
Qazaxıstanlı pəhləvan Sergey Tsırulnikov tələbələr üçün ilhamverici master-klass keçib.
KONKRET.az-ın Mərkəzi Asiya bürosu xəbər verir ki, fevralın 19-da Avrasiya Milli Universitetində dünya rekordçusu, Ginnesin Rekordlar Kitabının qalibi və altıqat Qazaxıstan çempionu olan məşhur qazaxıstanlı pəhləvan Sergey Tsırulnikov ilə görüş baş tutub.
Tədbir səmimi və dostluq mühitində keçib. Sergey tələbələrə öz uğur yolu haqqında danışaraq, motivasiya prinsiplərini, məqsədyönlü olmağın və maneələri aşmağın yollarını izah edib.
“Daxili potensialın açılması” mövzusunda keçirilən master-klass zamanı idmançı maneələrin öhdəsindən gəlmək və üzərində fasiləsiz işləmək haqqında öz həyat təcrübəsini paylaşıb. O vurğulayıb ki, uğurun əsas açarı – özünəinam, nizam-intizam və əzmkarlıqdır.
Lakin tədbirin ən həyəcanverici anı Sergey Tsırulnikovun möhtəşəm güc nümayişi olub. Tələbələr onun dəmir çubuqları əyməsini, kart dəstələrini cırmasını və yalnız qollarının gücü ilə ağır əşyaları qaldırmasını heyranlıqla izləyiblər.
Şoudan sonra Sergey tələbələrlə söhbət edib, onların suallarını cavablandırıb və özünüinkişaf haqqında dəyərli məsləhətlər verib. İştirakçılar görüşün çox ilhamverici olduğunu və onlara yeni nailiyyətlər üçün güc verdiyini qeyd edilbər.
Sergey Tsırulnikovun master-klası universitet üçün əlamətdar hadisəyə çevrilib, tələbələrdə parlaq təəssüratlar yaradıb və onları yeni zirvələrə ruhlandırıb.