“Biz öz tariximizi sevməliyik, onu dərindən öyrənməliyik və beynəlxalq ictimaiyyətə təqdim etməliyik”.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Qəbələ tarix diyarşünaslıq muzeyinin xatirə kitabına qeydindən.
Qəbələ, 18 avqust, 2005-ci il
Miladdan əvvəl V-IV əsrlərdən başlayaraq əvvəlcə ölkənin iqtisadi və mədəni həyatında, daha sonra isə həm də siyasi həyatında çox mühüm rol oynayan, eramızın I əsrindən etibarən yazılı mənbələrdə adı çəkilən Qəbələ qədim Azərbaycan dövləti olan Albaniyanın ilk paytaxt şəhəri olub. Alban hökmdarlarının baş iqamətgahı orada yerləşib. I əsr müəllifi Böyük Pilininin “Təbii tarix” əsərində “Kabalaka”, II əsr müəllifi Klavdi Ptolemeyin “Coğrafiya dərsliyi” əsərində “Xabala” kimi adı çəkilən Qəbələnin adı orta əsr mənbələrində də tez-tez xatırlanıb.
70 hektardan çox ərazini əhatə edən qədim Qəbələ şəhərinin qalıqları Qəbələ rayonunun Çuxur Qəbələ kəndi yaxınlığında yerləşir. Xatırladaq ki, qədim şəhər yeri Qala, Səlbir və Güllütala adı ilə bəlli olan üç əsas hissədən ibarətdir. Qaraçayla Qoçalan çayları arasında Antik Qəbələ adı ilə tanınan Güllütala ərazisində görkəmli Azərbaycan arxeoloqu professor İ.A.Babayevin rəhbərliyi ilə aparılmış uzunmüddətli tədqiqatlar nəticəsində e. ə. IV əsrdən başlayaraq eramızın I əsrinin sonlarınadək intensiv şəhər həyatı olduğu sübuta yetirilmişdir. Şəhərin Səlbir adlanan hissəsində I-X əsrlərə, Qala ərazisində I-XVII əsrlərə aid bir neçə metr qalınlığında zəngin mədəni təbəqə olduğu müəyyən edilmişdir. Güllütala adlanan antik şəhər yerində həyat kəsildikdən sonra Səlbir və Qalada həyat başlanıb. X əsrdən etibarən isə şəhərin ancaq Qala hissəsində həyat davam edib.
1926-cı ildən başlayaraq Qəbələdə davamlı olaraq arxeoloji tədqiqatlar aparılır. 2009-cu ildən etibarən Azərbaycan arxeoloqları ilə yanaşı, Cənubi Koreya alimləri də Qəbələ tarixinin arxeoloji cəhətdən araşdırılmasında bilavasitə iştirak edirlər. Çoxillik və genişmiqyaslı tədqiqatlar nəticəsində qədim paytaxt şəhərinin tarixinin bir sıra çox mühüm istiqamətlərinə dair, o cümlədən Qəbələnin ən azı eramızdan əvvəl V əsrdən etibarən şəhər kimi mövcudluğunu təsdiqləyən zəngin tapıntılar əldə olunub. Bu tapıntılar Azərbaycanın qədim dövlətçilik tarixinin və şəhər mədəniyyəti ənənələrinin dərindən və hərtərəfli öyrənilməsi baxımından son dərəcə mühüm əhəmiyyət kəsb edir.
Fikrimizcə, Qəbələnin tarixinin bundan sonra da davamlı olaraq dərindən və hərtərəfli araşdırılması, onun 2500 illiyinin rəsmi səviyyədə qeyd olunması və geniş təşviqi bütövlükdə qədim Azərbaycan dövləti olan Qafqaz Albaniyasının timsalında xalqımızın şanlı dövlətçilik ənənələrinin yaşadılması və təbliği baxımından son dərəcə aktual səslənir. Qəbələnin 2500 illiyinin rəsmi dövlət səviyyəsində qeyd olunması həm də dövlətçilik tariximizin, xüsusən də Qafqaz Albaniyası tarixinin saxtalaşdırılması istiqamətində erməni və ermənipərəst dairələrin uzun illər ərzində, həm də bütün platformalarda, özü də ən çirkin vasitə və üsullardan istifadə etməklə aparmaqda olduqları mənfur təbliğatın ifşası baxımından da önəmli bir addım olardı.
Tədqiqatlar zamanı Antik şəhəryerindən tapılmış olan e.ə. VII-VI əsrlərə aid çoxsaylı maddi mədəniyyət qalıqları da elə Qəbələnin daha erkən tarixə malik olduğundan xəbər verir. Qəbələnin yaşını və dövlətçilik tariximizdəki yerini müəyyənləşdirmək baxımından Antik Qəbələ adı ilə tanınan ərazidə aparılan arxeoloji tədqiqatlar zamanı aşkar olunmuş bir neçə çox mühüm ictimai bina qalığını xüsusi olaraq qeyd etmək istərdik. Bunlardan birincisi, ötən əsrin 60-70-ci illərində aşkar olunan və sahəsi 587 kvadratmetr olan ictimai binanın qalıqlarıdır. Bünövrə hissəsi çay daşı, divarları çiy kərpiclə hörülmüş bu binanın üstü iri ölçülü saxsı kirəmitlərlə örtülüb. Xatırladaq ki, iri ölçülü saxsı kirəmitlərlə örtülən belə nəhəng ictimai bina o dövr üçün nəinki Cənubi Qafqaz, bütövlükdə Avrasiya məkanı üçün nadir tikinti hesab olunurdu.
Sonralar Antik Qəbələdə tədqiqatlar davam etdirilərkən daha bir neçə möhtəşəm tikili də aşkar olundu. Qədim Yunanıstandakı ippodromları, Roma anfiteatrları və Misirin İskəndəriyyə şəhərindəki məktəb binalarını xatırladan üç ədəd oval formalı nəhəng tikinti xüsusi olaraq böyük maraq doğurur. Məlumat üçün bildirək ki, hələlik nə Qafqazda, nə də Yaxın və Orta Şərqdə antik dövrə aid bunlara bənzər tikili qalıqları tapılmamışdır.
Antik Qəbələnin alt mədəni təbəqəsi öyrənilərkən orada e.ə. IV-III əsrlərə aid çox nəhəng ərzaq anbarının qalıqları aşkar olunub. Anbarda 200 ədəddən çox irihəcmli təsərrüfat küpü sıra ilə boğaz hissəyə qədər yerə basdırılmışdır. Tədqiqatçıların fikrincə, həmin küplərdə əvvəlcə çaxır, daha sonra qoz, fındıq və taxıl saxlanılmışdır. Buradan da belə nəticə hasil olur ki, qəbələlilər indi olduğu kimi, 2500 il bundan əvvəl də taxılçılıq, heyvandarlıq, bağçılıq, üzümçülük və şərabçılıqla məşğul olmuşlar. Maraqlıdır ki, Cənubi Qafqazın digər yerlərində hələlik buna bənzər abidə aşkar edilməyib. Belə nəhəng ərzaq anbarının mövcudluğu, sözsüz ki, Qəbələnin hələ e.ə. IV əsrdə böyük şəhər olduğundan xəbər verir. Çünki belə ümumşəhər əhəmiyyətli nəhəng ərzaq anbarları yalnız və yalnız böyük şəhərlərdə ola bilərdi. Təbiidir ki, belə böyük şəhərlər heç də birdən birə formalaşmayıb. Deməli, Qəbələnin də e.ə.IV əsrdə olduğu kimi böyük və əzəmətli şəhərə çevrilməsi üçün ən azı bir əsr vaxt keçməli idi. Bu isə məntiqi baxımdan qədim paytaxt şəhərimizin ən azı 2500 il yaşa malik olduğunu söyləməyə əsas verir.
Antik Qəbələdə axtarışlar zamanı iri tikintilərlə yanaşı, şəhərin təsərrüfat, məişət və mədəni həyatını əks etdirən çoxsaylı digər maddi mədəniyyət qalıqları da aşkar olunmuşdur. Tapıntılar içərisində rəngarəng çeşidli keramika məmulatı, nəfis bəzək əşyaları, Roma, Parfiya və Albaniyada kəsilmiş gümüş pullar, Gürcüstanda zərb olunmuş qızıl pul, ticarət və mədəni əlaqələr yolu ilə gətirilmiş nadir əşyalar da tapılmışdır. Şəhər yaxınlığında tapılmış dəfinələrdən birində isə 700-dən çox gümüş sikkə qeydə alınmışdır. Dəfinədəki ən qədim gətirilmə sikkələr Makedoniyalı İskəndərin draxmaları və Frakiya çarı Lisimaxın tetradraxmalarıdır. Gətirilmə sikkələrin böyük bir qismi e.ə. 187-129-cu illərdə hakimiyyətdə olmuş Selevki hökmdarlarının tetradraxmalarıdır. Dəfinədəki sikkələr arasında bir neçə Parfiya sikkələri və 5 Yunan-Baktriya tetradraxması da qeydə alınıb. Dəfinədəki yerli alban pullarından 3-ü Selevki tetradraxmalarına, 500-dən çoxu Makedoniyalı İskəndərin draxmalarına bənzədilməklə zərb olunub. Həmin tapıntılar sübut etdi ki, bəzi antik müəlliflərin guya albanların pul tanımadığı və yalnız natural mübadilə vasitəsilə həyat sürdüyü barədə yazdıqları həqiqət deyil. Başqa sözlə, albanlar, nəinki pul tanıyırdı, hətta özlərinin zərb etdiyi pullar da kifayət qədər idi. Bütün bunlar isə Antik dövrdə Qəbələdə kifayət qədər yüksək inkişaf səviyyəsi ilə səciyyələnən izdihamlı şəhər həyatı olduğundan xəbər verir.
Qəbələ Antik dövrdə olduğu kimi, orta əsrlərdə də çox mühüm ticarət və sənətkarlıq mərkəzi olaraq qalmaqda idi. Arxeoloji qazıntılar zamanı tapılmış zəngin maddi mədəniyyət nümunələri orada daşişləmə, metalişləmə, sümükişləmə, ağacişləmə, dulusçuluq, şüşə istehsalı, zərgərlik, boyaqçılıq, dabbaqlıq, toxuculuq və bir sıra digər sənət sahələrinin geniş inkişafından xəbər verir. Bütün bunlar Qəbələnin orta əsrlərdə həm də ətraf yaşayış məntəqələrinin əhalisinin sənətkarlıq məhsullarına olan ehtiyaclarını ödəyən çox mühüm ticarət və sənətkarlıq mərkəzi olduğuna dəlalət edir.
Maraqlıdır ki, tədqiqatlar zamanı Qəbələnin Qala və Səlbir ərazilərində də Antik dövrə aid tapıntılar aşkar olunmuşdur. Məsələn, 1974-1978-ci illərdə Səlbirin cənub-qərb küncündə tədqiqat aparılarkən orada eradan əvvəl I əsrə aid çay daşından inşa edilmiş möhtəşəm qala bürcü aşkar edilmişdir. Hündürlüyü 14 metr olan və XI əsrədək şəhərin müdafiə sisteminə xidmət etmiş bu düzbucaq formalı bürc yonulmuş çay daşı və əhəng məhlulu ilə tikilib, daha sonra səliqə ilə yonulmuş tuf daşdan üzlük vurulub. Qeyd olunan bürcdən bir qədər şimal tərəfdə tədqiqatlar davam etdirilərkən isə e.ə. I əsrə aid edilən, uzunluğu 35 metr, hündürlüyü 1 metr, qalınlığı 2,4 metr olan daha bir divar qalığı aşkar olunmuşdur.
2008-2009-cu illərin tədqiqatları zamanı isə şəhərin Qala adlanan ərazisinin cənub-şərq tərəfində, Govurlu çayının kənarında da e.ə. I – birinci eranın I əsrlərinə aid qala divarının qalıqları aşkar olunub. 2010-cu ildə Cənubi Koreyadan olan mütəxəssislər şəhərin Səlbir ərazisinin şimal və qərb kənarlarında da analoji divar qalıqları üzə çıxarıblar. Bu tapıntılar bir daha deməyə əsas verir ki, Albaniyanın baş şəhəri olan Qəbələnin adının Antik mənbələrdə çəkildiyi dövrdə Səlbir və Qala ərazisində ətrafı möhtəşəm qala divarları ilə möhkəmləndirilmiş şəhər mövcud olub.
Bəzi tədqiqatçılar paytaxtın (əslində isə mərzbanın iqamətgahının) Bərdəyə köçürülməsini 461-ci ildə Sasanilər tərəfindən mərzbanlıq üsul-idarəsinin tətbiqi nəticəsində ölkənin iqtisadi və siyasi həyatında Qəbələnin mövqeyinin zəifləməsi ilə əlaqələndirməyə səy ediblər. Halbuki bu cür düşünmək üçün heç bir ciddi elmi əsas yoxdur. Yəni çoxillik arxeoloji tədqiqatlar göstərir ki, Qəbələdə V əsrdən sonra da intensiv şəhər həyatı davam edib. Şəhərin Qala və Səlbir hissəsində aşkar edilən ən möhtəşəm tikintilər, o cümlədən bu günədək öz əzəmətini qoruyub saxlayan cənub qala divarları və bürcləri də məhz V əsrdən sonrakı dövrdə müxtəlif ölçülü bişmiş kərpiclərdən istifadə olunmaqla əsaslı şəkildə yenidən inşa edilib. Arxeoloji materialların təhlili göstərir ki, V əsrdən sonrakı dövrdə Qəbələnin dünyanın bir çox ölkələri və iri ticarət mərkəzləri ilə mədəni-iqtisadi əlaqələrinin miqyası da nəzərəçarpacaq dərəcədə genişlənib. Şəhər xarabalıqlarında və onun ətrafında aparılan tədqiqatlar zamanı tapılmış çoxsaylı sikkələr, Çindən, İrandan, Roma imperiyasından gətirilmiş rəngarəng çeşidli maddi mədəniyyət nümunələri də bunu təsdiq edir.
Xatırladaq ki, IV-VII əsrlərdə Qəbələnin ticarət əlaqələrində daha çox Sasani pullarından istifadə olunub. VIII əsrdən başlayaraq şəhərin ticarət dövriyyəsində ərəb pullarının xüsusi çəkisinin artdığı müşahidə olunur. Bunlarla yanaşı, Qəbələ və onun ətrafından çoxsaylı yerli pullar da tapılmışdır. Bu isə Qəbələnin Albaniyanın digər şəhərləri və şəhər tipli iri yaşayış məntəqələri ilə olan qızğın ticarət əlaqələrinin mövcudluğuna dəlalət edir. Bütün bunlar onu göstərir ki, Sasani mərzbanının iqamətgahının Bərdəyə köçürülməsi heç də Qəbələnin ölkənin əsas şəhəri olmaq funksiyasını itirməsinin nəticəsi kimi izah oluna bilməz. Əksinə, həm yazılı mənbələr, həm də arxeoloji tədqiqatların nəticələri Qəbələnin V əsrdən sonrakı dövrdə də intensiv inkişafından, ölkənin iqtisadi, mədəni və siyasi həyatında onun daha fəal iştirakından xəbər verir. Elə isə mərzbanlığın mərkəzi hansı zərurət nəticəsində ölkənin əsas şəhərindən aran ərazidə yerləşən Bərdəyə köçürülüb? Fikrimizcə, bu, hər şeydən öncə, Mehranilərin timsalında Girdiman vilayətinin hərbi-siyasi cəhətdən güclənməsi və faktiki olaraq onun Sasani İranından asılı olmaması ilə əlaqədardır. Bütün bunlar bir daha ona dəlalət edir ki, 461-ci ildə Azərbaycan dövləti olan Albaniyanın paytaxtı deyil, sadəcə Sasani mərzbanının iqamətgahı Qəbələdən Bərdəyə köçürülüb.
Qəbələ ayrı-ayrı tarixi dövrlərdə Sasani və Bizans imperiyaları, Ərəb xilafəti və Xəzər xaqanlığı ordularının, habelə şimaldan köçərilərin Albaniya ərazilərinə olan dağıdıcı hücum və basqınları zamanı dəfələrlə çox ciddi dağıntılara məruz qalıb. Monqolların, Teymurilərin və Qızıl Orda birləşmələrinin Albaniyaya olan yürüşləri və ərazidə baş vermiş hərbi toqquşmalar zamanı Qəbələyə dəfələrlə çox ciddi ziyan dəyib. Lakin bütün bu dağıntılara baxmayaraq, şəhər yenidən dirçələrək XVIII əsrin əvvəllərinədək ölkənin iqtisadi, siyasi, hərbi, dini və mədəni həyatında mühüm rol oynamaqda davam edib.
Əfsuslar olsun ki, Azərbaycan Çar Rusiyası və Sovet imperiyasının tərkibində olduğu illərdə də Qəbələ dəfələrlə çox ciddi dağıntılara məruz qalıb. Sovet hakimiyyətinin ilk illərində şəhərin cənub qala divarları rus hərbçiləri tərəfindən partladılıb. 1977-ci ildə Qəbələ radiolokasiya stansiyası tikilərkən milliyyətcə erməni olan mütəxəssislər tərəfindən yüksək gərginlikli elektrik xəttinin bilavasitə qədim şəhər ərazisindən keçməsi layihələşdirilib. Arxeoloq alimlərin ciddi etirazlarına baxmayaraq, şəhər ərazisinə ağır texnika gətirilərək orada bir neçə yerdə elektrik dirəkləri üçün yer qazılıb, beləliklə də qədim şəhər növbəti dəfə çox ciddi dağıntı qarşısında qalıb. Lakin ümummilli lider Heydər Əliyev Qəbələ ətrafında baş verənləri dərindən araşdıraraq, məsələni Azərbaycan KP MK-nın büro iclasının müzakirəsinə çıxarmaq barədə tapşırıq verib. Ulu öndərin tapşırığı ilə təşkil olunmuş Hökumət Komissiyasının hazırladığı arayış Mərkəzi Komitənin 17 yanvar 1978-ci il tarixli iclasında geniş müzakirə olunub və abidənin qorunmasına laqeyd münasibət göstərən şəxslər ciddi qaydada cəzalandırılıb, az sonra isə Qəbələ respublika hökumətinin qərarı ilə Dövlət qoruğu elan olunub. Şəhəri sel sularının dağıdıcı təsirindən xilas etmək məqsədilə beton bəndlər tikilib. Ölkə rəhbərliyinin birbaşa qayğısı sayəsində Qəbələdə arxeoloji tədqiqatların yeni mərhələsi başlanıb.
Ötən əsrin 80-ci illərinin ortalarından başlayaraq ölkədə hökm sürən xaos və hərc-mərclik zamanı Azərbaycanın digər yerlərində olduğu kimi, Qəbələdə də arxeoloji tədqiqatlar dayandırılıb. Yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra orada yenidən elmi axtarışlara start verilib.
Minnətdarlıq hissi ilə bildiririk ki, Azərbaycan dövlətinin hərtərəfli diqqət və qayğı sayəsində qədim paytaxt şəhərimiz olan Qəbələ bu gün Cənubi Qafqazın ən geniş və ən müasir arxeoloji tədqiqatlar laboratoriyasına çevrilib. Ölkə Prezidenti cənab İlham Əliyevin xeyir-duası ilə 22 sentyabr 2014-cü ildə açılışı olan Qəbələ Arxeoloji Mərkəzi uğurla fəaliyyət göstərməkdədir. Qəbələ beynəlxalq arxeoloji ekspedisiyası şəhər ərazisinin ayrı-ayrı yerlərində tədqiqatları uğurla davam etdirir. Arxeoloji cəhətdən öyrənilən sahələr üzərinin örtülərək onların müasir beynəlxalq standartlar səviyyəsində konservasiya istiqamətində mühüm işlər görülməkdədir. Qəbələ Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, Qədim İpək Yolu üzərində yerləşən bu tarixi məkanın hər bir guşəsində ən müasir xidmət infrastrukturlarının mövcudluğu, yeni salınmış yollar, körpülər və istirahət ocaqları təbiəti etibarı ilə Cənubi Qafqazın mirvarisi olan qədim Qəbələni daha da cazibədar edib. Azərbaycan Respublikası Prezidentinin sərəncamları, göstərişləri, qayğı və tövsiyələrinə uyğun olaraq həyata keçirilən tədbirlər sayəsində son illər qədim Qəbələ ilə müasir Qəbələnin qeyri-adi, özü də son dərəcə uğurlu harmoniyası timsalında Cənubi Qafqazda həm də insanları getdikcə daha çox özünə cəlb edən ecazkar arxeoloji-turizm mərkəzi formalaşıb.
Səkkiz yüz ildən artıq bir müddət ərzində qədim Azərbaycan dövləti Albaniyanın baş şəhəri – paytaxtı olmuş Qəbələ ən azı 2500 ildir ki, dövlətçiliyimizin zəngin və şərəfli tarixini özündə yaşadır. Fikrimizcə, Qəbələnin tarixinin bundan sonra da davamlı olaraq dərindən və hərtərəfli araşdırılması, onun 2500 illiyinin rəsmi səviyyədə qeyd olunması və geniş təşviqi bütövlükdə qədim Azərbaycan dövləti olan Qafqaz Albaniyasının timsalında xalqımızın şanlı dövlətçilik ənənələrinin yaşadılması və təbliği baxımından son dərəcə aktual səslənir. Qəbələnin 2500 illiyinin rəsmi dövlət səviyyəsində qeyd olunması həm də dövlətçilik tariximizin, xüsusən də Qafqaz Albaniyası tarixinin saxtalaşdırılması istiqamətində erməni və ermənipərəst dairələrin uzun illər ərzində, həm də bütün platformalarda, özü də ən çirkin vasitə və üsullardan istifadə etməklə aparmaqda olduqları mənfur təbliğatın ifşası baxımından da önəmli bir addım olardı.
Xüsusi olaraq KONKRET.az üçün