Qazaxıstanda tikintisi başa çatan Orta Asiyanın ən böyük məscidi olan “Böyük Nur Sultan Məscidi” istifadəyə verilib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Paytaxt Nur Sultanda inşa edilən məscidin açılış mərasimi Nursultan Nazarbayevin iştirakı ilə baş tutub.
Mərasimdə həmçinin Özbəkistan, Qırğızıstan, Monqolustan, Rusiya və Misirdən din xadimləri, müsəlman ölkələrinin Qazaxıstandakı səfirləri və çoxlu mətbuat nümayəndələri iştirak ediblər.
Nazarbayev çıxışında məscidi müstəqillik dövründə Uca Allahın rizası üçün tikdirdiyini bildirib:
“Bu məscidin ibadət üçün açılması təkcə paytaxtımız və ölkəmiz üçün deyil, həm də bütün müsəlman dünyası üçün mühüm hadisədir ”.
Nazarbayev prezident vəzifəsindən istefa verməzdən bir gün əvvəl hazırki lider Kasım-Jomart Tokayevlə məscidin təməlini atdıqlarını xatırladıb.
Açılışdan sonra məsciddə cümə namazı qılınıb.
Qeyd edək ki, təxminən 68 min kvadratmetr sahədə inşa edilən “Böyük Nur Sultan Məscidi” Orta Asiyanın ən böyük məscididir.
Məscid hər birinin hündürlüyü 134 metr olan dörd minarəsi və dörd yan günbəzi ilə uzaqdan göz qamaşdırır.
Dizayn və tikinti baxımından bir çox xüsusiyyətlərə malik olan məscid həm də dünyanın ən böyük 10 məscidi sırasındadır. Burada 35 min nəfər eyni vaxtda namaz qıla bilər.
Məsciddə 25 milyon şüşə mozaika ilə hazırlanmış Allahın 99 adının həkk olunduğu Qiblə Divarı və 1,5 milyon kristaldan hazırlanmış çilçıraq diqqət çəkir.
İqbal Rzayev,
KONKRET.az