
Qazaxstanın Kustanay vilayətinin Naurzum rayonunda həmyerlimiz Məmməd Ocaqverdiyevin xatirəsi anılıb.
KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, tədbir müxtəlif idman yarışları, konsert proqramı ilə start verilib. Məmməd Ocaqverdiyevin xatirəsini həmçinin Qazaxstan estradasının ulduzları da anıblar. Tamaşaçıların alqışlarıyla səhnəyə çıxan estrada ustaları tədbirə xüsusi rəng qatıblar. Eyni zamandan rayon sakinləri üçün yarmarkalar da təşkil edilib.
Xatırladaq ki, Məmməd Ocaqverdiyev Qazaxstana 1965-ci ildə gəlib. Burevestnik kəndində məskunlaşandan sonra böyük uğurlara imza atıb.
Yerli sakinlər onu kənd sovxozunun yaradıcısı kimi xatırlayırlar. Ustalıqdan başlayan ömür yolunun sonrakı mərhələlərində Məmməd Ocaqverdiyev təsərrüfat rəhbəri olub. Elə mərhum həmyerlimiz əməksevərliyi, idarəetmə qabiliyyətinə görə həmin regionda hələ də hörmətlə anılır, xatirəsi əziz tuturlur.
Məmməd Ocaqverdiyevin 30 illik anım gününə toplaşan yerli sakinlər həmyerlimiz haqqında xoş xatirələrini danışıblar. Vicdanlı, vətənpərvər şəxsiyyətin həyat yolu bir daha anılıb və mərhumun xatirəsi yad edilib. Qazaxstanın müxtəlif regionlarından tədbirə təşrif buyuranlar da Məmməd Ocaqverdiyevin xatirəsinin əziz tutduqlarını bildiriblər.
Azərbaycanın Qazaxstandakı səfirliyinin katibi Vüqar Əmirov tədbirdə çıxış edib və xalqlarımız arasında ümumi bağlantılara toxunub. Səfirlik nümayəndəsi Qazaxıstan və Azərbaycan arasında əlaqələrdən söhbət açıb, bildirib ki, Qazaxstandakı diaspor təşklitalarımız Azərbaycan mədəniyyətinin təbliğində mühüm işlər görüb. Münasibətlərin sonrakı mərhələlərdə də inkişaf etdirilməsi üçün əllərindən gələni əsirgəməyəcəklərini bildirən Vüqar Əmirov tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.
Daha sonra mərhum Məmməd Ocaqverdiyevin oğlu Muxtar Ocaqverdiyevə söz verilib. Atasının xatirəsini yad edən Muxtar Ocaqverdiyev tədbir iştirakçılarına təşəkkürünü bildirib. Daha sonra Məmməd Ocaqverdiyevin xatirəsinə həsr olunan tədbir idman yarışlarıyla davam etdirilib. Qaliblərə pul mükafatı və bahalı avtomobil təqdim edilib.