“Qarabağda yeni iş yerləri açılacaq” – AÇIQLAMAbackend

"Qarabağda yeni iş yerləri açılacaq" - AÇIQLAMA

Torpaqlarımız işğaldan azad ediləndən sonra Böyük Qayıdış layihəsi çərçivəsində əhalinin bu ərazilərə köçürülməsinə başlanılıb. Lakin məlum səbəblərə görə, sakinlərin işlə təmin olunması prosesi yetərincə həyata keçirilmir. Nəzərə alsaq ki, həmin ərazilərin kifayət qədər iqtisadi potensialı var, deməli, iş yerlərinin açılması, orada yaşayan əhalinin hansı işlərlə təmin olunması sual doğurur və maraqla gözlənilir. Bəs həmin ərazilərdə əsasən hansı sahələrə üstünlük verilməlidir? Həmçinin bunun hansı iqtisadi perspektivləri mövcuddur? Ümumiyyətlə, azad edilən ərazilərdə yaxın gələcəkdə yeni iş yerlərinin açılması gözlənilirmi?

“İqtisadi və Sosial Araşdırmalara Yardım” İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Eyyub Kərimli KONKRET.az-a açıqlamasında bildirib ki, ölkəmizin böyük qələbəsi və zəfəri nəticəsində artıq Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları iqtisadiyyata reinteqrasiya edilir:

“Təbii ki, bu ərazilərin gələcəkdə iqtisadi inkişafa çox böyük töhfəsi olacaq. Belə ki, proqnozlara əsasən, işğaldan azad edilən bölgələrimiz gələcəkdə 10 milyard manat gəlir formalaşdıracaq ki, bu da ümumdaxili məhsulun inkişafına təkan verəcək. Çünki həmin bölgələrin müxtəlif sahələr üzrə böyük iqtisadi potensialı var. Yəni həm kənd təsərrüfatı, həm sənaye, həm də xidmət sektorları üzrə geniş imkanlar mövcuddur”.

“Bununla yanaşı, azad edilən ərazilər turizm potensialı, heyvandarlıq, meyvəçilik, bitkiçilk, həmçinin emal sənayesi üzrə geniş imkanlara malikdir. Təkcə kənd təsərrüfatı üzrə 600 min hektar torpaq əkilib-biçilməsini gözləyir. Bu baxımdan, əlbəttə ki, həmin bölgələrin iqtisadiyyata, əmək bazarına və məşğulluğa verəcəyi töhfə danılmazdır”, – deyə ekspert vurğulayıb.

Həmsöhbətimiz əlavə edib ki, 15 oktyabrda Xankəndi və digər ərazilərimizə bayrağımız sancılıb və bu da o deməkdir ki, haqqında danışdığımız ərazilər iqtisadi baxımdan daha da inkişaf edəcək: “Artıq indidən həmin ərazilərdə azad iqtisadi zonaların, aqroparkların salınması və fəaliyyəti həyata keçirilir. O cümlədən, geniş infrastruktur layihələrinin həyata keçirilməsi, hava limanlarının salınması həmin bölgələrin ixrac potensialı və sahibkarlığın inkişafına böyük təsir edəcək. Bu baxımdan, düşünürəm ki, gələcəkdə yeni iş yerlərinin açılması daha sürətlə həyata keçiriləcək. Çünki iqtisadiyyat inkişaf etdikcə, məşğulluq da daha çox inkişaf edəcək və iş yerlərinin açılması da sürətləncək”.

“Təbii ki, dövlət də bu istiqamətdə müəyyən geniş strategiya həyata keçirir. Belə ki, azad edilən ərazilərə köçürülən və işləməyən ailələrə 600 manat vəsait ödənilir, həmçinin orada fəaliyyət göstərən işçilərin təmin olunduğu məvacib digər bölgələrdə çalışanların əməkhaqlarına nisbətən daha çoxdur. Üstəlik, həmin bölgələrdə dövlət və özəl sektorda iş yerləri açılmaqda davam edir və edəcək. Bu da iqtisadiyyatın inkişafı və əhalinin rifahına öz təsirini göstərəcək. Nəticədə iqtisadi inkişaf artdıqca, əhalinin köçürülməsi də sürətlənəcək. Əhalinin köçürülməsi isə daha böyük formada yeni iş yerlərinin yaradılmasına təkan verəcək”, – deyə Kərimli fikrini yekunlaşdırıb.

Mərahim Nəsib,

KONKRET.az

  • Perviz
    Oktyabr 17, 2023 - 21:55

    Men Laçında işleyirem. Orta Tehsilliyem. Dövlet 600 manat birdefelik muavinat verilmesi ile qerar qebul edib. Ama Bunu Ancaq Ali tehsili olanlara şamil edibler. Beyem orta tehsili olanlar ermeni vetendaşıdı? Bunu hansı geri qalmiş savadli deputatlar qerar qebul edib?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*