Qaz və işığın qiyməti müzakirəyə çıxarıldı – Qiymətlər azala bilərmi?backend

Qaz və işığın qiyməti müzakirəyə çıxarıldı - Qiymətlər azala bilərmi?

Tarif Şurasının son olaraq 2021-ci ilin 16 oktyabrında verdiyi qərara əsasən, Azərbaycanda elektrik enerjisi və təbii qazın qiyməti artıb. Şuranın qərarına görə, illik 1200 kubmetrə qədər təbii qazın hər kubmetrinin qiyməti əhali üçün 12 qəpikdən hesablanır. Əvvəllər bu, 10 qəpik idi. Yəni əhali illik 1200 kubmetrlik normanı keçdiyi halda, 1 kub metr üçün 20 qəpik, 2500 kubmetrlik limiti də aşarsa, sonrakı hər kubmetr üçün 25 qəpik ödəyir.

Elektrik enerjisinə gəlincə isə əhali üçün tarif diferensiasiyası dəyişib. İndiyədək elektrik enerjisi üçün iki ödəniş həddi olub – aylıq 300 kVts-dək (7 qəpik) və 300 kVts-dan çox (11 qəpik).

Lakin hər il qış fəsli yaxınlaşdıqca, təbii qazın və elektrik enerjisinin limitinin ləğv edilməsi məsələsi ciddi müzakirə olunur. Çünki bir çox ailələr tətbiq olunan limiti keçir, qazı və işığı yüksək qiymətlə almağa başlayırlar. Bu isə maddi vəziyyəti heç də ürəkaçan olmayan vətəndaşların büdcəsinə ciddi təsir göstərir.

Bəs təbii qazın və elektrik enerjisinin tarifi və limitin dəyişməsi nəyə əsasən hesablanır? Mövcud situasiyada limit ləğv edilə və ya qiymətlər aşağı enə bilərmi?

KONKRET.az mövzunu araşdırıb.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Aydın Hüseynov bildirib ki, əhalinin istehlak etdiyi təbii qaza görə limitlər tətbiq olunur: “Bu limitlər 1200 kub metrə qədər olan həcm üçün 12 qəpik, 1200 kub metrdən 2500 kub metrə qədər olduqda 20 qəpik, 2500 kub metrdən yuxarı olduqda isə 25 qəpiklə hesablanır. O da məlumdur ki, əsasən qış mövsümündə əhali daha çox qaz istehlak edir. Bu isə təbiidir. Çünki havaların soyuması ilə bağlı istilik sistemlərinin tətbiqi ilə əlaqədar olaraq bu limit bəzən keçilir.

Digər tərəfdən isə müvafiq qurumlar nə qədər əhalinin limiti keçməsi, bu limitin hansı həcmdə olması və.s ilə bağlı konkret məlumat əldə edə və təhlil apara bilirlər”.

Deputat onu da əlavə edib ki, bununla yanaşı, qış mövsümündə vətəndaşlar daha çox qaz istehlak etdiyi üçün məhz bu mövsümdə limitin həcmini artırmaq olar: “Yəni ümumilikdə bu mövsüm üçün diferensial yanaşma daha məqbul hesab oluna bilər”.

İqtisadiyyat üzrə fəlsəfə doktoru, iqtisadçı-ekspert Azər Mehtiyev isə hesab edir ki, hər il qış gələndə bu məsələ müzakirəyə çıxarılır, lakin nə hökumət, nə müvafiq dövlət şirkətləri, nə də bu məsələni qaldıran maraq qruplarının təmsilçiləri tərəfindən ortaya əsaslandırılmış ciddi tədqiqat qoyulduğunu görmürük: “Yəni hamı intiutiv olaraq hansısa aidiyyəti təbəqələrin maraqlarını təmsil edərək, limitlərin azaldılması məsələsindən danışır, ancaq cəmiyyət müxtəlif təbəqələrdən ibarətdir və bunların hər birinə münasibətdə bu siyasət necə həyata keçirilməlidir, ona cavab tapmalıyıq. Ümumiyyətlə, dünya təcrübəsi nədən ibarətdir? Hansı təbəqələrə münasibətdə bu limitlər necə olmalıdır? Bunun ünvanlılığı necə təmin edilməlidir? Yəni suallar çox olsa da, bu sualların heç birinin cavabını nə hökumət, nə müvafiq şirkətlər, nə də müstəqil vətəndaş cəmiyyətləri tərəfindən aparılan hər hansı bir tədqiqatda görməmişəm”.

“Təbii ki, bunu araşdırmaq biz iqtisadçıların borcudur. Amma bunu araşdırmaq üçün də müəyyən imkanlar və resurslar lazımdır. Təəssüf ki, Azərbaycanda hazırda bunu həyata keçirəcək Qeyri-Hökumət Təşkilatları, Vətəndaş Cəmiyyəti İnstitutları yoxdur. Hökumət də araşdırmalara bir o qədər maraq göstərmir. Şirkətlərin marağı isə bir şeyədir: onlar hər zaman xərcləri qiymətlərin artırılmasına əsaslandırmaq mövqeyini öndə tuturlar”, – deyə ekspert vurğulayıb.

İqtisadçı-ekspert Eldəniz Əmirov isə bildirib ki, limit məsələsi yüz ölçülüb-bir biçilməlidir: “Nəticə etibarilə proses ona hesablanır ki, məsələn, yığılmış borclardır, xərclərdir, maya dəyəridir, perspektivdəki öhdəliklədir və s. bütün bunların analizinin nəticəsi olaraq limit və vahid müəyyən edilir. Ona görə də hazırkı vəziyyətdə düşünmürəm ki, limitin aradan götürülməsi baş versin”.

“Yəni həm hökumətin indiki halda belə bir addım atacağını və qiymətlərin aşağı düşəcəyini gözləmirəm”, – deyə ekspert fikrini tamamlayıb.

Mərahim Nəsib,

KONKRET.az

  • Səməndər
    Oktyabr 18, 2023 - 04:55

    Qaz limiti çox bahadır ailəli insanlar qaz pulunu və işıq pulunu ödəməyə çətinlik çəkir çox xaiş edirəm hər kəsdən bu kasıblara hörmət edin qaz və işıq bunların limitini heç olmasa 5000 kub metr eləsək çox yaxşı olardı

    • Elnur
      Oktyabr 18, 2023 - 10:13

      Bular ehalinin xeyrine bir sey elemir her sey bizden ozumuze limit qoyur

  • Kazimli məharət
    Oktyabr 18, 2023 - 20:02

    Salam cox cetindi karta 10 manat yukliyirik 5 manati cixilir 5 manat qalir

  • Hülya
    Oktyabr 18, 2023 - 20:35

    Qaz neft ölkəsində ümumiyyətlə qazın baha olması bir yana ,qaza limit qoyulması biyabırçıliqdir! Öz ölkəmdə qazı limitsiz və ucuz etmək lazımdır, pul qazanmaq istəyirlerse ölkə xaricinə baha satın nəinki ölkə daxilində! Türkmənistanda qaz ümumiyyətlə pulsuzdur .

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*