Azərbaycanda Qazaxıstana həkim və tibb bacıları qrupu göndəriləcək.
KONKRET.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev “Yeni Klinika”a yerləşdirilən yaralıların son vəziyyəti barədə jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, hazırda Qazaxıstanda üç vətəndaşımızın müalicəsi davam etdirilir.
“Həmin şəxslərin vəziyyəti orta ağırdır. Daima Qazaxıstan Səhiyyə Nazirliyi ilə əlaqədəyik. Vəziyyət nəzarət altındadır. Buna baxmayaraq, vəziyyəti tam idarə etmək üçün bu gün Azərbaycandan oraya həkim və tibb bacıları qrupu göndəriləcək. Biz beləliklə oradakı prosesləri tam tənzimləyəcəyik”, – deyə o əlavə edib.
Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.