata keçirir. Bu məqsədlə tədbirlər planının hazırlandığını bildirən R.Mirzəyev həmin plana uyğun olaraq aşağıdakı işlərin görüldüyünü diqqətə çatdırıb:
“İlk növbədə qeyd edim ki, regionda aidiyyəti qurumlarla radioekoloji monitorinqlər aparılıb, Füzuli, Ağdam, Zəngilan, Qubadlı və Şuşa üzrə radioekoloji xəritələr hazırlanıb və digər rayonlar üzrə nəticələr hazırda təhlil edilir. Əlbəttə, radioekoloji monitorinqlər zamanı torpaq nümunələri, su mənbələrindən su nümunələri götürülərək təhlillər aparılır. Eyni zamanda su ehtiyatları ilə bağlı Oxçuçayda və digər çaylarda çoxsaylı su nümunələri götürülərək təhlil edilib və çirklənmə dinamikası müəyyən olunub. Su ehtiyatlarının qiymətləndirilməsi məqsədilə ETSN tərəfindən 10 çay üzərində 11 hidroloji avtomat stansiyanın quraşdırılması üzrə bütün işlər texniki cəhətdən başa çatdırılıb və hazırda həmin stansiyanın quraşdırılması işlərinə başlanılaraq, cari ilin birinci rübü ərzində başa çatdırılması nəzərdə tutulub.
Bundan əlavə, Füzuli, Zəngilan, Qubadlı, Kəlbəcər və Şuşada meteoroloji stansiyaların quraşdırılması işləri aparılacaq ki, bu da regionda hidroloji müşahidələrin aparılması və proqnozlaşdırılmasına imkan verəcəkdir. Eyni zamanda, regionda bərpa-quruculuq işləri kimi mühüm əhəmiyyət kəsb edən tikinti və inşaat materialları yataqlarının monitorinqi, təftişi və qiymətləndirilməsi başa çatdırılıb. Bununla yanaşı, yeraltı şirin su ehtiyatı ilə əlaqədar monitorinqlər həyata keçirilib və bu istiqamətdə davamlı tədbirlər görülür. Həmçinin, regionda sahəsi 107 hektar olan və işğal dövründə ərazisinin yarısı məhv edilən təbii Şərq çinar meşəliyi – Bəsitçay Dövlət Qoruğunun yenidən bərpası ilə bağlı ölkə başçısının sərəncamına uyğun olaraq hazırda sərhədlərin müəyyənləşdirilməsi, inventarizasiyası və zəruri infrastrukturunun yaradılması işlərinə başlanılıb. Regionda yaşıllaşdırma tədbirləri, xüsusilə də Füzuli, Cəbrayıl, Ağdam, Şuşa, Zəngilan, Laçın, Kəlbəcər və Qubadlı ərazilərində yaşıllıq massivlərinin salınması tədbirləri də həyata keçirilir və cari ildən bu işlərin daha da intensivləşməsi nəzərdə tutulur. Eyni zamanda, İşğaldan azad olunmuş ərazilərdə 2022-2026-cı illərdə meşə fondunun bərpası proqramı hazırlanıb ki, bu proqram çərçivəsində regionda 30 min hektara yaxın meşə bərpa tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulub. Bütün bunlar isə “Böyük Qayıdış”ın gerçəkləşməsi istiqamətində atılan addımların tərkib hissəsi kimi sürətlə aparılmaqdadır”.
ETSN rəsmisi sonda işğaldan azad edilən ərazilərdə flora və faunanın qorunmasının da diqqət mərkəzində olduğunu deyib. Onun sözlərinə görə, nazirliyin Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən mütəmadi olaraq ərazilərə nəzarət edilir. Həmçinin, nazirliklə yanaşı, bir sıra xüsusi komendaturalar da bu işi daimi nəzarətdə saxlayır.
Sevinc Paşayeva,
KONKRET.az
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maddi dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” mövzusuna uyğun olaraq dərc edilir.