“ABŞ və Rusiya sülh sayəsində regionumuzda mövcudluğunu gücləndirə biləcəklərinə inanır”.
KONKRET.az xəbər verir ki, bu fikirləri Ermənistanın Böyük Britaniyadakı keçmiş səfiri Vahram Abacyan deyib.
“ABŞ və Rusiya bir-birinə zidd mövqedə olsa da, regionda sülhün hökm sürməsində maraqlıdır. Onların hər biri hesab edir ki, bu sülh sayəsində bu regionda öz varlıqlarını gücləndirəcək və siyasi məqsədlərini reallaşdıra biləcəklər.
“Sülh müqaviləsindən danışarkən qeyd edim ki, hadisələrin inkişafı göstərir ki, belə də olmalıdır. Bu məntiq yenilikdən uzaqdır və bizim qələbəmizin bir növ yarımçıq atəşkəsə çevrildiyi ilk prezidentin dövründə başlayıb. Bunlar həm böyük dövlətlərin, həm Türkiyə, həm Azərbaycan, həm də Ermənistan hakimiyyətinin xeyrinə olan qondarma sülhün əldə edilməli olduğuna dair ilk işarələr idi.
Amma bu sülhün erməni xalqının milli maraqlarına nə dərəcədə uyğun olması başqa sualdır. Əslində, bəli, bu sülh əldə edilməlidir, bu, bir ay, altı ay və ya bir ildən sonra baş verə bilər, amma razılaşmanın mahiyyəti dəyişməyəcək”, – Abacyan bildirib.
O, həmçinin qeyd edib ki, Qarabağı itirməklə Ermənistan da müstəqilliyini itirib.
“Bu gün sülh danışıqları real sülhdən daha çox demaqogiyaya bənzəyir. Məsələn, demaqogiya ilə bağlı ilk baxışda çoxlarına elə gəlir ki, kimsə həqiqəti deyir, amma dərinə getdikdə bu həqiqətdə yalan görürük. Təbii ki, yaxşı olardı ki, Ermənistanla qonşuları arasında normal münasibətlər qurulsun, iqtisadi, mədəni əlaqələr inkişaf etdirilsin. Bu, təhlükəsizliyin və sülhün ən yaxşı qarantiyası olardı, lakin bunun nəyin bahasına əldə ediləcəyi sual altındadır.
Əvvəla, bu, Qarabağın bahasına edilir və unutmaq olmaz ki, Ermənistan məhz Qarabağ hərəkatı sayəsində müstəqillik əldə edib. Qarabağı itirməklə biz müstəqilliyimizi itirmişik. Araratı tərk edib Soyqırım qurbanlarının xatirəsini ehtiramla yad edəndə hansı sülhdən danışmaq olar?
Belə çıxır ki, millətimiz hər şeydən – qürurundan, milli ləyaqətindən, əcdadlarının xatirəsindən məhrumdur. Biz milli ruhu dirçəltməli, milli ideologiyanı təbliğ etməliyik ki, bu da əsaslı konstitusiya dəyişikliklərində ifadə olunmalıdır. Təəssüf ki, mən hələ ki, bütün bunlar üçün ilkin şərtləri görmürəm”, – deyə keçmiş səfir yekunlaşdırıb.
Natiq Səlim,
KONKRET.az