
KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, hökumətin iclasında xarici işlər naziri Muxtar Tleuberdi qazaxıstanlı diplomatın Misirdə vəfat etdiyini şərh edib:
“İstintaqın nəticələrini gözləyirik. Hazırda intiharın bir versiyası var. Bu, bizim üçün çox kədərli bir hadisədir. O, çox savadlı bir ərəbşünasdır, uzun illər bizimlə işləyib”.
Onun sözlərinə görə, diplomatın səfirlikdə üç illik fəaliyyəti başa çatmışdı:
“Bu yay onun üç illik işgüzar səfəri başa çatıb, lakin səfirin təklifi və qanuna uyğun olaraq, səfirlikdə qalıb işləməsini daha bir il uzatdıq”.
Qazaxıstanın Misirdəki səfirliyinin əməkdaşı Elaman Joldaşovun ölümü ilə bağlı məlumat dekabrın 17-də ortaya çıxıb. Mərhumun yaxını Gülnarə Pernebekovanın dediyi kimi, faciə dekabrın 13-də baş verib. Diplomatın cəsədinin bağlı olması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil, bunu dekabrın 18-də Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov keçirdiyi brifinqdə açıqlayıb.