“Qazaxın 4 kəndi dərhal qaytarılmalıdır” – MÜSAHİBƏbackend

“Qazaxın 4 kəndi dərhal qaytarılmalıdır” - MÜSAHİBƏ

Ermənistana dəstək verən qüvvələr bütün zamanlarda anti-Azərbaycan kampaniyasını davam etdirib. Həmin tendensiya bu gün də davam edir. Azərbaycanla Ermənistan arasında bağlanacaq sülh müqaviləsinə mane olan ölkələr yenə çirkin planlarını davam etdirirlər.

Məsələ ilə bağlı KONKRET.az-a müsahibə verən politoloq Qabil Hüseynli bəzi maraqlı məqamlara toxunub.

– Prezident İlham Əliyevin son müsahibəsində Qərb mövzusuna ciddi önəm verməsi geniş müzakirələrə səbəb olub. Qərb Cənubi Qafqazda maraqlarını Ermənistan üzərindən qurur. Azərbaycandan nə istəmələri isə həmişə maraq doğurur. İstəkləri nədir?

– Azərbaycan Prezidenti diplomatik formada bildirdi ki, sülh müqaviləsinin imzalanması üçün vasitəçiyə, xüsusən də Ermənistanın son zamanlar söylədiyi beynəlxalq təminata ehtiyac yoxdur. Əgər kimlərsə sülh müqaviləsinə töhfə vermək istəyirsə, etiraz etmirik. Amma bizim daxili işlərimizə qarışmasınlar. Burada həm Avropa Birliyi, həm də ABŞ nəzərdə tutulur. Bu ölkələrin əsas niyyəti Rusiyanı bölgədən çıxarmaqdır. Onlar hansı yolla olursa-olsun regiona girməyə və prosesləri nəzarətə götürməyə çalışırlar. Azərbaycan isə bununla razılaşmır. Hesab edir ki, Qərb ölkələrinin regiona ayaq açması sonradan arzuolunmaz proseslərə gətirib çıxara bilər. Ona görə də, prezidentin dediyi kimi, iki ölkə qarşı-qarşıya oturub, sülhün müddəalarını müzakirə etməli və müqavilə imzalamalıdır. Bunun üçün də nə vasitəçi, nə də hansısa dövlətin beynəlxalq təminatı lazımdır.

– Bəzi xarici ekspertlər hesab edir ki, sülh müqaviləsi bu ilin ilk yarısında imzalana bilər. Amma Ermənistanın qeyri-konstruktiv yanaşması bu mülahizələri alt-üst edir. Belə ki, ermənilərin danışıqlar prosesini pozduğunun bir neçə dəfə şahidi olmuşuq. Bu dəfə də Ermənistanın eyni yolu tutacağı proqnozlaşdırıla bilərmi?

– Ehtimal var. Ermənistan indidən beynəlxalq təminatçılar məsələsini ortaya atmaq və Azərbaycanı da narazı salmaqla sülh müqaviləsinin imzalanmasını uzatmaq istəyir. Üstəlik, tələb etmək istəyir ki, sərhəddə yerləşən qoşunlar “güzgü prinsipi” ilə geri çəkilsin və hər iki tərəf sərhədləri boşaltsın. Yalnız bundan sonra delimitasiya prosesini başlamağı təklif edirlər. Cənab Prezident də son müsahibəsində qəti surətdə bildirdi ki, Azərbaycan yerləşdiyi mövqelərdən bir metr də geri çəkilməyəcək. Bütün bunlar onu göstərir ki, ermənilər get-gedə əllərinə daha çox bəhanə keçirməyə cəhd göstərir, bununla da sülhyaratma prosesini əngəlləmək istəyirlər. Azərbaycan isə öz şərtlərini irəli sürüb və Ermənistana göndərib, bəhanələri qəbul etməyəcəyini bildirib. Ona görə də bu məsələdə də sülhyaratma prosesinə əngəllər yarada bilər.

– Cənab Prezident son müsahibəsində bildirdi ki, Azərbaycan vətəndaşları Naxçıvana maneəsiz gedib- gəlməlidirlər. Ermənistan isə bu məsələni qəbul etmir və dirəniş göstərir. Dünyada isə oxşar nümunələr çoxdur. Söhbət Rusiyanı Kalininqradla birləşdirən Belarus və Litva yolundan gedir. Həmin marşrut üzrə Rusiya vətəndaşları maneəsiz gediş-gəlişdən istifadə edirlər. Bu nümunə varsa, Meğridən keçən dəhlizdə niyə fərqlilik olmalıdır?

– Azərbaycan tam haqlıdır. 42 km məsafə qət edən Azərbaycan vətəndaşı nəyə görə yoxlanış üçün bir neçə saat vaxt itirməli, ciddi problemlərlə üzləşməlidir. Azərbaycan birmənalı olaraq bildirir ki, yüklərə görə hər hansı yoxlama aparıla bilər, amma sərnişinlərin daşınması dəhliz prinsipinə uyğun həyata keçirilməlidir. Ermənistan isə suvernlik məsələsini ön plana çəkir və bunun qəbuledilməzliyini bildirir. Ermənilər, həm dəmiryolu, həm də şosse yolunun üzərində suveren hüquqları tamamilə ələ almaq, Rusiya sərhədçilərini bu ərazidən çıxarmaq istəyirlər. Rusiya bunu qətiyyətlə rədd edir. Azərbaycan da Rusiyanı müdafiə edir.

– Anklavlar məsələsində Ermənistanın fərqli mövqeyi var. Onlar bəzi kəndləri, ümumiyyətlə, anklav hesab etmir…?

– Burada vəziyyəti mürəkkəbləşdirən səbəblər mövcuddur. Əvvəla, Ermənistan yalnız Qazaxın 3 kəndini anklav hesab edir. Onların qənaətinə görə, qalan 4 kənd Ermənistana məxsusdur. Özü də həmin kəndləri tamamilə dağıdaraq, oradan Rusiyaya gedən strateji yol inşa ediblər. Naxçıvanın Kərki kəndində eyni vəziyyətdir. Oradan da İran istiqamətində strateji yol keçir. Azərbaycan tərəfi də hesab edir ki, Qazaxın 4 kəndi dərhal, müzakirə edilmədən qaytarılmalı, digər 4 kənd isə delimitasiya və demarkasiya ilə məşğul olan komissiya tərəfindən müzakirə edilməlidir. Və Gədəbəyin Başkənd məsələsi də müzakirələrə daxil edilməlidir. Azərbaycan ermənilər tərəfindən strateji niyyətlərlə istifadə edilən ərazilərilə bağlı qəti tələblər irəli sürür ki, bu da beynəlxalq hüquq normalarına tam uyğundur. Və bu məsələnin üzərində israrla dayanır.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*