Yanvarın 23-də Qırğızıstan prezidenti Sadır Japarov cinsi toxunulmazlığa qarşı cinayətlərə görə cəzanı sərtləşdirən qanunu imzalayıb.
KONKRET.az xəbər verir ki, xüsusilə ağır cinayətlər, o cümlədən zorlama ilə bağlı cinayət işlərinə tərəflər barışsa belə xitam verilməyəcək.
Qanun rəsmi dərc edildiyi gündən on gün sonra qüvvəyə minir.
Qanun layihəsinin təşəbbüskarı ölkə parlamentinin 33 üzvü olub. Qanun layihəsinin müəlliflərindən olan Elvira Surabaldiyevanın qeyd etdiyi kimi, təşəbbüs qadınların və uşaqların müdafiəsinə yönəlib.
“Qadınlar cinsi zorakılığa məruz qaldıqları halda sonradan tərəf kimi barışıqda iştirak etdiyinə görə bir çox hallarda bu cür ağır cinayətlərə xitam verilirdi. Məlum oldurdu ki, təhdid və hədə-qorxu ilə qadınlar iddialarından imtina edir və barışmağa məcbur qalırdılar. Bu baxımdan sözügedən qanunun mühüm əhəmiyyəti var”, – deyə deputat fikrini yekunlaşdırıb.
Qeyd edək ki, Qırğızıstanda cinsi toxunulmazlığa qarşı cinayət törədənlər əksər hallarda həbsdən yayınırlar. Bu arada ölkədə zorlamaların sayı ildən-ilə artır. Belə ki, 2023-cü ilin yanvar-oktyabr aylarında belə cinayətlərin sayı 1,8 dəfə artıb.
Natiq Səlim,
KONKRET.az