
Qazaxıstanın paytaxtı Nur-Sultanda Beynəlxalq Türk Akademiyası tərəfindən türk xalq ədəbiyyatının klassiki Nizami Gəncəvinin anadan olmasının 880, Əlişir Nəvainin anadan olmasının 580 illiyi və Yunus Əmrənin vəfatının 700-cü ildönümü münasibətilə “Şərq bürcləri” adlı konfrans keçirilib.
KONKRET.az-ın Mərkəzi Asiya bürosunun verdiyi xəbərə görə, Qazaxıstanın Milli Akademik Kitabxanasında keçirilən konfransda Qazaxıstan Parlamenti Senatının sədri Maulen Aşimbayev, Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali, Qazaxıstan parlamentinin deputatı Sauytbek Abdrahmanov, Özbəkistanın Dövlət Mükafatı laureatı, şair, yazıçı, ictimai xadim Məhəmməd-Əli Əhmədov, Saken Seyfullin Muzeyinin direktoru Nesipbek Aitulu, “Darın” Dövlət Mükafatı laureatı Svetkali Nurjan, Bakı Milli Universitetinin professoru, tərcüməçi Ramiz Əsgərov, eləcə də digər ictimai-siyasi xadimlər, alim və ziyalılar iştirak ediblər.
Tədbir çərçivəsində Nizami Gəncəvi, Əlişir Nəvai və Yunus Əmrənin Akademiya tərəfindən nəşr olunan kitablarının təqdimatı keçirilib. Xüsusilə Nizami Gəncəvinin məşhur “Yeddi gözəl” və “Leyli-Məcnun” dastanları Tair Jarokov, Qasım Amanjolov, Jakan Sızdıkov, Dixan Əbilov, Taken Alimkulov kimi qazax xalqının görkəmli şairlərinin tərcümələri ilə tam şəkildə nəşr edilib. Unikal nəşrdə Azərbaycanın tanınmış rəssamı Fəxrəddin Əli Vəlioğlunun əsərləri də yer alıb.
Bundan əlavə, Beynəlxalq Türk Akademiyasının dəstəyi ilə görkəmli türk şairi Yunus Əmrənin əsərləri ilk dəfə ayrıca məcmuə şəklində məşhur qazax şairi Svetkali Nurjanın bədii tərcümə variantında nəşr olunub. Həmçinin, Türk Akademiyası Əlişir Nəvainin Azərbaycan dilinə tərcümə edilmiş tam şerlər toplusunu hazırlayıb. Əsərlərin Azərbaycan dilinə tərcüməsini tanınmış azərbaycanlı alim, professor Ramiz Əsgərov həyata keçirib. Bundan başqa, Akademiyanın dəstəyi ilə ilk dəfə olaraq Əlişir Nəvainin “Mühəkəmətu-l-lüğətəyn” əsəri qazax dilinə tərcümə olunub və nəşr edilib.
Tədbir çərçivəsində türk dünyasında mədəni-ədəbi əlaqələrin möhkəmlənməsində xidmətlərinə görə humanitar sahənin nümayəndələri mükafatlandırılıb. Məşhur yazıçılar Məhəmməd-Əli Əhmədov, Nesipbek Aytulı, Ramiz Əsgərov, Svetkali Nurcan “Əlişir Nəvai” qızıl medalına layiq görülüblər. Məşhur alim Torəli Kıdır Türk Akademiyasının gümüş medalının sahibi olub.
İldırım Musayev
KONKRET.az